“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 5-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Şamaxı”nın evdə yaxşı çıxış etdiyini bilirdik. Onlar bu meydanda bizdən öncə “Neftçi” və “Səbail”ə qarşı əzmkar futbol oynamışdılar, hətta xal da qazanmışdılar. Bu gün də gərgin, mübarizəli oyun getdi. Havanın isti olması da oyunun tempinə mane olurdu. Futbolçular çətinlik çəkirdilər. Amma buna da dözdük. Futbolçularıma da demişdim ki, kim səbrli olsa, o da qalib gələcək. Epizodlara girirdik. Sevindirici haldır ki, Runi Eva bu gün qol vurdu. Çünki bir hücumçunun qol vurması onun özünəinamını artırır. Ümumən futbolçularımdan razı qaldım. Əlbəttə, bizim üçün hər 3 xal vacibdir. Yeni komandayıq. Azarkeşlərə təşəkkür edirəm. Bizi tək buraxmırlar. Futboçuları ruhdan düşməyə qoymadılar. Qarşıdakı oyunlara baxacağıq”.

Abbasov matçın gündüz saatlarına salınmasına da münasibət bildirib: “Müəyyən çətinliklər var. Biz hər kəsi başa düşürük. Bildiyim qədərilə hazırda iki stadionda işıqlandırma yoxdur. Bunlardan biri bizimki, digəri isə Şamaxı stadionudur. Bu üzdən bu iki stadiondakı oyunların başlama saatı daha erkən olur. Çox istərdik ki, Premyer Liqadakı bütün klubların stadionunda işıqlandırma sistemi olsun. Futbolçular da, azarkeşlər də futboldan zövq almalıdırlar. İnanıram ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq. Çünki işıqlandırma çox vacibdir. Yay aylarında belə problemlərlə üzləşməmək üçün bunu yoluna qoymaq lazımdır. Ümid edək ki, düzələcək”.

“Turan Tovuz” gələn tur qərb derbisində “Kəpəz”lə qarşılaşacaq. Baş məşqçi bu oyunla da bağlı fikirlərini bölüşüb:

“Evdə oynayacağıq. Yaxşı hazırlaşacağıq. “Turan”la “Kəpəz” arasındakı oyunlar əvvəllər də maraqlı və gərgin keçib. Azarkeşlərə də belə oyunlar çox maraqlı olur. Futbolçulara da dedim ki, bu tempi qorumaq lazımdır. Bilirik ki, “Kəpəz”in müəyyən problemləri var. Amma “Qarabağ”a qarşı yaxşı mübarizə apardılar. Onlar da xal qazanmağa çalışacaqlar. Bizi çətin oyun gözləyir. Sevinirəm ki, azarkeşlər belə bir derbi görəcəklər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp