İyunun 3-də UEFA Millətlər Liqasında səfərdə Qazaxıstanla keçiridiyimiz ilk oyundan əvvəl ağlımıza gələrdi ki, bu rəqiblə sentyabrın 25-də evdə keçirəcəyimiz görüş ərəfəsində bütün şanslarımızı itirəcəyik. Doğrudur, məqsəd qrup qalibi olmaq idi. Amma razılaşaq ki, millimizdən danışırıqsa, reallıqla məqsəd üst-üstə düşmür.
Hər halda, qorxduğumuz başımıza gəldi. Qorxu deyəndə ki, uğursuz olacağımızı gözləyirdik və bu da baş verdi. Ancaq ağlımıza da gəlməzdi ki, Qazaxıstan millisi Bakıya qrup liderliyini təmin etmiş etmiş vəziyyətdə gələcək və bu oyun formallığa çevriləcək. Hamımız fikirləşirdik ki, Slovakiya seçməsi hər şeyi həll edəcək və biz uzaqbaşı qrup ikinciliyi uğrunda mübarizə aparacağıq.
Slovakiya millisi özü istəmədən qrupun ssenarisini elə yazdı ki, heç Hollivud rejissorları fantastik film çəkmək üçün belə mistik və utopik quruluşa yaxın durmazdı. Slovaklar o qədər şıltaqlıq etdi ki, Qazaxıstan millisi bir kənara qalsın, bizi də özündən qabağa buraxdı.
Qazaxlar üçün Bakıdakı oyun formal əhəmiyyət kəsb etsə də, biz “Dalğa Arena”da qalib gəlib qrupda ikinci yeri tuta bilərik. Bəli, AFFA Canni de Byazinin qarşısına “slovakları qabaqlamalısan” tapşırığını necə qoydusa, italiyalı mütəxəssis onu canla-başla həyata keçirməyə yaxındır. Amma 66 yaşlı mütəxəssin başı slovaklara qarışdı, qazaxlar aradan sıyrılıb önə çıxa bildilər.
Əslində, bizi elə pis vəziyyətdə qoyan da slovaklar oldu. Heç qazaxlara 6 xal vermək olar?! Məsələn, bizim belə bir fikrimiz yoxdur. Astanadakı oyunda ilk hissədə pis təsir bağışlamasaq da, fasilədən sonra qapımızda iki məntiqsiz qol gördük. Bu dəfə Xəzərdəki qonşularımıza elə dənizin qırağında borcumuzu qaytarmağa hazırlaşacağıq. Rəqibin heç bir turnir hədəfi olmadığından bundan istifadə etmək olar.
Slovakiya yığması ilə oyundan əvvəl rəqibin təhlili ilə bağlı yazımızda, onların bizə qarşı necə oynayacağını tam müəyyənləşdirmək mümkün olmadığını necə demişdiksə, qazaxlarla oyundan əvvəl də eyni vəziyyətə düşmüşük. Slovakları çözməyin problemi onda idi ki, rəqib yeni baş məşqçisi Françesko Kaltsonanın başçılığı altında ilk oyununa çıxırdı. Bu məşqçi ilə şərqi avropalıların necə oynayacağını müəyyənləşdirmək mümkün deyildi. Qazaxıstan millisinin bizə qarşı necə oynayacağını isə onların missisiyasını başa vurmasına görə aydınlaşdırmaq müşkül məsələdir. Çünki komandanın baş məşqçisi Məhəmməd Adiyev daim güvəndiyi oyunçulara istirahət verə bilər. Üstəlik, məşqçi eksperiment kimi taktikanı da dəyişə bilər. Hə, 3-cü səbəb də var. Oyunçuların motivasiyasının fərqli olması mümkündü.
Hələ zədədən qorunmaq məsələsi də var. Ona görə də rəqibi dünəninə görə təhlil edib bu günündə yanıla bilərik.
Əslində, Qazaxıstan seçməsini bu səviyyəyə Adiyev yüksəldib. Qazaxıstan Futbol Federasiyası uzun müddət uğursuzluqla yadda qalan məşqçiləri əlcək kimi dəyişdirsə də, Adiyev “əllərinə kip otura bildi”. Təsəvvür edin ki, bu ölkənin yığmasını hətta yaxınlarda “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsindən kənarlaşdıran “Viktoriya Plzen”in baş məşqçisi Mixal Bilek də çalışdırıb. Amma 2019-cu ilin yanvarın 19-dan 2020-ci ilin dekabrın 9-na qədər davam edən bu əməkdaşlıq heç bir effekt verməyib.
Bilekdən sonra yerli mütəxəssislər Talqat Baysufinovla Andrey Karpoviç millini bataqlıqdan çıxara bilmədilər. Amma aprelin 27-də rusiyalı mütəxəssis “sükan arxasına” əyləşdirildikdən sonra bu komanda inanılmazı bacardı.
Kimdir Adiyev? 1977-ci ildə Çeçenistanın paytaxtı Qroznıda dünyaya gələn Məhəmməd “Anji”, ÇSKA, “Spartak”ın əvəzedicilərində, “Sokol”, “Terek” və “Krivbass” kimi komandalarda gününü keçirib. Hər il bir klub dəyişən Adiyevin ən böyük uğuru 2004-cü ildə “Terek”lə Rusiya kubokunu qazanması olub.
Adiyev məşqçi kimi də tez-tez komanda dəyişməsi ilə yadda qalıb. Futbolçu karyerasını “Nijni Novqorod”da bitirdikdən sonra bu komandada köməkçi-məşqçi kimi çalışan rusiyalı mütəxəssis, daha sonra müxətlif illərdə “Volqa”, “Terek” (sonradan “Axmat”) və “Anji” kimi klublarda dövrə vurub. Necə deyərlər, 1-cidən çıxıb 2-ciyə gedib, 2-cidən 3-ə keçib, oradan yenə 1-ciyə qayıdıb, sonra 2-dən 3-ə, 3-dən yenidən 2-yə düşüb. Bax, belə-belə dövr edib. Titul yox, nəticə yox.
Adiyevin ulduzu 2021-ci ildə Qazaxıstana üz tutmaqla parıldayıb. Doğrudur, Karaqanda “Şaxtyor”unun yükünü çiyninə götürən Məhəmməd burada ciddi uğur qazana bilməyib. Onun başçılığı altında 2021-ci ildə karaqandalılar çempionatda 6-cı yeri tutub. Amma onun komandada yaratdığı intizam federasiyanın diqqətini cəlb edincə, aldıqları doşab bala çevrildi. Bu da nəticəsi…
Qazaxıstan millisinin heyətinə nəzər salanda orada əsasən yerli çempionatın oyunçularının olduğunu görürük. Bizim dilimizə belə bir söz düşüb: millinin uğur qazanması üçün mütləq yerli futbolçular legioner həyatı yaşamalıdır. Əslində, bu, dünya təcrübəsində belədir. Amma Adiyev Millətlər Liqasında bu mifi yerlə bir etdi. Hazırda Qazaxıstan yığmasında oynayan cəmi 4 legioner var: müdafiəçilər – Marat Bıstrov (“Axmat” Rusiya) ilə Nuralı Alıp (“Zenit”, Rusiya), yarımmüdafiəçilər – Yan Voroqovski (“Molenbek” Belçika) ilə Baktiyar Zaynutdinov (ÇSKA, Rusiya).
Bizim legioner futbolçularımızın sayı daha çoxdur. Amma bizdə kənar ölkədə doğulub milliyə cəlb olunan, daha doğrusu, “milliləşdirilən” futbolçuların sayı-hesabı yoxdur. Qazaxıstan yığmasında ölkədən kənarda doğulan yalnız bir futbolçu var. Söhbət Ukraynada doğulub sonradan “qazaxlaşdırılan” Sergey Malıydan gedir. Amma o da 2013-cü ildən Qazaxıstan klublarında oynayır. Digər oyunçular, hətta rusmənşəlilər belə Qazaxıstan futbolunun yetirməsidir.
Bax, belə məhdud potensialla Adiyev qrupda 13 xal toplayıb komandasına Avropa çempionatına gedən yolda cığır açdı. İndi hər şey öz əllərindədir. Yarımfinal və finalda bir qələbə ilə Qazaxıstan millisi Avropa çempionatının final mərhələsində oynamaq imkanı əldə edə bilər. Təsəvvür edin, tarixdə ilk dəfə Asiya komandası bunu bacara bilər. Halbuki, bir başqa Asiya komandası olan İsrail yığması 1996-cı ildən buna cəhd edir, heç nəyə nail ola bilmir.
Qazaxıstan millisinin oyununu çözmək üçün konkret oyunçuları ayrılıqda təhlil etməyə ehtiyac yoxdur. Komandanın futbolçularının demək olar ki, səviyyəsi bir-birinə yaxındır. Rəqibin əsas gücü intizamlı oyun və sıx müdafiədir. Yaxşı əks-hücuma keçməyi, bir də standart vəziyyətlərdən yararlanmağı bacarırlar. Yəni Rusiya futboluna yaxın bir oyun oynayırlar. Hərçənd, ruslar qazaxlara baxanda bir qədər texnikalıdırlar. Qazaxlar daha çox fiziki gücə üstünlük verirlər. Onların müqavimətini qırmaq üçün fiziki cəhətdən möhkəm olmaq kifayətdir. Topu yerə salanda, kombinasiyalı oyun quranda rəqib bir qədər çətinliklə üzləşir. Yəqin ki, de Byazi Astanadakı oyundan nəticələr çıxarmağı bacarıb. Görək qrupun son oyununda bizi nə gözləyir?
CAVAD