Hər il avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb iddialı çıxışı ilə yadda qalmasa belə, sabitliyi ilə diqqət çəkən klublar yetərincədir. Məsələn, Şərqi Avropada Zaqreb “Dinamo”su, “Partizan”, “Srvena Zvezda”, “Olimpiakos” və daha bir neçə klub demək olar ki, hər il qitə kuboklarında iştirak edir. Hələ postsovet məkanında “Şaxtyor” və “Zenit” kimi komandaların da adını çəkmək mümkündür. Bu mənada “Qarabağ”ı da siyahıya əlavə etmək olar.
Adətən müntəzəm olaraq avrokubokların qrup mərhələlərində iştirak edən komandalar həm də “donor” funksiyalarını icra edir. Yəni, bu komandaların heyətində diqqət çəkən oyunçular Avropanın digər aparıcı ölkələrinin klublarının “toruna düşür”. Doğrudur, belə vəziyyətdə həmin klublar oyunçularını itirdiyinə görə zəifləyir, lakin maliyyə baxımından xeyli irəli düşür. Amma işini düzgün görən klublar nəticə planında da axsamır. Yəni, həmin klubun skaut siyasəti o qədər düzgün qurulub ki, gedənin yerinə ya başqa birisi dərhal transfer edilir, ya kollektivin başqa üzvü onun yerini artıqlaması ilə doldurur.
Vəziyyət klubdan-kluba dəyişir. Təəssüf ki, “Qarabağ”ı tam olaraq da nümunə göstərə bilmərik. Ardıcıl 9 il avrokubokların qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”da bəzən Avropaya üz tutan əsas heyətin üzvlərini əvəzləyən birisi tapılmır. Komandanın hansısa legioneri çıxıb gedirsə, onun yerini dolduracaq oyunçunu transfer etmək problemə çevrilir. Xüsusən də bu sözləri mərkəz hücumçularına aid etmək olar.
“Qarabağ”dan gedənlər də çox vaxt başqa klublarda “partlayış” edə bilmir. Yəni, “Qarabağ”ın donor kimi ixrac etdiyi “orqan” digər “orqanizm”in döyünən ürəyinə çevrilə bilmir. Amma o da var ki, “Qarabağ”dan ayrılanların çoxu azad agent status əldə edərək iş yerini dəyişir. Ağdam klubu bugünə qədər nə qazanıbsa, avrokuboklarda iştirakına görə büdcəsini doldurub. Əldən çıxan oyunçular da “yaralı orqan”a məlhəm rolunu oynaya bilmir.
Bütün bunların fonunda İbrahima Vadjinin 1,6 milyon avro müqabilində “Sent-Etyenn”ə satılması irəliyə doğru addım sayılmalıdır. Futbolçunun özü nəyi bacaracaq; karyerasını necə yüksəldəcək – bu sualların cavabını qarşıdakı aylarda öyrənəcəyik. İndi yalnız müqayisə apara, ağdamlılardan ayrılanların digər klublarda nələr etdiyinə baxa bilərik. Təbii ki, onların hamısına yer ayıra bilmərik. Ən yadda qalan və iz qoyanlardan danışacağıq.
Aradan çıxan hücumçular kəramətini burada qoyub getdilər
“Qarabağ”da parlaya oyunçular arasında ağıla birinci növbədə Reynaldo gəlir. 2008-13-cü illər aralığında “Anderlext”də olmasına baxmayaraq, burada cəmi 5 oyun keçirən braziliyalı, “Qarabağ”a qədər özünü “Serkl Brügge” və “Vesterlo” klublarında da sınamışdı. Amma Reynaldo məhz “Qarabağ”da karyerasının pik dövrünü yaşadı. 3 mövsümə 89 oyun keçirən və 49 qol vuran futbolçunun Avropanın aparıcı çempionatlarında çıxış edən klubların diqqətini çəkəcəyi gözlənilirdi. Təkcə, onun Almaniyada “Ayntraxt”ın qapısından keçirdiyi qol, “Bakı”da “Zaltsburq”a qarşı möhtəşəm oyunu gedişi üçün təkan ola bilərdi.
Amma braziliyalı 2017-ci ildə Türkiyə I divizionunda çıxış edən “Adanaspor”a üz tutdu. Orada oynadığı 1 il ərzində 9 oyuna çıxan Reynaldo daha sonra Slovakiyanın “Spartak Trnava” komandasına üz tutdu. Oradakı fəaliyyətsizliyindən isə danışmağa dəyməz. Daha sonra Qazaxıstanın “Aktobe”si, oradan da “Qarabağ”a qayıdış… Burada 6 oyuna 1 qol vurduqdan sonra 2019-cu ildə yenidən Qazaxıstana yollanıb “İrtış”ın heyətində cəmi 1 oyun keçirən braziliyalı ardınca Gürcüstana yollandı və 6 dəfə Batumi “Dinamo”sunun formasını tərlədib karyerasını bitirdi.
“Qarabağ”da gördüyümüz Reynaldo başqa komandalarda heç öz kölgəsi də ola bilmədi. Halbuki Reynaldonun gedişindən sonra “Qarabağ” laxlamadı, elə 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.
Həmin mövsüm “köhlən atlar”ın ÇL-in qrup mərhələsinə vəsiqə qazanmasında Dino Ndlovunun böyük rolu oldu. 2016-cı ildə Ağdam klubunun heyətində oynayan cənubi afrikalı burada özünü çox yaxşı tərəfdən göstərdi. Səfərdə “Kopenhagen”lə oyunda fərqlənməsi onu xatırlamaq üçün yetərlidi. Məhz bu qol sayəsində “Qarabağ” ÇL-in qrup mərhələsində oynamaq imkanı qazandı.
“Qarabağ”da oynayarkən Avropa komandalarının diqqətini cəlb etmək əvəzinə Dino 2018-ci ildə burada tələb etdiyi məvacibi ala bilməyincə, Çinin “Çjezetsyan Qrintaun” komandasına üz tutdu. 200 min avroya alınan hücumçu gedərkən ağdamlıların büdcəsini satışıyla 800 min avro zənginləşdirdi. Bu klubda 65 oyuna 41 qol mükəmməl nəticə olsa da… Çində oynamaq futbolçu üçün arzuların çin olması demək deyil. Ötən il “Kocaelispor”a gələrək 15 oyuna 9 qol vuran Ndlovu bu yay yenə də pulun arxasınca düşərək Çinin “Çançun Yatay” klubuna yollanıb.
Ndlovu ilə hücumda duet təşkil edən (cinahda oynadığına görə tam duet də demək olmur) Mahir Emreli isə adını çəkdiyimiz braziliyalı və cənubi afrikalı oyunçudan fərqli “Qarabağ”dan ayrıldıqdan sonra itib-batmadı. Ötən il “Legiya”ya üz tutan Mahir 6 ay ərzində bu komandanın hücum xəttinin liderinə çevrildi. Varşavalıların heyətində “Slaviya” ilə matçda dubl edərək mərhələ adlanmasına töhfə vermək, “Lester”lə oyunda komandanın yeganə qolunun müəllifi olmaq, bununla yanaşı “Napoli”nin qapısına yol tapmaq Mahirin başını ucaltdı.
Lakin azarkeşlərlə münaqişə, komandanın məşqini boykot etmək və sonradan Zaqreb “Dinamo”suna transfer… Mahir hazırda Xorvatiyada Polşadakı kimi lider olmasa da, heyətdə lazım bilinən futbolçudu. Tez-tez zədələnməyi onu geri salmasa, Çempionlar Liqasında Drmiç, Orşiç və Petkoviçin əhatəsində gözə dəyə bilər!
Şehiç ümidləri doğruldur
“Qarabağ”dan gedib özünü yaxşı tərəfdən göstərən oyunçular arasında İbrahim Şehiçin adını xüsusi çəkmək olar. 2013-18-ci illər aralığında “atlılar”ın qapısını qoruyan kiper məhz buradakı oyununun sayəsində Bosniya və Herseqovina millisinin əsas qapıçısına çevrildi. Doğrudur, burada bosniyalıları çalışdıran Robert Prosineçkinin böyük rolu oldu. Hər halda, xorvatiyalı mütəxəssis burada işləyəndə İbrahimin potensialına bələd olmuşdu.
2018-ci ildə “Qarabağ”dan ayrılaraq Türkiyə Superliqasına vəsiqə qazanan “Ərzurum BB”yə keçməklə Şehiç karyerasında irəliyə doğru addım atdı. Baxmayaraq ki, Türkiyə çempionatında möhkəmlənmək hər futbolçunun işi deyil. Ərzurum klubunda özünü yaxşı tərəfdən göstərən bosniyalı 2020-ci ildə daha iddialı “Konyaspor”la müqavilə bağladı. Şehiç burada da ona bəslənilən ümidlərin öhdəsindən layiqincə gəlir. Təsadüfi deyil, İbrahim ötən mövsüm Türkiyə Superliqasında ən çox seyv edən qapıçı kimi diqqət mərkəzinə düşüb. O, həmçinin komandasının Konfrans Liqasına vəsiqə qazanmasında böyük pay sahibi oldu.
Və başqaları
Türkiyədə “tutuzduran” sabiq “Qarabağ”lılardan biri kimi Pedro Enrikenin adını çəkmək olar. Amma onun 2017-ci ildə icarə əsasında Ağdam klubunda çıxış etdiyini nəzərə alsaq, çox da dərinə getməyə dəyməz. Çünki yazının məqsədi “Qarabağ” məhsulu olan oyunçulardır.
Söhbət burada oynayıb Türkiyəyə yollanmaqdan gedirsə, bu mənada Muarem Muaremin adını çəkə bilərik ki, o da yarıtmadı. 2012-15-ci illərdə “Qarabağ”da parlayıb “Əskişəhərspor”a keçən şimali makedoniyalı Türkiyədə ehtiyat oyunçular skamyasını “isitdi”. Sonradan bura gəlib Reynaldo kimi özünü göstərə bilməyən Muarem beləlilklə qürub dövrlərini yaşadı.
2013-15-ci illərdə Ağdam klubunda özünü göstərən Leroy Corcun Türkiyə karyerası pis alınmadı. 2015-17-ci illər aralığında “Göztəpə” və “Adana Dəmirspor” klublarında oynadıqdan sonra Corc öncə Avstraliyaya, daha sonra Birləşmiş Ərəb Əmirliklərinə qaçdı.
Reynaldo və Muarem kimi buradan qaçıb yenidən qayıdan oyunçular arasında İnnosent Emeqaranın da adını çəkmək olar. Doğrudur, isveçrəli hücumçu braziliyalı və makedoniyalıdan fərqli, ikinci cəhdində Türkiyəyə getdi. Ədalət naminə, onun buradan ilk gedişindən sonra ABŞ-da və ikinci dəfə aradan çıxmasından sonra Türkiyədə oyunları heç də pis alınmadı. Hər halda, “San Xose Ertkveys”lə müqayisədə “Fatih Karagümrük” daha uğurlu seçim oldu.
Gedib qayıdanlardan biri də Donald Gerye olub. Amma onun arada vaxt tapıb “Neftçi”yə keçdiyini nəzərə alsaq, söhbəti elə orada bağlamaq daha doğru olardı. Çünki ikinci dəfə də “Qarabağ”dan Kiprə və oradan da Polşaya yollandı. “Qarabağ”dan gedib gözdən itərək yenidən “Qarabağ”a qayıdan, arada “Zirə”də oynayan Almeydanı da unutmayaq. Amma o, bu futbolçulardan fərqli hələ də Ağdam klubundadır.
“Qarabağ”da potensialını tam açan, bundan istifadə edib “pul söhbəti edərək aradan çıxan” oyunçu kimi Patrik Andradenin adını çəkmək olar. Hələ ki, “Partizan”da əsas heyət oyunçusudur və işləri qaydasında gedir.
“Qarabağ”da parlayıb gedənlər arasında Çumbinyonu da unutmaq olmaz. O da Azərbaycana qədər uzun illər Yunanıstanda oynadıqdan sonra 2016-cı ildə yenidən bu ölkəyə qayıtdı və “Atromitos”la “Levadiakos”da oynayıb missiyasını bitirdi.
Amma “Qarabağ”da tam olaraq da ümidləri doğrultmayan, haradasa “çulunu sudan çıxaran” oyunçular arasında Samuel Armenterosun vaxtilə oynadığı Niderlanda qayıdıb “Herakles”də hoqqa çıxartdığını da unutmayaq. Elə onun 2017-20-ci illər aralığında İtaliyanın “Benevento” komandasında çıxışı nəyə desəniz dəyər. Bir il “Qarabağ”da oynayıb ümidləri doğrultmayan seneqallı hücumçu Maqaye Qeye də Buxarest “Dinamo”sunda “ortalıqda yeyib qıraqda gəzdi”. “Qarabağ”da çox yaxşı oynayan ispaniyalı oyunçulara gəlincə, Miçel, Dani Kintana və Xayme Romero da burada karyeralarının qürub çağını yaşayıb söndülər.
Gördüyünüz kimi, 1-2 oyunçunu çıxmaq şərtilə, digərləri Azərbaycandan kənarda boy göstərə bilmir. Hələ ki, Avropanın aparıcı ölkələrinin klubları “Qarabağ”ın üzərinə zəli kimi kimi tökülmür. Görək, Zubir, Kadi və heyətin digər aparıcı legionerlərini nə gözləyir? Hələ yerlilərdən Mahir kimiləri özünü göstərib xaricə üz tuta biləcəkmi? Vaqif Cavadov Niderlandda özünü göstərə bilmədi, Rauf Əliyev, Əfran İsmayılov “Bakı”nın pul toruna düşdü, Qara Qarayevlə Maksim Medvedev burada “qarıyıb qaldı”. Vadji? Gözləyək!
ABBAS