“Kəpəz”lə bağlı xəbərlər bundan sonra daha maraqlı və hətta daha əyləncəli olacaq. Təsadüfi deyil, Tərlan Əhmədov Gəncəyə gedib, onu isə bu şəhərdə çox sürprizlər gözləyir.

İlk öncə Əhmədovla ciddi problemləri olan futbolçuar qrupunun bu komandada toplaşması vurğulanmalıdı. Tərlan bəy zaman-zaman problem yaşadığı, xoş münasibəti olmayan oyunçu dəstəsi ilə vəziyyəti aydınlaşdırmalıdı. İllərdi Azərbaycan futbolunun mətbəxini görmüş adam kimi əminəm – ya yeni baş məşqçi onları komandadan təmizləməlidi, ya da həmin futbolçular Əhmədovun uğurlu olmasına imkan verməyəcək. Kompomis variantı yoxdu, bu şəxslər heç vaxt dost ola bilməyib.

Tərlan bəy bunun fərqindədi. Ona görə də dünənki məşqdə Rauf Əliyevlə ilk münaqişəni yaşayıb və ona çantasını yığıb “rədd olmasını” əmr edib. “İşə” 5 oyunluq cəza alan futbolçuyla başlamaq da taktiki gedişdi. İntizamsız hərəkəti ilə seçilən futbolçunu cəzalandırdığına görə onu qınayan çox olmayacaq. Və Rauf meydanda olmayacağından Əhmədovun qarşıdakı matçlarda ona ehtiyacı da qalmayacaq.

Baş məşqçinin problemi olan digər oyunçu Əfran İsmayılovdu. Raufun məşqdən qovulması həm də dostu olan bu futbolçuya xəbərdarlıq sayılmalıdı. Əvvəlki klublarında Tərlan bəylə yaxşı münasibəti olmayan Əfranın da Gəncədəki günlərinə çox qalmayıb.

Karyerası ərzində dəfələrlə Əhmədovla münaqişə yaşayan Elvin Yunuszadə və Tural Axundov uzağı qışa kimi “Kəpəz”də olacaq. Ona kimi məşqçi uğursuzluqları sınamasa, bu veteranlar dəstəsi özünə iş yeri axtarmalıdı.

Tərlan bəy bu futbolçularla təkcə ötən günlərə görə ədavət aparmır. Onların komandaya hansı dərəcədə faydalı olduğu sual altındadı. İndi heyətdə bəzi dəyişikliklər etmək lazımdı ki, yeni transferlər həyata keçirmək mümkün olsun. Və Əhmədov heyəti boşaltmaq üçün kimlərdən başlamaq lazım olduğunu gözəl bilir.

“Kəpəz” rəhbərliyinin bu kimi məsələlərdəki duruşu, olaylara reaksiyası çox önəmlidi. Onlar da çıxılmaz vəziyyətdədi – xalsız komandanı özünə gətirmək üçün məşqçinin nazıyla oynamağa məcburdular, eyni zamanda bu aparıcı futbolçularla müqavilə var. Qızıl ortanı tapmaq üçün ciddi səriştə lazımdı, icraçı direktor İlqar Nadiri isə ötən aylarda belə bacarığa sahib olduğunu göstərməyib.

Əhmədov yaxşı məşqçilərdəndi. Əvvəlki iş yerlərində nəticələri pis olmayıb, sırf məşqçi işi baxımından da seçilənlərdəndi, ən azı Yaşar Vahbzadədən daha uğurlu olacaq. Lakin onun əsas qüsuru məhz xarakteri ilə bağlıdı. Bəzən eqosu işinin, bacarığının önünə keçir, bəzən komanda daxilində ab-havanı hərəkətləri sayəsində məhz özü pozur. Təcrübədə rastlaşdığımız bu kimi xüsusiyyətlərini unutsa, onun hətta “Kəpəz”də böyük işlər görməsi mümkündü. Yox, yenə dedi-qoduya uysa, qruplaşmalara meyl etsə, şəxsini ön plana çıxarmağa cəhd göstərsə, özünə çox çətin olacaq.

Tərlan bəyin futbolçularla bəzən aşırı səmimi olması, bəzən intriqa aparması mənfi xüsusiyyətidi. Ardıcıl 2-3 uğurlu oyundan sonra onda baş qaldıran “mənəm-mənəmlik” jestləri davam edəcəksə, “Kəpəz”i ailəyə çevirə bilməyəcək. Ümid edək, bu cür hallar keçmişdə qalıb və Rauf Əliyevlə bağlı dünən baş verən olay illərin kininin nəticəsi deyil, həqiqətən intizamsızlıq edən futbolçuya layiqli qulaqburmasıdı. Biz Gəncədən qalmaqal xəbərləri yox, xoş soraqlar almaq istəyirik.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp