Futbol üzrə Azərbaycan Birinci Divizionunda 3-cü tura yekun vuruldu. Son oyun günündə “Mingəçevir” doğma azarkeşlər önündə “Qarabağ-2” ilə üzə-üzə gəldi. Oyun ağdamlıların 4:0 hesablı qələbəsi ilə başa çatdı.
Görüşdə hesab 23-cü dəqiqədə açıldı – Seyxan Fərəcov fərqləndi. 38-ci dəqiqədə qonaqlar üstünlüklərini iki top çatdırdılar: Əşrəf Zeynallı qonaq komanda azarkeşlərini sevindirdi.
İlk yarının sonuna 4 dəqiqə qalmış ev sahiblərinin heyətində Rüstəm Nuriyev qırmızı vərəqə alaraq oyundan qovuldu. Bu, ağdamlıların işini daha da asanlaşdırdı və ikinci hiasədə onlar daha iki top vurmağı bacardı. 63-cü dəqiqədə Emil Abbasov və 73-cü dəqiqədə Elvin Nəsibov vurduğu qollarla yekun nəticəni müəyyənləşdirdilər. Görüşdən sonra hər iki komandanın baş məşqçiləri oyun haqqında fikirlərini bölüşdülər.
Qeyd edək ki, növbəti turda “Mingəçevir” səfərdə “İmişli” klubunun qonağı olacaq. “Qarabağ-2” isə “Qaradağ Lökbatan” klubunu qonaq edəcək.
BƏHRUZ MUSAYEV, Mingəçevir