İtaliyanın “Roma” klubu yarımmüdafiəçisi Castin Kluyvert ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Niderlanddan olan vingeri İspaniyanın “Valensiya” klubuna icarəyə verib.
La Liqa klubu 23 yaşlı futbolçunu satınalma şərti ilə icarəyə götürüb. “Yarasalar” buna ehtiyac duysalar, gələn yay “canavarlar”a 15 milyon avro ödəməlidirlər.
Castin Kluyvert 2018-ci ildə yetirməsi olduğu “Ayaks”dan 17.25 milyon avro qarşılığında İtaliya klubuna keçmişdi. O, bu komandanın heyətində 68 oyuna çıxıb və 9 qol vurub. Niderlandlı oyunçu son iki mövsümü Almaniyanın “Leypsiq” və Fransanın “Nitsa” klublarında icarədə keçirib. O, Niderland yığmasında da 2 oyuna çıxıb.
“Roma” gənc müdafiəçisi David Bua ilə də vidalaşıb. 21 yaşlı italyan futbolçu “Recina”ya transfer olunub. Paytaxt klubunun bu keçiddən nə qədər qazandığı açıqlanmır. Mərkəz müdafiəçisi son iki mövsümü “Kozentsa” və “Teramo” klublarında icarədə keçirib.
Kluyverti heyətində qatan “Valensiya” Almaniyanın “Leypsiq” klubundan da İlayş Moribanı icarəyə götürüb. 19 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi La Liqa klubunda forma geyinəcək. Bundesliqa təmsilçisi Qvineyadan olan bu oyunçunu 2021-ci ilin avqustunda yetirməsi olduğu İspaniya “Barselona”sından 16 milyon avroya transfer etmişdi. “Valensiya” Moribanı bu ilin yanvarında da icarəyə götürmüşdü. 19 yaşlı futbolçu bu komandada 18 oyuna çıxsa da, fərqlənə bilməmişdi. Qvineya yığmasında 8 oyun keçirmiş futbolçu, “Leypsiqd”ə də 6 oyuna çıxıb.
“Valensiya” öz oyunçularından Manu Valyexo ilə də yollarını ayırıb. 25 yaşlı vinger azad agent kimi La Liqanın digər təmsilçisi “Jirona”ya keçib. İspan futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “Kadis”in yetirməsi olan Valyexo, 2019-cu ildə 5.5 milyon avro qarşılığında “yarasalar”ın üzvünə çevrilmişdi. O, bu komandada 76 oyun keçirib, 13 qol vurub. “Valensiya” onu “Kadis” və “Alaves”ə icarəyə də verib.
Bu yay “Valensiya”dan ayrılan Denis Çerışevin də yeni iş yeri müəyyənləib. Rusiyadan olan 31 yaşlı futbolçu azad agent kimi İtaliyanın “Venetsiya” klubuna keçib. O, sözügedən klubla 2 illik müqavilə bağlayıb. İspaniya klubu Çerışevi 2019-cu ilin yayında “Vilyarreal”dan 6 milyon avroya transfer etmişdi. O, bu komandada 73 oyuna 4 qol vurub. Madrid “Real”ının yetirməsi “Vilyarreal”la yanaşı, “Sevilya”da da forma geyinib. Yarımmüdafiəçi Rusiya yığmasında 33 oyuna 12 qol vurub.
“Valensiya” yarımmüdafiəçisi Uroş Raçiçi də Portuqaliyanın “Braqa” klubuna icarəyə verib. Serbiyalı futbolçu 2023-cü ilin 30 iyununa kimi Portuqaliyada çıxış edəcək. O, daha öncə “Tenerife” və “Famalikan” klublarında da icarədə olub. “Srvena Zvezda”nın yetirməsi “Valensiya”da cəmi 68 oyuna çıxıb, 2 qol vurub. 24 yaşlı yarımmüdafiəçi Serbiya yığmasında da 8 oyun keçirib.