“Zirə”nin Yunanıstandan olan müdafiəçisi Dmitrios Çantakias ölkəsinin mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, o, vaxtilə Azərbaycana klubuna keçidinin necə alınmasından söz açıb:

“Buraya komandanın baş məşqçisi Rəşad Sadıqov sayəsində gəlmişəm. O, uzun illər Azərbaycan millisinin kapitanı olub və ölkə futbolunun əfsanəsidir. Sadıqovu Trayanos Dellasla müqayisə edə bilərəm. Mən Bolqarıstanın “Çerno More” klubunda çıxış edərkən Sadıqov mənim oyunlarımı izləyib. O, birbaşa özü mənimlə əlaqə saxladı. Mənə güvənir və nə istədiyini izah edir. Bunu yaxşı qiymətləndirirəm. Premyer Liqanın 6-cı turunda “Səbail”ə vurduğum qolu da məhz ona həsr etmişdim”.

27 yaşlı futbolçu paytaxt təmsilçisinin hədəflərindən söz açıb: “Gəldiyim andan avrokuboklarda oynamaq istəyirdik. İlk mövsümdə uğur qazana bilmədik. Amma ötən mövsüm çempionatda 3-cü olduq və ölkə kubokunun finalına yüksəldik. Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində isə İsrailin “Makkabi” (Təl-Əviv) klubuna uduzduq. Amma bu matçlarda yaxşı oynamışdıq və mərhələ keçə bilərdik. İki qarşılaşmadakı statistikamıza nəzər salsaq, çox yaxşı iş ortaya qoyduğumuzu görə bilərik”.

Müdafiəçi Azərbaycan futbolunu Yunanıstandakı ilə müqayisə edib: “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Fransanın “Nant” komandasına 3:0 hesabı ilə qalib gəldiyini gördünüz. Biz ötən il Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Olimpiakos”la oynayan “Neftçi”ni iki dəfə məğlub etmişdik. Burada futbol üslubunda Yunanıstanla müqayisədə xüsusi fərq yoxdur”.

Çantakias 2020-ci ilin sentyabrından “Zirə”də çıxış edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp