Hakimlik futbolun əsas, aparıcı qollarından biridir. Çox ağır, məsuliyyətli sahədir. Hakimlərimiz nə qədər tənqid olunsalar da, beynəlxalq uğurları diqqətdən kənarda qalmamalıdır…
Müstəqil Azərbaycan futbolu tarixində bir ilk yaşanır. İki referimiz qrup oyunlarına təyinat alıb. Avropa Liqası – Əliyar Ağayev, Konfrans Liqası – Rauf Cabbarov. Köməkçiləri də əlavə etsək, eyni həftədə Avropada iki briqadamız olacaq, 8 hakimimiz yaşıl meydanlara çıxacaq.
Ölkə futbolu nə qədər ürəkaçan olmasa da, son 10 ildə ardıcıl olaraq klublarımızın qruplardakı çıxışları UEFA-nın hakimlərimizə olan inamını artırıb. Əliyara qarşı son illərdə baş verən daxili haqsızlıq 2-3 ilin itirilməsi ilə nəticələndi…
Avstriyalı Frits Stuxlikin Azərbaycanı tərk etməsi ilə iki referimizə qrup təyinatlarının gəlməsi təsadüfə oxşamır. Nəzərə alaq ki, Rauf yeni referilərdən deyil. Hakimlərimiz şanslarını yüksək səviyyədə dəyərləndirməlidirlər!
Azərbaycan hakimlik məktəbi hər zaman güclü olub, tarixi ənənələrə malikdir. Çox az sayda ölkə dünya çempionatı və Olimpiya oyunları finallarında referilərinin idarəçiliyi ilə öyünə bilər. Ümumi futbol inkişaf etməlidir ki, futbolun bütün sahələrində irəliləyiş olsun!
Arzu edək ki, futbol dirçəlsin, həqiqi islahatlar aparılsın, yaxın illərdə yenidən qruplarda 2-3 klubla təmsil olunaq və referilərimizin də Avropa meydanlarında sayı, məsul oyunları artsın…
Qrup oyunlarında hakimlərimizin çoxluğu əcnəbi həmkarlarının da komandalarımıza olan münasibətini dəyişər. Futbolun bütün qolları bir-birindən asılıdır. Düzgün strateji xətt, birlik, qarşılıqlı dəstək olarsa, uşaq futbolundan tutmuş milliyə kimi bütün sahələrdə uğurlar özünü çox gözlətməz…
Uğurlar, Rauf! Uğurlar, Əliyar!
TAHİR SÜLEYMANOV