Aleksey Baqa “Sumqayıt”da işinə davam edir. Klub daxilində nə baş verdiyini bilmirik, amma klubun mətbuat xidmətindən aldığımız məlumata görə, dünən istirahət edən komandanı bu gün məşqə məhz belaruslu mütəxəssis çıxaracaq. O, ayrılmaq istəsə də, hələlik işə davam olunacaq.

“Neftçi”ylə oyun bitincə mətbuat konfransına qatılmaqdan boyun qaçıran Baqa, səhhətinin qaydasında olmadığını demişdi. Lakin onun sağlamlığında ciddi problem olmadığına, stadionu da təkbaşına tərk etdiyinə əməkdaşımız şahid olmuşdu. Məşqçi sadəcə, rəhbərliyə etiraz olaraq bu addımı atmışdı. Klub prezidenti ilə yola getməyən belaruslu, heyətin onun istəkləri soruşulmadan toplanmasından narazıdı.

Komandanın uğursuzluğunu, hələ də qol vura bilməməsini transferlərin düzgün edilməməsinə bağlayan Baqa, bir neçə dəfə getmək istəyib. Sadəcə, o bu cür addımlarla müqavilənin klub tərəfindən pozulmasına çalışır ki, təzminar ala bilsin, özü “istefa” kəlməsini dilə gətirmir.

Klub rəhbərliyi isə növbəti məşqçi istefasının onlara zərbə olacağının fərqindədi. Heyət menecer-prezident Riad Rəfiyevin istədiyi kimi dəyişdirilib, ilk dəfə “Sumqayıt”a legioner gətirməyə icazə verilib, kifayət qədər əcnəbi transfer edilib. Əvəzində nəticələr yaxşılaşmır, komanda hətta qol vurmağı bacarmır. Məşqçi dəyişikliyi olsa, Rəfiyevdən də bunun hesabatı soruşulacaq. Bu qədər legionerlə, yüksək məvacibli təcrübəli əcnəbi məşqiylə nəticələr düzəlmirsə, deməli, problem idarəçilikdədi.

“Sumqayıt”da gözlər növbəti turun “Şamaxı”yla matçına dikilib. Uğursuzluq davam etsə, “kimyaçılar” “laboratoriya təcrübəsi” üçün dovşan axtarılacaq.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp