“Səbail”in futbolçusu Samir Abdullayev klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan milllisi ilə 5-ci İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanması və “dənizçilər”in heyətində debüt oyununu keçirməsi ilə bağlı fikirlərini bildirib:

– Öncə millimizin heyətində 5-ci İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmağın münasibəti ilə səni təbrik edirəm və bununla bağlı fikirlərini öyrənmək istəyirəm. Konya toplanışı sənin üçün necə keçdi?
– Beynəlxalq arenada ilk uğurum idi. Nəticə məni çox sevindirdi. Turnir bizim üçün çox çətin mübarizə şəraitində keçdi. Hava şəraiti futbol oynamaq üçün əlverişli deyildi. Bütün bunlara baxmayaraq, əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Bu nəticəyə komanda yoldaşlarımın əzmkarlığı və məşqçilərin inamı ilə nail olduq. Turnirin bürünc medalları uğrunda rəqibimiz Əlcəzair millisi idi. Qarşılaşma gərgin və maraqlı keçdi. Hər iki tərəf medal qazanmaq uğrunda əzmkar mübarizə apardı. Bunun nəticəsi idi ki, görüşün əsas vaxtında qalib müəyyənləşmədi və penalti seriyasına ehtiyac duyuldu. Şükürlər olsun ki, penaltiləri daha dəqiq yerinə tərəf biz olduq və Konyadan bürünc medallarla geri döndük.

– Millinin düşərgəsində olduğundan Premyer Liqanın 3 turunda iştirak edə bilmədin. Debütün “Kəpəz”lə oyunda gerçəkləşdi və komanda bu matçdan qələbə ilə ayrıldı. “Səbail” formasında keçirdiyin ilk qarşılaşma ilə bağlı təəssüratlarını bilmək istəyirəm.
– 14 ildir ki, “Şamaxı”dayam. İlk dəfə fərqli klubda, fərqli komanda ilə çıxış etdim. Buna görə bir az qəribə hisslər yaşadım. Lakin komandamızdakı ab-hava o qədər möhtəşəmdir ki, özümü heç yad hiss etmirəm. Sanki uzun müddətdir “Səbail”dəyəm. Bunun səbəbi komanda yoldaşlarımın və məşqçilərimizin uyğunlaşma prossesində mənə verdikləri dəstəkdir. Hər birinə öz təşəkkürümü bildirirəm.

– Rafael Məhərrəmli ilə bağlı nə deyə bilərsən? Onunla yenidən komanda yoldaşı olmağının sənin üçün nə kimi müsbət tərəfləri var?
– Təbii ki, ilk gəldiyim günlər Rafaelin mənə çox köməyi oldu. Amma indi Rafellə necəyəmsə, digər komanda yoldaşlarımla da eləyəm. Qaldı ki, Rafaellə yenidən eyni formanı geyinməyimə, sadəcə onu deyə bilərəm ki, bu, mənim üçün fəxrdir!

– Özünü bir mərkəz yarımmüdafiəçisi kimi necə xarakterizə edirsən?
– Gənc olduğuma görə, sabit bir mövqeydə çıxış etmirəm. Oyun planına uyğun dəyişikliklər olur. Amma əsas mövqeyim mərkəz yarımmüdafiəçisidir. Hansı mövqedə oynamağımdan aslı olmayaraq, mənim üçün vacib olan verilən tapşırıqların üzərindən layiqincə gəlməkdir.

– Son olaraq azarkeşlərimizə nə demək istəyirsən?
– Azarkeşlərimizə bizə hər oyunda göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu dəstəyə layiq olmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Buna əmin olsunlar və bizi dəstəkləməyə davam etsinlər.

Shares: