“Barselona”dan ayrılan Martin Breytueyt özünə yeni komanda tapıb.

Futbolinfo.az xəbər verir ki, o, La Liqanın digər təmsilçisi “Espanyol”a keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayb. Azad agent statusuna malik futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Martin Breytueyt 2020-ci ilin fevralından “Barselona”da çıxış edirdi. Həmin vaxt o, “Leqanes”dən 18 milyon avro qarşılığında transfer olunmuşdu. 31 yaşlı futbolçu Kataloniya təmsilçisində keçirdiyi 58 oyunda 10 qola imza atıb. Lakin ötən ayın sonunda onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Danimarkalı forvardın sözləşməsi 2024-cü ilin yayında başa çatmalı idi.

Breytueyt daha öncə “Leqanes”dən əlavə “Bordo”, “Midlsbro”, “Tuluza” və “Esbyerq” kimi klubların da formasını geyinib. O, Danimarka yığmasında da 60 oyun keçirib, 10 qol vurub.

“Espanyol” “Almeriya”dan Xose Karlos Lazo ilə “Hueska”dan Alvaro Fernandesi də transfer edib. Qapıçı olan Alvaro Fernandes mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. 24 yaşlı ispan qolkiper ötən mövsüm də “Brentford”da icarədə olub. İspaniya yığmasında 1 oyun keçirmiş futbolçu “Osasuna”nın yetirməsidir. O, “Monako” və “Ekstremadura”da da oynayıb. 2019-cu ildən “Hueska”da olan Alvaro, bu komandada 58 oyun keçirib.

“Almeriya”dan birdəfəlik transfer olunmuş Xose Lazo ilə 5 illik müqavilə imzalanıb. 26 yaşlı vinger 2019-cu ildən oynadığı “Almeriya”da 113 matça çıxıb, 19 qol və 12 məhsuldar ötürmə müəllifi olub. Madrid “Real”ının yetirməsi olan futbolçu daha öncə “Vilyarreal” “Rekreativo”, “Xetafe” və “Luqo”da da oynayıb.

“Espanyol” öz oyunçularından Matias Varqasla Adrian Embarbanı da müvafiq olaraq “Şanxay Port” və “Almeriya” klublarına satıb. Varqasın transferindən klubun 4 milyon avro qazandığı məlumdursa, Embarbanın keçidinin detalları açıqlanmır.

Argentinadan olan Matias Varqas “Veles Sarsfild”in yetirməsidir. 25 yaşlı futbolçu 2019-cu ildən “Espanyol”da çıxış edirdi. Ötən mövsüm Türkiyənin “Adana Dəmirspor” klubunda icarədə olan və 36 oyuna 5 qol vuran futbolçu, Argentina millisində də 1 matç keçirib.

Adrian Embarba isə 2020-ci ildən “Espanyol”da çıxış edirdi. 30 yaşlı vinger bu komandada 89 oyuna 11 qol vurub. O, daha öncə “Rayo Valyekano”nun da uğurları üçün çalışıb.

“Espanyol” Landri Dimatanı (24 yaş, hücumçu) “Neymegen”ə, Maks Svenssonu (20 yaş, hücumçu) isə “Deportivo”ya icarəyə verdiyini də açıqlayıb.

Shares: