“Qarabağ” – “Nant” oyunun duyğusal tərəfindən saatlarla danışmaq olar. Tarixində ilk dəfə “Böyük Beşlik” komandasını məğlub edən Ağdam klubu, Avropa Liqasının qrup mərhələsində minimum 3-cü yeri tutub heç olmasa, Konfrans Liqasına vəsiqə qazanmaq üçün önəmli bir addım atdı. Təbii ki, hədəf daha yüksək yerlə Avropa Liqasında mübarizəni davam etdirməkdi, lakin ən pis halda avrokubokun yaz mərhələsinə qalmaq üçün bu yer də qəbulolunandı.
Qurban Qurbanovun yetirmələri “Frayburq”la səfər matçında göstərdiyi oyunu “Nant”la evdəki görüşdə daha da təkmilləşdirdi. “Qarabağ” bu oyunla yaz fəslində oynamağa layiq olduğunu göstərdi. 71 şəhid verdiyimiz bu ağır günlərdə 72-ci dəqiqədə Yankoviçin vurduğu 3-cü qol ürəyimizdən necə tikanlar çıxartdı. 12 sentyabrda başverənləri 12 dəqiqəlik zamana sığışdıraraq könüllərə su səpən komanda hər cür alqışa layiqdi.
Qələbə də var qələbə – bu, başqa bir şey idi. Yazıda “Qarabağ”ın Fransa klubunu hansı taktika ilə məğlub etməsi haqqında danışmaq daha doğru olardı.
Oyundan əvvəl “Nant”ı zərərsizləşdirməyin yollarına aid həsr etdiyimiz yazıda bu komandanı məğlub etməyin mümkünlüyündən danışmışdıq. Qapıda Alban Lafontdan başlayıb hücumun sivri ucunda qərarlaşan Mustafa Məhəmmədə qədər hamını “rentgen”dən keçirmişdik. Biz “sarı bülbüllər”i necə təhlil etmişdiksə, Qurban Qurbanov da bu komandanı eyni cür incələmişdi.
Ümumiyyətlə,Qurbanov illərlə əla təcrübə yığıb, komandası kimi özü də bir üst “level”ə keçib. O, xüsusilə bu mövsüm avrokuboklarda onlarla qarşılaşan rəqibləri mükəmməl təhlil etmək bacarığı ilə seçilir. Bu məsələdə “Qarabağ”ın məşqçisi çox “artırıb”. Bu dəfə fərqli oynamağa üstünlük edən “Nant”ı tam çözmək, adekvat cavab vermək üçün Qurban bəyə 45 dəqiqə kifayət etdi, fasilədə verdiyi tapşırıqlarla ikinci hissədə ssenarini tam dəyişdi.
“Nant”ın təhlilində qeyd etmişdik ki, bu komandanın ən təhlükəli mövqeyi sol cinahdır. Fransa klubunun qarşısını almaq üçün sağ cinahda qərarlaşan Marko Veşoviçin üzərinə ağır yük düşəcəkdi. Çünki olduqca sürətli reydləri olan və əla driblinq qabiliyyətinə malik Mozes Simon “köhlən atlar”ın başını çox ağrıda bilərdi. Belə də oldu. “Nant” oyuna başladı, nə başladı. Simon sol cinahı “rels”ə çevirərək ekspress qatarı kimi “Qarabağ”ın qapısına doğru yol almağa çalışdı. Bir-iki epizodda Şahrudin onun həmlələrini zərərsizləşdirdirdisə, sonrada Veşoviç şlaqbauma çevrilərək Mozesin qarşısını kəsdi və onu “depo”ya göndərdi.
Rəqibin daha bir təhlükəli oyunçusu olan, “Qalatasaray”dan tanıdığımız misirli forvard Mustafa Məhəmməd də Bədavi Hüseynovun əlində girinc qaldı. Ümumiyyətlə, millimizin müdafiəçisi bu görüşdə karyerasının ən mükəmməl oyunlarından birini keçirdi.
Konkret fərdlərdən danışırıqsa, Qurbanovun döyüşə atdığı heyətə ümumi nəzər salmaq daha məqsəduyğun olardı. “Frayburq”la oyunla müqayisədə Qurbanov heyətdə müəyyən dəyişikliklərə əl atmışdı. “Sürix”lə səfər oyununa qədər müdafiənin sol cinahında qərarlaşan Elvin Cəfərquliyev yenidən əsas heyətə yol tapdı. Hər halda, “Viktoriya” və “Frayburq”la səfər oyunlarında Toral Bayramovun səhvləri bu dəyişikliyi zərurətə çevirmişdi.
Yarımmüdafiədə dəyişiklik isə sırf taktiki gedişlərlə əlaqədardır. “Nant”ın yarımmüdafiə xəttində boşluqları nəzərə alan 50 yaşlı mütəxəssis cinaha meyilli Ramil Şeydayevi ehtiyat oyunçular skamyasında əyləşdirib ortada “beton mismarı” kimi möhkəm olan Filip Ozobiçi döyüşə atmışdı. Xorvatiyalının arxasında isə həmişəki kimi Qara Qarayevlə Marko Yankoviç oynayacaqdı. Belədə son vaxtlar hücumçunun arxasında oynayan Kadi Ramilin yerinə keçəcəkdi.
Bəli, bu taktiki düzülüş özünü doğrultdu. Yuxarıda qeyd etdiyimiz kimi, ilk 15-20 dəqiqəlik hissədə rəqibin təzyiqini hiss edən “Qarabağ” yavaş-yavaş hücumlarının kəsərini artırdı.
“Nant”a aid təhlili yazımızda da qeyd etmişdik ki, bu komandanın əsas gücü cinahlar və hücumdur. Mərkəz yarımmüdafiəçiləri və müdafiəçilərinə bir az pressinq tətbiq etsən, komandanın bütün sistemi dağılacaq. Oyuna 3-5-2 taktiki sxemi ilə çıxan Antuan Kambuare konkret yenə də zəif yerindən vuruldu. Etiraf edək ki, müdafiəçilər Appia və Jirottonun ehtiyat oyunçular skamyasında əyləşdirilməsi bir qədər gözlənilməz oldu. Məsələn, vaxtilə “Mançester Yunayted”də oynayan Fabio işinin öhdəsindən gələ bilmədi. Doğrudur, ona Korşia kömək etməyə çalışsa da, Zubir sol cinahda driblinqləri ilə bu iki nəfəri yerə sərməklə məşğul idi. Pallua ilə Kastelyetto təkbətək mübarizələrdə pis təsir bağışlamasa da, mövqe seçimində yanlışlığa yol verirdilər.
İlk hissədə müdafiə üçlüyünü çözən Kadi, Ovusu və Zubir fasilədən sonra əməlli-başlı fırtına yarada bildi. Qarayev – Yankoviç – Ozobiç üçlüyü isə mərkəzdən “oğurladığı” topları sağa-sola paylamaqla “Nant”ın ağır müdafiəsinin öhdəsindən gəldi. Məsələ ondadır ki, yaradıcılığı ilə də seçilən Sisokko, Matusami və Blas da “Qarabağ”ın həmlələrindən baş çıxara bilmədi. Nə Qonaqo ilə Məhəmmədi topla təmin etdilər, nə də arxaya kömək etməyi bacardılar. “Nant” əsas silahlarından olan hava ötürmələrindən də istifadə etməyi bacarmadı. “Qarabağ”ın futbolçuları ümumiyyətlə, topu göyə qaldırmağa imkan vermədilər.
Bəxtimiz onda gətirdi ki, “Nant” Veşoviçin cinahını dağıda, ardınca hücumun yükünü Cəfərquliyev tərəfə çəkə bilmədi. Çünki Elvin Veşoviç kimi ideal müdafiə oluna bilməyəcəkdi. Bu mənada Cəfərquliyevə Qara çox kömək edirdi.
Əslində, Ovusu oyunda hesabı açana qədər heç də ideal təsir bağışlamırdı. Bəzi epizodlarda onun ağır tərpənməsi və doğru mövqe seçməməsi “Qarabağ”ı dişsiz göstərirdi. Futbolçularımız real şansları boşa verincə yadımıza İbrahima Vadjini salırdılar. Amma Ozobiçin zərgər dəqiqliyi ilə ideal ötürməsini Ovusu qola çevirməyə bilməzdi. Bu qol “Nant”ın psixoloji cəhətdən sındırılması oldu.
Hesab açılandan sonra artıq taktiki mübarizə yox, psixiloji durum ön plana çıxdı. “Qarabağ” oyunu elə qurdu ki, elə bil əsas domino daşlarını öz əlində cəmləşdirib rəqibi “bazara göndərirdi”. Elə Zubirin vurduğu ikinci qol da “Nant”ın müdafiə xəttinin bazara göndərilməsi demək oldu. Kambuare oyunu bərbad keçirən Qanoqonu Gessan və Sissokonu Çirivelli ilə əvəzləyib vəziyyəti dəyişmək istəsə də, artıq iş-işdən keçmişdi. Oyunun əvvəlində meydana çıxmalı olan Jirottonun Motusami ilə əvəzlənməsi də bir işə yaramadı.
Qubanovun Ozobiçlə Şeydayevi əvəzləməsi bir qədər riskli görünsə də, sonrakı dəqiqələrdə göründü ki, məşqçi haqlıdır. Çünki Ramil sürəti ilə yerə yıxılan rəqibi əzməyi bacardı. Sadəcə, Şeydayevin son nöqtəni qoya bilməməsi adama pis təsir edir. Digər əvəzetmələr isə sadəcə, formal xarakter daşıdı. Hətta Musa Qurbanlı bu mövsüm ilk dəfə avrokuboklarda oynamaq imkanı əldə etdi.
Hə, qaldı “Olimpiakos”. Bircə Tanrıya yalvaraq ki, klubun sahibi Marinakis Yevangelos Marinakis baş məşqçi Karlos Korberanı istefaya göndərməsin. Çünki bir dəfə başımız belə çəkib. Qrupda işlərinin qaydasında getmədiyini görən APOEL rəhbərliyi “Qarabağ”la oyun ərəfəsində Tomas Dollu gətirib komandanı toparlamağı bacarmışdı. Amma Marinakis Korberanı atsa, artıq bu mövsüm 2-ci dəfə məşqçi dəyişikliyinə yol verəcək. Mövsümün əvvəlində iki dəfə məşqçi qovarlarmı? Kim gəlir gəlsin, “Qarabağ” ulduzlar toplusu olan “Olimpiakos”dan qorxmamalıdır. Onun da vaxtı çatanda danışarıq…
CAVAD