“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u heyətinə daha bir futbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, Pirey təmsilçisi İngiltərədən olan sağ cinah yarımmüdafiəçisi Coş Boulerlə güclənib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı vinger İngiltərənin “Nottingem Forest” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.
Maraqlıdır ki, “Nottingem Forest” də bu oyunçunu elə bir neçə gün öncə “Blekpul”dan transfer edib. Premyer Liqa təmsilçisi buna görə sözügedən kluba 2.3 milyon avro ödəyib. İngiltərə klubu ötən ay Fransanın “Bordo” klubunun hücumçusu Hvanq Ui-Jonu da transfer etmiş və mövsümün sonuna kimi “Olimpiakos”a icarəyə göndərmişdi.
Xatırladaq ki, “Nottingem Forest” və “Olimpiakos” klublarının sahibi eyni adamdır – Yevangelos Marinakis. Bu üzdən də sözügedən klublar arasında belə oyunçu “keçidlərinə” tez-tez rast gəlmək olur.
Coş Bouler peşəkar karyerasına KPR-də başlayıb. 2017-ci ildə “Everton”a transfer olunan futbolçu, bu klubun əsas komandasında oynamaq şansı qazanmasa da, “Hall Siti”yə icarəyə verilib. Ötən mövsümün əvvəlində isə o, “Blekpul”a transfer olmuşdu. Vinger bu komandanın heyətində meydana çıxdığı 52 matçda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.
Yeri gəlmişkən, “Nottingem Forest” “Vulverhempton”un müdafiəçisi Villi Bolini də transfer edib. 31 yaşlı futbolçunun transferi üçün 2.6 milyon avro ödənilib. Onunla 2 illik müqavilə imzalanıb.
Villi Boli Fransada dünyaya göz açıb və peşəkar karyerasına da bu ölkənin “Oser” klubunda başlayıb. Daha sonra Portuqaliyada “Braqa” və “Portu”nun uğurları üçün çalışmış mərkəz müdafiəçisi, 2017-ci ildən “Vulverhempton”da çıxış edirdi. O, bu komandanın heyətində 147 oyuna çıxıb, 9 qol vurub. Boli Fil Dişi Sahili yığmasında 13 oyuna çıxıb, 1 qola imza atıb.