“Neftçi” Futbol Akademiyasının koordinatoru Elşad Əhmədovun futbolinfo.az saytına müsahibəsi
– “Neftçi”nin U-17 komandası İtaliyada Skopinyo Kubokunda iştirak edir. Komandanın Romadakı turnirə qatılması variantı necə yarandı?
– Bir ildir ki, “Neftçi”yə gəlmişəm. İlk gündən uşaqları beynəlxalq turnirlərə göndərmək üçün çalışırıq ki, görək orada necə görünürlər. Bu barədə rəhbərliklə danışanda həmişə müsbət cavab veriblər. Zaur Əzizov da kluba idman direktoru vəzifəsinə gəldikdən sonra bu barədə söhbətlərimiz olub. O da axtarırdı. İtaliya variantı da onun gəlişindən sonra yarandı. Zaur müəllim həmin turnirdə iştirak üçün hər şeyi etdi, bizə qaldı U-17-ni ora hazırlamaq.
– Başqa aşağı yaş qrupu komandalarının da yaxın gələcəkdə ölkə xaricinə yollanmaq planı varmı?
– Bəli, U-11 komandamız sentyabrın sonlarında Almaniyaya gedəcək. Yeniyetmələrimiz oradakı beynəlxalq turnirə qatılacaqlar.
– Bu cür turnirlərin yeniyetmə oyunçularımıza nə kimi müsbət təsirləri olur?
– İstər yeniyetmə futbolçulara, istər məşqçilərə, istərsə də qrup rəhbərlərinə müsbət təsirləri çox olur. Gedirsən, rəqibin gücünü görürsən, beynəlxalq matçlarda iştirak təcrübəsi toplayırsan, oradakı həyatdan məlumatlı olursan. Bakıda təyyarəyə minməkdən başlayaraq qayıdana qədər yaşanan hər şey uşaqlar üçün təcrübədir. Rəqibin oyun sürətini, təzyiqini hiss edirlər. Uşaqlar “Roma” komandası ilə oynadılar. Rəqibin necə sürətli oynaması, dayanmadan təzyiq etməsi futbolçularımız üçün yaxşı təcrübədir.
– Bəs, niyə klublarımızın aşağı yaş qrupu komandaları beynəlxalq turnirlərə az qatılır?
– Bu suala mənim cavab verməyim doğru çıxmaz. Biz bura gələndən bunun üzərində işləyirik. Təklifimizi deyəndə həm Zaur Əzizov, həm də klub prezidentimiz Kamran Quliyev dəyərləndirir və uşaqları tez-tez beynəlxalq yarışlara göndərməyə çalışırlar. “Neftçi”də əvvəllər də bu proses olub. Həqiqətən də, uşaqları beynəlxalq turnirdə görmək, rəqiblərin məşqlərini, oyunlarını izləmək daha maraqlıdır.
– Ötən ildən “Neftçi” akademiyasında çalışırsınız. Bu klubun gələcəyi necə görünür?
– Akademiyadan danışırıqsa, bura yeni türkiyəli direktor Cemal Bülbül təyin olunub. Gənc olmasına baxmayaraq, bu işdə böyük təcrübəsi var, 6 il “Altınordu”da çalışıb. Həmçinin “Göztəpə” akademiyasının direktoru vəzifəsində çalışıb. Bu işdə təcrübəsi var, “Neftçi” akademiyasına da böyük köməyi dəyəcək.
– “Neftçi” akademiyasının ən əsas prinsipi nədir?
– Prinsipimiz odur ki, akademiyamıza qatılan hər bir uşaq, onların valideynləri, bir sözlə, burada olan hər kəs inkişaf eləsin. 10 yaş qrupumuz fəaliyyət göstərir, ümumilikdə 200-dən çox oyunçu var. İstedadlılar da, orta səviyyəlilər də, zəiflər də var. “Neftçi” akademiyasının əsas məqsədi gələcək üçün daha savadlı insanlar yetişdirməkdir. 200-dən çox uşaq varsa, o demək deyil ki, onların hamısı futbolçu olacaq. Əsas odur ki, vətənpərvər böyüsünlər, millətə layiqli insanlar olsunlar. Şərt deyil ki, hamısı futbolçu olsun. Bəlkə içlərində hansısa hakim, mütəxəssis olacaq, hansısa futbol idarəetməsində çalışacaq. Təbii ki, içlərində istedadlı oyunçular da var ki, onlar əsas heyətə, milli komandalara namizəddirlər.
– “Neftçi” də daxil olmaqla, klublarımızda son illər diqqətçəkən oyunçu yetişmir. Problem nədədir?
– Bu barədə danışmaq üçün gərək bir neçə saat söhbət edək. Problem bir deyil ki, onu qısa deyə bilim. O qədər problemlər var ki. Onları həll eləmək üçün də həm vaxt, həm istək, həm də kömək lazımdır. Təkcə akademiya açıb futbol oynatmaqla iş bitmir. Əsas komandada elədir ki, bir tələb var: yüksək yer tutmaq. Akademiyada tələblər başqadır. Əkməli, becərməli, sulamalısan ki, axırda da xeyrini görəsən. Bəzi işlər bir ilə həll olmur.
– Premyer Liqada 21 yaşadək futbolçularla bağlı limitin ləğv olunması yeniyetmələrə təsiri oldumu?
– Bu limit akademiyadakı uşaqlara stimul verirdi. Düşünürdülər ki, çıxıb orada özlərini göstərmək imkanı qazanacaqlar. Şəxsən mənim fikrimcə, limitin ləğv olunması səhv qərardır. Bunu necə elədilər, bilmirəm. Diqqət yetirin, gənc uşaqlardan kimlər indi əsas heyətdə yer alırlar? Düzdür, buna fikir bildirmək bizim işimiz deyil. Amma Azərbaycanda futbolçu yetişdirmək üçün bunlar olmalıdır.
– 2018-2019-cu illərdə “Sabah”a da rəhbərlik etmisiniz. Əsas komandada işləmək çətindir, yoxsa uşaq futbolunda?
– Harada işləmək asandır ki? Hər yerdə çətidir. Amma işə həvəslə yanaşanda, peşəkar səviyyədə məşğul olanda heç bir çətinlik olmur. İşi çətinləşdirəcək məqamların qarşısını gərək öncədən alasan.
– Siz həm də “Pro” kateqoriyalı məşqçisiniz. Özünüzü daha çox böyüklərdə faydalı hesab edirsiz, yoxsa akademiyada?
– Mənə qalsa, “Barselona”nın baş məşqçisi olmaq istəyirəm. Amma bu, şərt deyil. Əsas odur ki, bacarığınla, qabliyyətinlə fayda verə biləsən. İşlədiyimiz yer buradırsa, deməli, bunu bacarırıq. Əslində, şəxsən mənə görə, aşağı yaş qruplarında işləmək daha maraqlıdır, nəinki Premyer Liqada. Burada heç olmasa işə xidmət edirsən.
ABBAS
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu