Belçikalı hücumçu Mişi Batşuayi İngiltərənin “Çelsi” klubundan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu Türkiyənin “Fənərbaxça” klubuna keçib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. İstanbul təmsilçisi yeni transferi ilə 2+1 illik müqavilə bağlayıb. Futbolçu Türkiyə klubunda ilinə 3 milyon avro qazanacaq. “Çelsi”yə isə bu transfer üçün 3.5 milyon avro ödənilib.

Batşuayi 2016-cı ildən “Çelsi”də çıxış edirdi. London klubu onu həmin vaxt Marsel “Olimpik”indən 39 milyon avroya transfer etmişdi. Amma hücumçu bu komandanın heyətində cəmi 77 matça çıxıb və 25 qola imza atıb. Daha öncə Dortmund “Borussiya”sı, “Valensiya” və “Kristal Pelas”a icarəyə verilmiş Batşuayi, ötən mövsümü də Türkiyənin digər təmsilçisi “Beşiktaş”da keçirib. O, İstanbul klubunda 42 oyuna 14 qol vurub. Belçikanın “Standard” (Lyej) klubunun yetirməsi olan futbolçu, ölkəsinin yığmasında da 45 oyuna 25 qol vurub.

“Çelsi” gənc hücumçusu Armando Broya ilə də yeni müqavilə bağlayıb. 20 yaşlı futbolçunun klubla yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Albaniyadan olan forvard “zadəganlar”ın öz yetirməsidir. O, son iki mövsümü icarə əsasında “Vitess” və “Sauthempton”da keçirib. Bu mövsümdən isə o, London klubunun əsas komandasında oynamağa başlayıb. Broya Albaniya yığmasında 14 oyuna 4 qol vurub.

Shares: