“Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubirin futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ”ın “Nant” üzərində möhtəşəm qələbəsi böyük səs-küy yaratdı. Oyundan öncə gözləyirdin ki, komanda bu cür qalibiyyətə sevinsin?
– Əgər biz qrupda çıxış ediriksə, hər hansı qələbə heç kəsi təəccübləndirməməlidir. “Nant” üzərindəki qalibiyyət də bu qəbildəndir. Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Bu qələbəni gözləyirdim, ya yox – dəqiq cavab vermək bir az çətindir. Bir şey bəlli idi ki, biz 3 xal üçün meydana çıxmışıq.
– Fransa liqasında çıxış etmisən və “Nant”ı müəyyən qədər tanıyırsan. Səncə, rəqib sizə hansı komponentlərdə uduzdu?
– Əslində, biz oyuna istədiyimiz kimi başlamadıq. Matçın əvvəlində rəqibin nisbi üstünlüyü var idi. Rəqibin bir çox qol imkanları da oldu. Amma Şahruddin Məhəmmədəliyev həmin epizodlarda vacib qurtarışlar etdi. Həmin seyvlər bizi oyunda saxladı. Tədricən oyunun gedişatını dəyişə bildik, nəzarəti ələ aldıq. Sırf necə planlaşdırmışdıqsa, elə də oynamağa başladıq. Yaxaladığımız imkanları qola çevirdik. Nə istəyirdiksə, onu da həyata keçirdik.
– “Nant” qələbəsi qrupdan çıxmaq üçün böyük ümid yaradıb. Bunun üçün nə lazımdır?
– Biz təkcə “Nant”la oyunda deyil, qrup mərhələsinin bütün matçlarında yaxşı nəticələr əldə etmək istəyirik. Qrupdan çıxmaq, azarkeşləri, bizi sevənləri nəticələrimizlə sevindirmək istəyirik. Növbəti mərhələdə oynamaq əsas hədəfimizdir. Qarşıda “Neftçi” ilə, ondan sonra “Olimpiakos”la vacib matçlarımız var. Bu oyunlardan qənaətbəxş nəticələrlə ayrılmaq niyyətindəyik.
– Qarşıda “Neftçi” və “Olimpiakos”la matç var. UEFA Avropa Liqasında çətin oyunöncəsi “Neftçi” kimi komanda ilə qarşılaşmaq sizin üçün xeyirli olacaqmı?
– “Neftçi” həmişə çətin rəqibdir, yaxşı, keyfiyyətli futbolçuları var. Aydın məsələdir ki, bizi onlarla ağır oyun gözləyir. Amma Avropa Liqası oyunu öncəsi barədə xüsusi nəsə demək olmaz. Bizim planlarımızda dəyişiklik olmayacaq. Bütün oyunlara necə hazırlaşmışıqsa, bu matça da o cür hazırlaşacağıq. Elə bir dəyişiklik olmayacaq. Əvvəlki oyunlarda etdiklərimizi bu dəfə də etməyə çalışacağıq.
– Milli komandamızın Slovakiya ilə matçını izləyə bildin? Fikirlərin necədir?
– Xeyr, bu oyunu izləyə bilmədim. Təəssüf ki, ona görə də nəsə danışa bilməyəcəm.
CAVAD