“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk oyununu bu gün səfərdə “Frayburq”a qarşı keçirəcək. Etiraf edək ki, bu, Ağdam təmsilçisinin qrupda keçirəcəyi oyunlar arasında ən ağırı olacaq. Ən azı indiki vəziyyətdə kağız üzərində məhz Almaniya təmsilçisi qrupun ən təhlükəli komandası kimi görünür.

Doğrudur, qrupda mübarizə aparan komandalar arasında ən güclü heyət “Olimpiakos”a məxsusdur. Elə 6 qat Fransa çempionu “Nant” da hazırda pis təsir bağışlamır. Amma bu 3 komanda arasında hazırda ən təhlükəli komanda kimi “Frayburq” görünür. Zarafat deyil, Bundesliqanın hazırkı liderindən danışırıq.

İlk baxışdan hücum potensialı elə də yüksək olmayan “Viktoriya” ilə bacarmayan “Qarabağ”ın Almaniyadan xalla qayıdacağı inandırıcı görünmür. Amma “Frayburq” nə dərəcədə güclü olsa da, qarşısıalınmaz deyil. Rəqibin güclü və zəif cəhətlərindən, onların qarşısını necə almağın yollarından danışacağıq.

“Ah” deməmək üçün cinahlara diqqət!

“Frayburq” Bundesliqada mübarizə aparan 18 klub arasında oyunçularının dəyərinə görə 9-cı yerdədir. Yəni, tam ortada. Komandanın heyətində yer alan 28 futbolçudan yalnız 10-u legionerdir. Göründüyü kimi, komanda əsas üstünlüyü yerli futbolçulara verir. Amma bu komandanın oyun üslubundan heç vaxt alman futbolunun ətri gəlməyib. Vaxtilə texnikalı futbolçulara üstünlük verdiyindən (təsadüfi deyil ki, “Frayburq” skautları bu məqsədlə Kobiaşvili və İaşvili kimi gürcü futbolçuları da heyətinə dəvət edirdi – red.), bu komandanı həmişə “Braysqau braziliyalıları” kimi təqdim edirdilər. İstər o vaxtkı, istərsə də indiki dövrdə “Frayburq” texnikalı futbol sərgiləməsiylə diqqət çəkir.

Əslində, bu komandanın belə baxımlı futbol oynamasında məşqçilərinin də böyük rolu olub. Vaxtilə 17 il bu komandanı çalışdıran Folker Finke hansı üsluba sadiq qalırdısa, son 11 ildə Kristian Ştrayx da baden-vürtemberqlilərə eyni futbolu aşılayır. Təsadüfi deyil ki, 2011-ci ildə əsas komandanın “sükanı arxasına” keçənə qədər Ştrayx “Frayburq”un yeniyetmələr və gənclərdən ibarət komandalarını çalışdırıb.

57 yaşlı mütəxəssisin komandaya aşıladığı taktikaya gəlincə, burada son mövsümlər arasında bir qədər fərqlilik görə bilərik. Məsələ ondadır ki, Ştrayx uzun illər komandasını 3-5-2 və ya 3-4-2-1 taktiki düzülüşü ilə meydana buraxırdı.  Bu sistem ötən mövsüm başa çatana qədər davam edib. Amma cari “futbol ili”ndən Ştrayx 4-2-3-1 taktiki düzülüşünə üstünlük verir. Mərkəz müdafiəçilərinin sayında fərqlilik olsa da, oyun konsepsiyasında ciddi dəyişiklik baş verməyib.  “Frayburq”un əsas “irəliləmə magistralı” cinahlar olub ki, yenə də eyni “marşrut”a sadiq qalıblar.

Ştrayx adətən sol cinahda Kristian Günterlə sağda Conatan Şmidtin reydlərinə üstünlük verib. Özü də bu iki cinah oyunçusu bir-biri ilə oynamağı sevir. Biri cinah keçidi ilə yadda qalanda digər onun ötürməsini qolla tamamlamağa üstünlük verir. Əsasən də Şmidt mövsüm boyunca 10-a yaxın ötürmə edirsə, Günter qollarını sıralamaqla yadda qalır. Ona görə də “Qarabağ” bu komanda ilə oyunda cinahlara xüsusi həssaslıqla yanaşmalıdır.

“Frayburq”u zərərsizləşdirməyin yeganə yolu cinahları bağlamaqdır. Belə baxanda Marko Veşoviçin işinin öhdəsindən gələ biləcəyinə haradasa ümid etmək olarsa, Toral Bayramlıya görə narahat olmağa dəyər. Belə məqamda “Qarabağ”ın cinah hücumçuları, yəni Kadi ilə Zubir, yeri gələndə dayaq yarımmüdafiəçiləri cinaha köməyə gəlməlidir. Sadəcə, indiki məqamda “Qarabağ”ın işini bir məqam yüngülləşdirə bilər.  Zədədən əziyyət çəkdiyinə və tam olaraq formasını bərpa etmədiyinə görə Ştrayx  sağ cinahda Kristian Sildillianı oynadır. Amma nə qədər qəribə görünsə də, UEFA-ya göndərilən iştirak ərizəsində Sildillanın adı yoxdur.  Ştrayxın bu zonada kimi oynadacağı maraq doğurur. Yenidən Şmidt variatına üstünlük verilsə, bu zonanı aktivləşdirmək mümkündür. Conatan hazırda oyun praktikasından əziyyət çəkir.

Bu komandanın cinahları hücum planında nə qədər güclü olsa da, müdafiə arxasına atılan toplarda boşluq verirlər. Bacardıqca bundan maksimum yararlanamaq lazımdır. Yəni, Qurban Qurbanov son vaxtlar Kadini ortaya çəkirdisə, “Frayburq”la oyunda bunu etməyə ehtiyac yoxdur. Çünki Kadi cinahdakı boş zonalarda daha fəal ola bilər.

Flekken “canlı bomba”dır!

“Frayburq”un daha bir zəif yeri qapısıdır. Yox, Niderland millisinin formasını geyinən Mark Flekken heç də pis qapıçı deyil. Amma bəzən o, meydanda “canlı bomba” funksiyasını daşıyır. Bu qapıçı “çərçivə”yə uzaq məsafədən ünvanlanan toplarla oynamağı heç sevmir. Belə deyək: Şahrudin Məhəmmədəliyevin bir tayı da “Frayburq”da oynayır. Yəqin ki, onun 2018-ci ildə “Duysburq”da oynayarkən qapısında gördüyü kuryoz qolu xatırlayırsız. Deməli, rəqib hücum qurduğu vaxt Mark ağına-bozuna baxmadan su içməyə gedir və nəticədə boş qapıya qol vurulur. Şahrudini belə qınayırıq, amma “Qarabağ”ın qapıçısı nə eləsə də, bu qədər məsuliyyətsiz hərəkət etməz.

Doğrudur, Flekken “çərçivə”də etibarlı oyunu ilə diqqət çəkir. Bəzən yaxın məsafədən qapıya endilirlən qüvvətli zərbləri belə zərərsizləşdirir. Amma uzaqdan göndərilən topları ya qəbul etməkdə çətinlik çəkir, ya da reaksiya göstərməkdə gecikir. Məsələn, bu mövsüm “Frayburq”un cəmi 1 məğlubiyyəti varsa, o da məhz Flekkenin hoqqası nəticəsində qeydə alınıb. Belə ki, ikinci turda Dortmund “Borussiya”sı ilə ev oyununda komanda 1:0 hesabı ilə öndə olduğu vaxt, sona 13 dəqiqə qalmış Baynou-Qittensin cərimə meydançasından kənarda o qədər də qüvvətli olmayan zərbəsini əliylə qabağına atmaq istəyərkən qapının içinə saldı. Məhz bu qol “Frayburq”un futbolçularını ruhdan saldı və nəticədə komanda meydanı 1:3 hesablı məğlub tərk etdi. Ona görə də “Qarabağ”ın oyunçuları bacardıqca uzaqdan zərbələrlə onu yoxlamalıdır. Almeyda, Kadi, Yankoviç və Ozobiç “ballistik raket” atmaqdan çəkinməməlidir.

Amandır, Qriffo topun arxasına keçməsin!

“Frayburq” haqqında danışarkən, daha bir məqamı xüsusi vurğulamaq lazımdır. Bu komanda standart vəziyyətlərdən sanki penalti kimi istifadə edir. Xüsusən də “Braysqau braziliyalıları”nın cərimə zərbələri daha təhlükəlidir. Topun arxasına italiyalı vinger Vinçenstso Qriffo keçirsə, gözlərimizi yumub Tanrıya dua edək. 29 yaşlı futbolçunun bugünə qədər cərimə zərbəsindən vurduğu qolların sayı-hesabı yoxdur.

Qriffo bəzən cərimə zərbəsi zamanı ideal assistləri ilə də yadda qalır. Özü də Vinçentso adətən mərkəz müdafiəçiləri – Filip Linhardtla Mattias Ginteri və yuxarıda adını çəkdiyimiz Kristan Günteri tapır. Bu oyunçular da başla rəqibin işini bitirir. Hə, klub tarixinin ən məhsuldar oyunçusu Nils Petersen də Qriffonun asmalarını qola çevirməkdə mahirdir. Sadəcə, bəxtimiz gətirib ki, o, hazırda zədədən əziyyət çəkir. Amma mövsümlər arasında fasilə dövründə “Auqsburq”dan alınan avstriyalı hücumçu Mixael Qreqoriş də “az aşın duzu deyil”. Ona görə də “Qarabağ” bacardıqca cərimə meydançasının həndəvərində daha az qayda pozuntusuna yol versin.

Adətən “Frayburq” kimi ortabab komandalar avrokuboklara vəsiqə qazananda heyət bir qədər zəifləyir. Yəni, daha nəhəng komandalar onun heyətində parlayan oyunçuları “sovurmağa” başlayır. Bəli, “Frayburq”a da belə həmlələr edildi. Komandanın perspektivli mərkəz müdafiəçisi Niko Şlotterberq Dortmund “Borussiya”sına üz tutdu. Amma onun əvəzinə komandaya kim gəldi? Bəli, 2014-cü ildə Almaniya millisi ilə dünya çempionu olan Mattias Ginter! Karyerasına “Frayburq”da başlayan, 3 il Dortmund, 5 il də Münxenqladbax “Borussiya”sında oynayan Ginter doğma komandasına qayıdaraq belə desək, qaldığı yerdən davam edir. Budur, hazırda onun cari mövsüm bundesliqada keçirdiyi 5 oyunda aktivində 2 qolu var.

Maraqlıdır ki, yayda “Yuventus” kimi komanda Ginterə təklif göndərmişdi. Amma o, daha az pula məhz doğma klubunu seçdi.  Ona görə də Şlotterberqin gedişindən sonra müdafiədə problemlər yaşanmadı.

“Frayburq”da diqqət edilməli hücumameyilli oyunçulardan biri də yaponiyalı Ritsu Doandır. Ötən mövsümə qədər PSV-də oynayan 24 yaşlı futbolçu “Frayburq”a qoşulan kimi komandanın axarına düşə bilib. Çox sürətli və texnikalı oyunçudur. Rəqibə qarşı pressinq edib topu ondan bir göz qırpımında almağı bacarır. Hələ, onun koreyalı əvəzləyici Yonq Vudan danışmırıq. Ümumiyyətlə, “Frayburq” dəhşətli dərəcədə pressinqə üstünlük verən komandadır. Komandanın hücumçuları top rəqib futbolçularda olarkən onları daim təzyiq altında saxlayır. Çox məharətlə topu oğurlamaqları var. Özü də bir toxunuşlu ötürmələrə üstünlük verirlər. Komandanın oyunçuları arasında anlaşma yüksək səviyyədədir. Qətiyyən topu “çürütmürlər”.  Amma…

Hə, bu yerdə “Qarabağ”a bir şad xəbər vermək olar. Dayaq yarımmüdafiəçiləri Nikolas Hoflerlə Yannik Kietel ekstra məharətə sahib deyil. Yəni, topu nəzarətə götürmək, onunla incə rəftar etmək onlarlıq deyil. Bu iki oyunçunun daim çənəsinin altını kəsdirmək lazımdır. “Frayburq”un qapısının açarları həm də bu iki oyunçunun üstünə çıxdığı “palazın altındadır”. “Qarabağ”ın oyunçuları qətiyyən gözlərini Hoflerlə Kieteldən çəkməməlidir.

Rotasiyanı sevməyən Ştrayx

Bir məqam da bizim xeyrimizə işləyə bilərdi, amma heyf ki, “Frayburq”la mövsümün əvvəlində oynayırıq. Məsələ ondadır ki, Ştrayx rotasiyanı sevmir. Bundesliqada oynatdığı heyəti ölkə kubokunda da oynadır və sizi əmin edirəm ki, Avropa Liqasında da oynadacaq. Yəni, bu oyunçular mövsümə belə enerjili başlayıbsa, Bundesliqada liderliyi ələ keçiribsə, günlər ötdükcə “töküləcəklər”. İndi formada olduqlarına görə, bəxtimiz gətirməyib, amma son turu tökülüb-dağılmaq ehtimalı olan bu komanda ilə Bakıda oynamağımız yaxşı məqamdır. Bəlkə ovaxta qədər də qrupdan çıxmağı həll edərlər, Ştrayx məcbur olaraq rotasiyaya əl atar. Amma adam bunu heç sevmir. Ona görə də bu dəqiqə Almaniya mətbuatı Ştrayxın Avropa Liqasında hansı heyətlə oynayacağını səbirsizliklə gözləyir. Çünki eyni heyət həftəyə 2 oyuna çıxsa, pis vəziyyətə düşər. Nəzərə alaq ki, bu komandanın zəngin avrokubok təcrübəsi də yoxdur. Həqiqətən də “Frayburq”un qrupda necə oynayacağı maraq doğurur.

Bizə də bir məsələ maraqlıdır: İbrahima Vadjinin gedişindən sonra Qurban Qurbanov hücumun sivri ucunda kimə şans verəcək? Ramil Şeydayevi önə çəkə bilərmi? Yoxsa, həmin mövqedə Ovusu Kvabenaya şans verəcəkmi?  Müdafiədə çox səliqəli oynayan, hətta rəqibə bəzən qol vəziyyətiverməyən bu komandanı hansı hücumçumuz təəccübləndirə biləcək? Baxın, bu oyunda bizə Vadji lazım idi. Bəlkə də Ovusu ehtiyatda qalıb Şeydayevlə Kadi sağ-orta yerini tez-tez dəyişə bilər. Həqiqətən də “Qarabağ”ı çox çətin sınaq gözləyir.

CAVAD

Shares: