İtaliyanın “Yuventus” klubu yarımmüdafiəçisi Artur Melo ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, Braziliyadan olan futbolçu İngiltərənin “Liverpul” klubuna keçib.
Premyer Liqa təmsilçisi 26 yaşlı oyunçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. “Liverpul” bir illik icarə üçün Turin klubuna 4.5 milyon avro ödəyəcək. Futbolçunun birdəfəlik transferi üçün isə daha 37.5 milyon avro ödəmək lazım gələcək.
“Yuventus” Arturu 2020-ci ilin sentyabrında “Barselona”dan 76 milyon avroya transfer etmişdi. Braziliya yığmasının üzvü İtaliya təmsilçisində 63 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Qremio”nun yetirməsi olan, 3 il məhz bu klubun əsas komandasında oynadıqdan sonra 2018-ci ildə “Barselona”ya üz tutan Melo, Braziliya millisində də 22 oyuna 1 qol vurub.
“Yuventus” digər dayaq yarımmüdafiəçisi Denis Zakariyanı da İngiltərənin “Çelsi” klubuna icarəyə verib. İsveçrədən olan futbolçu da satınalma şərti ilə icarəyə götürülüb. London klubu bu keçidə görə turinlilərə 3 milyon avro ödəyib. Bonuslarla bu məbləğ 4 milyona çata bilər. “Çelsi” Denisin transfer hüquqlarını da almaq istəsə, italyanlara daha 28 milyon avro ödəməli olacaq.
İtaliya nəhəngi Denis Zakariyanı bu ilin yanvarında Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubundan 8.6 milyon avroya almışdı. O, Turin təmsilçisinin heyətində cəmi 15 oyuna çıxıb və 1 qol vurub. İsveçrə yığmasının üzvü daha öncə “Servett” və “Yanq Boyz” klublarının da formasını geyinib. O, millidə 40 oyuna 3 qola imza atıb.
“Yuventus”un daha bir yarımmüdafiəçisi – Marko Pyatsa da “Empoli”yə icarəyə verilib. 27 yaşlı vinger də mövsümün sonuna kimi icarədə olacaq. 2016-cı ildə Zaqreb “Dinamo”sundan 30 milyon avroya alınmış xorvatiyalı futbolçu Turin klubunda cəmi 21 oyuna çıxıb və 1 qol vurub. O, daha öncə “Şalke”, “Fiorentina”, “Anderlext”, “Cenoa” və “Torino”da da icarədə oynayıb. Vətənində Zaqrebin digər təmsilçisi “Lokomotiva”da da oynamış yarımmüdafiəçi, Xorvatiya yığmasında 24 oyuna çıxıb, cəmi 1 qola imza atıb.