Azərbaycan Premyer Liqasında iştirak edən komandaların tən yarısı Bakıda məskunlaşıb. “Neftçi”, “Zirə”, “Sabah” və “Səbail”lə yanaşı “Qarabağ” da hələlik paytaxt sakinidi. Heç “Sumqayıt”ı da bölgə komandası saya bilmərik. Qalan 4 komanda isə 3 rayonda məskunlaşıb – “Turan Tovuz”, “Qəbələ” və “Şamaxı”nın məkanı adından bəllidi, “Kəpəz” isə Gəncədəki stadion problemi üzündən doğma şəhərdən didərgin düşüb və Qəbələyə sığınıb.
Cəmi 3 bölgədə futbolun var olduğu bir zamanda klublarımız bütün dünyaya “yayılıb”. Təsadüfi deyil, Avstraliya və Antarktidadan başqa bütün qitələrdən legionerimiz var. Futbolu bölgələrə yaya bilməsək də, bütün dünya coğrafiyasını əhatə etmişik.
Legionersiz oynayan “Şamaxı”nı çıxsaq, 9 klubumuz 34 ölkəni təmsil edən 84 əcnəbiyə güvənir. Bu, orta hesabla hər komandanın 9,5 legioner oynatması deməkdi. Transfer çalışmalarının bitmədiyini nəzərə alsaq, say 100-ə çatacaq.
Aşağıda təqdim edəcəyimiz siyahıda Filip Ozobiç, Riçarda Almeyda, Şahriddin Maqomedaliyev, Bədavi Quseynov, Mert Çelik, Eddi Silvester İsrafilov, Mehdi Djanetov, Abdulax Xaybulayev, Rustam Samiqillin, İldar Alekperov, Murad Xaçayev, Raqim Sadıxov, Anatoli Nuriyev, Aleksey İsayev kimi futbolçuları milliləşdirdikləri üçün azərbaycanlı saydığımızı da nəzərə alsaq, Premyer Liqa başdan-ayağa əcnəbi yuvasıdı. Bəlkə də 7+4 limiti olmasaydı, klublarımız yalnız legionerlərə güvənərdi. Necə ki, milliləşənlər üzündən zatən bəzi klublarda durum məhz belədi.
Klublarda əcnəbi sayı (milliləşənlər nəzərə alınmadan):
Neftçi – 13
Qəbələ – 10
Sabah – 10
Qarabağ – 9
Zirə – 9
Sumqayıt – 9
Səbail – 8
Kəpəz – 8
Turan – 8
Şamaxı – 0
Klublarımız ən azı 8 legionerə güvənir. “Şamaxı”nın əcnəbilərsiz oynaması heç də yerli futbolçulara güvənməsi ilə bağlı deyil. Klub hər nə qədər bu strategiyanı seçdiyini desə də, əslində, maliyyə məsələlərini həll etmədiyindən məcburən bu addımı atıb. Qışda bölgə təmsilçisi də ümumi axına qoşulacaq.
Ölkələrin Premyer Liqada təmsilçilik sayı:
Braziliya – 10
Gürcüstan – 9
Portuqaliya – 6
Nigeriya – 5
Ukrayna – 4
Serbiya – 4
Rusiya – 4
Fransa – 3
İsrail – 3
İspaniya – 3
Belarus – 3
Monteneqro – 2
Niderland – 2
Argentina – 2
Şimali Makedoniya – 2
Toqo – 2
Qana – 2
Xorvatiya – 2
Kolumbiya – 1
Seneqal – 1
Paraqvay – 1
Belçika – 1
Yunanıstan – 1
İordaniya – 1
Almaniya – 1
Qazaxıstan – 1
Qvineya – 1
Bosniya və Hersoqovina – 1
Bolqarıstan – 1
İran – 1
CAR – 1
Burkina Faso – 1
Kamerun – 1
Böyük Britaniya – 1
Braziliya həmişə klublarımızın üz tutduğu ölkələr arasında olub. Cənubi amerikalıların populyarlığı təəccüb doğurmamalıdı. Gürcüstanın yenidən üst sıralarda qərarlaşması isə bu ölkəyə yaxın olan Qərb klublarımızın Premyer Liqaya dönüşü ilə bağlıdı. Onlar əsasən qonşu ölkədən futbolçu seçib. İlk üçlüyü Portuqaliyanın qapaması isə maraqlı faktdır.
Bütün dünyada klublar əcnəbilərə üstünlük verir və Azərbaycandakı tablo heç də qeyri-adi deyil. Lakin klubları, çempionatı o qədər də güclü olmayan ölkələr əslndə, fərqli yol seçməlidi. Əksər Avropa ölkələrində klublar daha çox yerli futbolçuları yetişdirib nəhənglərə satmaqla məşğul olurlar. Serbiya, Sloveniya, Avstriya, Polşa və başqalarında məhz belədi. Azərbaycanda isə klublar büdcəni ölkə xaricinə dağıtmaqla məşğuldu.
İşlər doğru qurulmadığından nə klublarımız inkişaf edir, nə də yerli istedadlar yetişir. Mahir Emreli və qismən Anton Krivotsyuku nəzərə almasaq, xaricdə düz-əməlli legionerimiz də yoxdur. Deməli, bizdə futbolçu da yetişmir, klubların bu qədər çox əcnəbiyə güvənməsi də məhz kadr çatışmazlığından irəli gəlir. Klublarımız asan yola əl atıb, legioner gətirməklə günlərini keçirirlər. Nəvaxta qədər?
CAVAD