“Təəssüf ki, son iki oyunda gözlədiyimiz nəticə olmadı, amma çempionat indi başlayır. Bu məğlubiyyətləri sığortalamağa vaxtımız olacaq” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Ruan Renato deyib.
O, Misli Premyer Liqasında komandasının çıxışı ilə bağlı danışıb. Çempionatın 5-ci turunda “Zirə”yə uduzan əyalət klubunun futbolçusu rəqibdən yaxşı oynadıqlarını bildirib: “Yaxşı oynayıb uduzmaq hiss çox pisdir. Biz əla oyun keçirdik, qalib gəlmək üçün şansımız var idi. Amma bu, futboldur. Şanslarımızdan yararlana bilmədik. “Zirə” isə fürsətlərindən istifadə etdi. Mən belə oyunları uduzmağı üstün tuturam. “Sabah”a uduzduğumuz oyunda komandamız tam keyfiyyətini ortaya qoya bilmədi”.
Ağır oyunlar qrafikinin növbəti görüşündə “Neftçi” ilə qarşılaşacaq “qırmızı-qaralar”ın müdafiəçisi “Neftçi”yə qalib gələ biləcəklərini deyib: “İnanıram ki, biz qalib gələ bilərik. Bəli, çox çətin olacağını da bilirik. Çünki “Neftçi” böyük komandadır. Amma onlara qarşı çox yaxşı hazırlaşacağıq”.
“Çempionata yaxşı başlamışdız, sonradan nə oldur ki, məğlubiyyətlər ard-arda gəldi” sualına isə Renato belə cavab verib: “Yalan danışmıram, ard-arda qələbələr qazanan komanda üçün məğlub olmaq həmişə çox pis hissdir. Amma biz 3 matçda qalib gələndə bu günləri də düşünməli idik. Ən yaxşı olmaq üçün 3 qələbə kifayət etmədiyi kimi, pis olmaq üçün də 2 məğlubiyyət bəs eləmir. 2 oyun uduzduq deyə heç kim “bizim pis komandamız var” deyə düşünməməlidir. Uğursuzluqlarımızdan, səhvlərimizdən nəticə çıxarmalıyıq. İnanıram ki, “Qəbələ”nin komanda kimi inkişafı üçün hələ çox şansı var. Biz bunu mümkün qədər tez etməliyik. Qələbələr də inam üçün çox vacibdir. Biz gündəlik gördüyümüz işlərə, fərdi keyfiyyətlərimizə güvənməliyik. Bu iki şeyi birləşdirib çox çalışsaq, əminəm ki, qarşıda bizi çox uğurlu oyunlar gözləyir”.
FƏRİD