Sərbəst güləş üzrə Azərbaycan güləş millisinin sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Futbolinfo.az Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, mundialın son günlərində sərbəst güləş üzrə milli mübarizəyə qoşulacaq.

Bu gün Olimpiya Güləş Mərkəzində yığma komandanın üzvləriylə görüş keçirilib. Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, millinin baş məşqçisi Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, Olimpiya çempionu Toğrul Əsgərov və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov idmançılara məsul yarışda uğurlar arzulayıb və tövsiyələrini çatdırıb. Daha sonra heyət açıqlanıb.

Dünya çempionatında baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Aydın Əhmədov (125 kq) Azərbaycanı təmsil edəcək.

Sentyabrın 14-də sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Coşqun Əzimov, Əşrəf Aşırov, Əbubəkr Abakarov və Aydın Əhmədov yarışa start verəcək. Ayın 16-da Əliabbas Rzazadə, Turan Bayramov və Osman Nurməhəmmədov, ayın 17-də isə İslam Bazarqanov, Hacı Əliyev və Məhəmmədxan Məhəmmədov xalça üzərinə çıxacaq.

Shares: