Misli Premyer Liqasının VII turunun açılış günü sürprizsiz keçdi. “Qarabağ”la birlkdə mövsümün əsas favoritləri olan “Negtçi” ilə “Sabah” növbəti qələbə sayəsində zirvədə yerini möhkəmlətdi.

“Sabah”ın işi daha rahat oldu. Cəzalı baş məşqçisi Murad Musayev olmadan meydana çıxan bakılılar, “Turan Tovuz”la heyətlər arasındakı fərqi ilk dəqiqələrdən ortaya qoydu. Ardıcıl rəngarəng hücumların yekununda 34 dəqiqəyə 2 qol vuran paytaxt təmsilçisinin qələbə qazanacağı hələ fasiləyə kimi bəlli idi. Qonaqların elə məhz “Sabah”dan icarəyə götürdüyü Şakir Seyidov 39-cu dəqiqədə qırmızı vərəqə almaqla ikinci hissəni formallığa çevirdi.

Buna qədər mövsümdəki yeganə məğlubiyyətini də azlıqda qaldığı oyunda alan tovuzluların qapısını toxunulmaz saxladığı ardıcıl 4 matçdan sonra belə aqibətlə üzləşməsi gözlənilən idi. Komanda mövcud heyəti və imkanları ilə yalnız özü səviyyədə olan rəqibləri ilə baş çıxara bilər. “Sabah”ın heyəti isə çempionluq, ən azı avrokuboklara vəsiqə üçün qurulub.

Amma bundan öncəki 2 matçda qələbəyə həsrət qalan “Sabah” az qala özü-özünə problem yaradacaqdı. Fasilədən sonra saysız qol omkanlarını boşa verən meydan sahibləri, fərqi biabırçı həddə çatdırmalı olduğu oyunda yersiz qol buraxdı. Abdulah Xaybulayev meydana çıxdıqdan az sonra rəqib futbolçuya əla qol ötürməsi etdi – 2:1.

Bundan ruhlanan qonaqların baş məşqçisi Ayxan Abbasov risk etməyə, hücumameylli oyunçuların sayını artırmağa qərar verdi. Lakin azlıqda oynadığından həddindən artıq güc itirən tovuzlular bunu bacarmadı, əvəzində növbəti qolu buraxdı.

“Sabah”ın liderliyi heç 2 saat da çəkmədi. Çünki daha sonra meydana çıxan “Neftçi” növbəti qələbə sayəsində zirvəyə qalxdı. Laurentsiu Regekampfın yetirmələri bütün komponentlərdə üstün olduğu “Səbail”i asanlıqla yenməyi bacardı. Nominal qonaqlar matçın müəyyən bölümlərində əziyyət çəksə də, usta oyunçuların sayəsində vacib olan qolları vurdu.

Oyuna ciddi itkilərlə çıxan “Neftçi”nin keçirdiyi 7 oyunun 6-da qələbə qazanması sıradan nəticə deyil. Hətta pis oynadıqları dönəmlərdə belə xalları sıralayan komanda mükafatlar uğrunda mübarizədən qopmur, eyni zamanda yeni yığılan heyətin oyun planında inkişafı yaxşılaşır.

“Neftçi” qələbə qazanmasaydı, yəqin ki, hakimlk məsələsi yenidən ön plana çıxacaqdı. Çünki epizodların birində “Səbail”in qapısına aşkar penalti təyin edilmədi. VAR müzakirələrindən sonra baş hakim Əliyar Ağayevin özünün monitora yaxınlaşması da nədənsə ədalətin bərpasına, aşkar qayda pozuntusunun penalti kimi dəyərləndrilməsinə səbəb olmadı. Qonaqlar qollarını vurmasaydı, Mamadu Mbodja qarşı kobudluğun düzgün dəyərləndirilməməsi ciddi müzakirələrə səbəb olacaqdı.

Qodsvey Donyonun zədəli olması üzündən start heyətdə yer alan Yeqor Boqomolskinin şansları sağa-sola xərclədiyi matçda hesabı Emin Mahmudov açdı, son nöqtəni isə müdafiəçi kimi tanıdığımız Gilyermo Pato qoydu. Bu futbolçu aylardı özünü sübut edə, heyətə düşə bilmir. Məşqçi həlledici məqamda ondan hücumda yararlandı və futbolçu şansını qaçırmadı.

“Səbail”in baş məşqçisi Mahmud Qurbanovun məğlubiyyətə layiq olduğuqlarını etiraf etməsi maraqlı məqam idi. Lakin onun izahatı bir qədər qəribə görünür. Çalışdırıcı çox qol buraxmalarını müdafiə xəttinin yarıtmaz işinə bağladı, halbuki komanda halında müdafiə oluna bilməmək elə məhz məşqçinin günahıdı. Oyun fərdi səhvlərdən yox, komanda oyununun yaxşı təşkil olunmaması üzündən uduzuldu.

Artıq 7 oyuna cəmi 5 xal toplayan “Səbail”də məşqçi dəyişikliyinin yenidən aktullaşması gözləniləndi. Yaxşı büdcə, yaxşı heyətin qarşılığında hazırkı nəticələr fiasko sayılmalıdı. 1-2 uğurlu oyundan sonra yenidən böhrana düşmək yaxşı perspektiv vəd etmir. Evdə keçirdiyi 4 oyunun hamısında məğlub olan komanda növbəti 2 matçını da Bayılda keçirəcək, ikinci dövrədə isə 6 səfər matçı var. Deməli, Qurbanov postunu xilas etmək üçün növbəti 2 matçda qalib gəlməyə məhkumdu.

Paytaxt derbisindəki hakim səhvlərini qeyd etdik, digər matç yaddan çıxdı. Ötən tur hakim qərəzi üzündən məğlub olan “Sabah” dünən problem yaşamadı. Amma hakimlərin qısa zamanda qərar verilməsi mümkün epizodlarda 4-5 dəqiqə monitor arxasında məəttəl qalmasını anlamadıq. Görünür, bu komandaya qarşı növbəti səhvin reallaşmasından ehtiyat edən hakimlər epizodları diqqətlə çək-çevir edirdi. Lakin buna həddindən artıq zaman itirirdilər, sadə epizodlarda belə yersiz müzakirə açırdılar. Hakimlərimizin VAR-da iş baxımından çox zəif olduğu çılpaqlığı ilə üzdədi.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp