“Qarabağ” Benqali-Fode Koyta ilə anlaşmayıb. “Trabzonspor”dan ayrılan hücumçunun ölkəmizə gələcəyi ilə bağlı verdiyi açıqlama doğru deyil.

Futbolçunun bu açıqlamanı hansı məqsədlə verdiyini bilmirik. Bəlkə də o, özünü gündəmə gətirmək üçün bu fikirlərə ehtiyac duyub. Lakin klubdan aldığımız məlumata görə, Koytanın “Qarabağ”a gəlişi müzakirə mövzusu deyil. Futbolçu ağdamlılara təklif edilib, bir müddət öncə onunla danışıqlar aparılıb, amma razılıq əldə olunmayıb. Ona görə də Koytanın transferi birdəfəlik qapanıb.

Lakin ağdamlılar mütləq yeni hücumçu transfer edəcək. Əldə etdiyimiz bilgiyə görə, hazırda iki oyunçu ilə aktiv danışıqlar gedir, onlardan biri ilə müqavilə imzalanacaq. Danışıqlar prosesi uzansa da, yeni həftənin əvvəlində transfer tamamlanmalıdı. “Qarabağ” azad agent kimi heyətinə qatacağı forvardı Avropa Liqası üçün sifariş edə biləcək. Təmsilçimizin növbəti oyuna 24 saat qalanadək bunu etmək imkanı var.

Danışıqlar aparılan oyunçuların kimliyini dəqiqləşdirə bilməsək də, birinin son mövsümdə Portuqaliya çempionatında çıxış etdiyini öyrəndik. “Qarabağ”ın əvvəllər bu ölkədən xeyli legioner gətirdiyini nəzərə alsaq, inanmağa və gözləməyə dəyər.

Xatırladaq ki, İbrahima Vadjinin satılmasından sonra “Qarabağ” yeni hücumçuya ehtiyac duyur. Transfer pəncərəsi bağlanana kimi yeni futbolçunun keçidini həll etmək mümkün olmadı. Ağdamlılar təklif olunanların çoxunu bəyənmədi, bəyəndikləri isə Azərbaycana gəlmək istəmədilər. Bu səbəbdən “Frayburq”la ilk qrup oyununa kimi heyəti gücləndirmək alınmadı. Hər nə qədər tələssə də, səviyyəli hücumçu almaq istəyən “atlılar” indi azad agentlər arasından seçim etməyə məcburdu.

CAVAD

Shares: