Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəhər stadionunda olub.
Futbolinfo.az xəbər verir ki, icra başçısı “Kəpəz” PFK İB İdarə Heyətinin sədri İlqar Nadiri, qurumun üzvləri millət vəkili Müşfiq Cəfərov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, eləcə də əsas komandanın baş məşqçisi Tərlan Əhmədov ilə görüşüb.
İdarə Heyətinin sədri İlqar Nadiri arenada görülən işlər barədə məlumat verib. Bildirib ki, stadionun ərazisində Gəncə Futbol Akademiyası üçün bina tikilir, təbii örtükdən ibarət iki böyük ölçülü meydan salınır. Futbol akademiyasının Gəncədə uşaq futbolunun inkişafına təkan verəcəyini qeyd edən İlqar Nadiri tikinti işlərinin bu ilin sonuna kimi başa çatdırılacağını deyib. Meydanların da qarşıdakı iki ay ərzində istifadəyə veriləcəyi vurğulanıb. Stadionun qəzalı vəziyyəti ilə maraqlanan İcra Hakimiyyətinin başçısına bildirilib ki, “Kəpəz”in ev oyunlarını burada keçirə bilməməsi azarkeşləri məyus edib. Niyazi Bayramov vəziyyətin həlli istiqamətində kluba dəstək verəcəklərini söyləyib.
Yeni baş məşqçi Tərlan Əhmədovu təyinatı münasibəti ilə təbrik edib ona uğurlar arzulayan icra başçısı Gəncədə futbolun çox sevildiyini deyərək “Kəpəz” azarkeşlərinin qələbələrə layiq olduğunu əlavə edib. Təcrübəli mütəxəssis komandanın əvvəlki ənənələrini bərpa etməsi üçün çalışdıqlarını, tezliklə fanatları sevindirəcəklərinə inandığını vurğulayıb.
İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov stadionda U-15 Liqasının 2-ci turun oyunları çərçivəsində keçirilən “Kəpəz” – Şimal Elit görüşünü də azarkeşlər arasından izləyib. Qarşılaşmadan sonra hər iki komandanın məşçqiləri və futbolçuları ilə görüşüb, onlarla xatirə fotosu çəkdirib.