Mübarizə maraqlı mərhələyə daxil olur. Son tur göstərdi ki, iddialı olacağı gözlənilən bəzi komandalar hər nə qədər mövsümə uğursuz start versələr də, yüksək yerlər uğrunda döyüşəcəklər. Bu baxımdan “Səbail”lin dünənki əzmkarlığı, “Zirə”nin uduzduğu matçı çevirmək üçün hər şey etməsi və istəyinə nail olması qeyd edilməlidi.

Yalnız “Qarabağ” hələlik xal itirməyib. Bu ada şərik olan “Sabah”ın dünən gözlənilmədən büdrəməsiylə yarışın tablosu dəyişdi. Düzdü, bakılılar yenə zirvədədi, lakin “Qarabağ” bir matç az keçirdiyindən, potensial lider sayılır.

“Sabah” oyuna əla başlamışdı. Meydan sahibləri fasiləyə kimi hesabı açmaq üçün bir neçə şans qazandı. Lakin “Səbail” təzyiqə tab gətirməyi bacardı. Əks-hücumlarla meydan sahiblərini narahat etməyə nail olan Mahmud Qurbanovun yetirmələri fasilədən sonra oyunu da qismən bərabərləşdirdi. “Sabah” dinamik oyununun nəticəsində yorulunca qonaqlar rahat nəfəs almağa başladı. Heç-heçə Bayıl təmsilçisi üçün yaxşı nəticə sayılmalıdı və onlar xala layiq idi. Komanda mövsümdə ilk dəfə ümidləri doğrultdu, müsbət siqnallar verdi. Tempi qoruya bilsələr, heyət zəif deyil və bu komanda yuxarı sıralar üçün mübarizə apara bilər.

“Sabah”a gəlincə, komanda büdrəsə də, hər hansı böhrandan danışmaq yersizdi. Sadəcə, dünən üstünlüyü qola çevrimək mümkün olmadı. Heyət kifayət qədər keyfiyyətlidi, oyun dəst-xətti var. Bəlkə də bu büdrəmə komandaya daha faydalı olacaq. Ardıcıl qələbələrin yaratdığı arxayınlığa son qoymaq, futbolçuların ayılmasına şərait yaranması üçün bəzən belə nəticələr fayda verir.

“Qəbələ”ylə bağlı isə hər şey gözlədiyimiz sonluğa doğru gedir. Asan rəqiblərlə oyunlarda qazanılan qələbələr komandanı rahatlaşdımışdı. Ötən tur “Sabah”, dünənsə “Zirə” – qarşısına ciddi rəqib çıxan kimi Elmar Baxşıyevin məşqçi bacarığı üzə çıxdı. Komanda nəticələri oturuşmuş heyətin sayəsində qazanırdı, fərqli bir şey fikirləşmək gəlincə, futbolçuların ustalığı yetərli olmur. Dünən oyuna müdaxilə lazım gələn kimi Baxşıyevin zəifliyi üzə çıxdı.

Əslində, “Qəbələ”nin hesabı açması belə oyunun axarına uyğun ssenari deyildi. Sadəcə, bu mövsüm qol buraxması çox asanlaşan qəsəbə təmsilçisi uşaq səhvindən sonra məyus oldu. Canlı bomba kimi hər oyunda müdafiəin bir cinahına atılan, oyunçu yetərsizliyindən müxtəlif mövqelərdə oynadılan Dmitrios Çantakias təkbaşına qonaqlar üçün qol yaratdı. Öncə təhlükəli mövqedə topu itirən yunan, ardınca penaltiyə səbəbkar oldu.

Doğrusu, VAR gələndən bəri hakimlərin qərarlarını müzakirə etməyə bir o qədər ehtiyac qalmır. Amma “Zirə”nin oyunlarına daha diqqətlə yanaşmaq lazımdı. Rəşad Sadıqovun etirazları yersiz deyil və onu gündəmə gətirənlər bəzən bu məşqçinin haqqını yeyir.

Bəlkə də bilərəkdən bu komandanın oyunlarında qərəzli qərarlar qəbul edilir, Sadıqov etiraz edən kimi isə ona qarşı təbliğat kampaniyası aparır, daim narazı olan fiqur kimi gözdən salmağa çalışırlar. Dünənki matçda “Zirə”nin qapısına təyin edilən “ucuz” penaltiyə, ikinci hissədə isə “Qəbələ”nin “çərçivə”sinə təyin edilməyən 11 metrlik cərimə zərbəsinə daha həssas yanaşma lazımdı. Bu, açıq-aşkar ikili standartdır və səbəbinin haradan qaynaqlandığını araşdırmaq gərəkdi.

Turun son matçında hakimliklə bağlı ajiotaj yaranmadısa, bu, “Zirə”nin qalib gəlməsinə görədi. Hətta hakimlər də “qartallar”ın əzmkarlığına mane ola bilmədi və meydan sahibləri haqq etdiyi qələbəni təmin etdi. Fasilə ərəfəsində vurulan cavab qolu ilə kifayətlənməyən Sadıqov iki vacib əvəzetmə ilə rəqib qapısına təzyiqi bir az da artırdı və Səlahət Ağayev növbəti dəfə məyus edildi. Dubl edən Rəhim Sadıxov sanki fərqli mövqedə oynadılması ilə əvvəlki günlərini xatırlatdı.

Elmar Baxşıyevin matçdan sonra verdiyi açıqlama stressdən yaranan sözlərdi. Güclü rəqiblərlə oyunlarda məğlubiyyətlər sıralanınca günahkar axtarmaq niyyəti baş qaldırır. Hakimlərin də dəstəyini nəzərə alsaq, suçlamağa kimsə qalmayınca, “Qəbələ”nin məşqçisi “heç də həmişə yaxşı oynayan qalib gəlmir” deməyi özünə sığışdırır.

5 turdan sonra yalnız 3 komanda 10 xal həddini keçib. İndidən əsas mübarizənin də bu kollektivlər arasında gedəcəyini deyə bilərik. “Zirzəmi”də qərarlaşanlar zamanla bi-birini ötə blərlər, amma hər üç komandada idarəetmə ilə bağlı ciddi problemlər olduğundan, onların hətta orta sıralara yüksəlməsi belə imkansızıdı.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp