“Qarabağ”la oyunda komandamız yaxşı müdafiə olunmağa çalışdı. Fikrimcə, onlara qarşı heç də pis oynamadıq, ancaq davamsız müdafiə oldu”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Mixeil Erqemlidze deyib.
O, Misli Premyer Liqasının 5-ci turunda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları oyundan danışıb. Daha sonra Erqemlidze aldığı zədədən də söz açıb: “Mənim zədəm artıq başa çatdı. Özümü tam hazır hiss edirəm. İlk turda qol vurmuşdum və bunu davam etdirmək niyyətindəyəm. Məşqlərdə də çox çalışıram. Düşünürəm ki, qollar vuracam və komandama kömək edəcəm”.
23 yaşlı forvard komandadakı baş məşqçi dəyişikliyindən də danışıb: “Yeni baş məşqçi vəziyyəti dəyişmək üçün gəlib. Mən inanıram ki, qələbəsizlik seriyamız başa çatacaq və uğurlu olacağıq”.
Gürcü hücumçu liqadakı komandaların çempionluq şanslarına münasibət bildirib: “Düşünürəm ki, bu il “Qarabağ” və ya “Sabah” çempion olacaq. “Qarabağ”a Avropa Liqasının qrup mərhələsində uğurlar arzu edirəm. “Sabah”da Premyer Liqada uğurlar arzulayıram”.
Erqemlidze Gəncədə futbolun çox sevildiyini də sözlərinə əlavə edib: “İlk dəfə bu şəhərə gələndə futbolun necə sevildiyini hiss etdim. İnsanlar bizimlə şəkil çəkdirmək üçün yaxınlaşırdı. Bu şəhərin futbolla nəfəs aldığına əminəm. Bizim azarkeşlərimiz Azərbaycanda ən yaxşıdırlar”.
Forvard bu həftəsonu “Turan Tovuz”la oynayacaqları “Qərb derbisi” haqqında məlumatı olduğunu da deyib: “Mən “Qərb derbisi” haqqında məlumata sahibəm və hər şeyi bilirəm. Bilirəm ki, bizim üçün olduqca vacib oyuna çıxacağıq. İlk 3 xalımızı qazanmaq istəyirik və azarkeşlərimizi sevindirmək niyyətindəyik”.
CAVAD