“Turan Tovuz”un səfərdə məğlubiyyətsiz oyunlar seriyası davam edir. 4 matçdan üçünü rəqib meydanında keçirən qərblilər, bütün xallarını da həmin oyunlarda qazanıb. Ayxan Abbasovun yetirmələri bu qarşılaşmalarda top da buraxmayıb.
“Şamaxı”nın məşqçiləri isə hələ də futbolçularıyla fəxr etməkdədilər. Hər oyundan sonra eyni açıqlama, eyni bəhanələr. Məğlubiyyətə görə mükafat paylanan komandada kim narazı olar ki? Bölgə təmsilçisinin 5 oyuna bircə xalı var və hamı bu durumdan məmnundu. Özləri bilər, lakin komandanın son pilləyə əsas namizəd olmasını unutmasınlar. Zirzəmidə qərarlaşandan sonra nə strategiya yada düşəcək, nə də fədakar oyun. O zaman hamı bir-birini ittiham etməyə, bəhanələr uydurmağa başlayacaq.
“Turan Tovuz”da da büdcəylə bağlı durum demək olar, eynidi. Amma qərblilər maliyyəni daha düzgün xərcləməyi, daha yaxşı heyət qurmağı bacardı. Nəticə göz önündədi – Abbasovun yetirmələri bir oyun az keçirməklə 5-ci pilləyə qalxıb. Dünən son dəqiqələrdə vurulan qol da ağıllı taktiki gedişlərin, rəqibi düzgün analiz etməyin, oyun tərzinə uyğun seçilmiş futbolçuların meydandaa olmasının nəticəsiydi. Doğrudu, qərblilər parlaq oyun nümayiş etdirmir, amma heyət, oyun dəst-xətti oturuşana kimi paralel olaraq nəticələr də qazanılır.
Şamaxılılar uğursuz nəticələrə rəqiblərini cəhənnəm əzabına məcbur etməklə imza atır. Klub rəhbərliyinin yarıtmaz işi üzündən stadionda işıqlandırma sistem hələ də yoxdur. Və futbolçular süni qazon üzərində 40 dərəcə istidə oynamalı olurlar. Meydan sahibləri artıq bu duruma öyrəşib, qonaqlar isə əlverişsiz hava şəraitində ikiqat güc sərf edir.
AFFA-nın, PFL-in insafına güman yoxdu, ümid istilərin səngiməsinədi. Yoxsa bir gün süni qazonların üzərində kiminsə ürəyi dayanacaq, ondan sonra bölgə futbolu haqda nağıllara da kimsə inanmayacaq.
Günün son matçının nəticəsi zatən öncədən bəlli idi. Yeganə sual “Neftçi”nin hansı fərqlə qalib gələcəyi ola bilərdi. İlk 4 turda qola həsrət olan “Sumqayıt” ənənəsinə sadiq qalınca bakılılar ələ düşən fürsətləri dəyərləndirib darmadağını rəsmiləşdirdi.
“Neftçi” dünən əvvəlki matçlarla müqayisədə daha yaxşı göründü. Bunun bir səbəbi də qonaqların bərbad oyunu idi. Zaman göstərir ki, komandanın yerlilərdən, yoxsa əcnəbilərdən qurulması böyük ölçüdə heç nəyi dəyişmir. Düzgün işlədikdə hər şəraitdə nəticə qazanmaq olur, şəxsi mənafe ümumi işin önünə keçdikdə isə fiasko qaçılmazdı.
“Sumqayıt” hazırda bunun acısını yaşayır. Klub prezidenti Riad Rəfiyev menecerliyindən əl çəkmək niyyətində deyil və onun məşqçiylə məsləhətləşmədən gətirdiyi futbolçular bir işə yaramır. Bu oyunçuları bir müddət oynadıb satmaq, qazanc götürmək məqsədi güdən Rəfiyev biabırçı nəticələrin əsas səbəbkarıdı.
Oyunçunu yetişdirmək və ya oynadaraq inkişaf etdirib satmaq da qəbul olunan strategiyadı. Bir şərtlə ki, bunun kluba faydası dəysin. Lakin “Sumqayıt”da bütün bu əməliyyatlar kluba yox, menecer-prezidentin şəxsinə xidmət edir.
Bütün bu məsələləri araşdırmaq, qiymət vermək klub sponsorlarının, vəsait ayıranların işidi. Onlar bütün bunları bilə-bilə Riad bəyə arxa dururlarsa, deməli, ya maraqları var, ya da dövlətin ayırdığı maliyyənin havaya sovrulması veclərinə deyil. Əvvəllər heç olmasa, “milliyə oyunçu yetişdiririk” bəhanəsi altında kölgələnirdilər, indi isə heyətdə 9 əcnəbi var və milliyə namizədlər ehtiyatda oturur.
Tur hələ bitməyib, amma zaman keçdikcə komandalar arasında ciddi səviyyə fərqi çılpaqlığı ilə üzə çıxır. 5 tur ərzində liderlə autsayder arasında yaranan 12 (bu gün 15 ola bilər) xallıq fərq biabırçılıqdı. Deməli, say artımı rəqabətdə artıma səbəb olmayıb, əksinə, “çox güclülər”lə “çox zəiflər” ortaya çıxıb. Bunun futbolumuza xeyir verməyəcəyi dəqiqdi.
AĞA