“Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin bu günlərdə reallaşan növbəti iclasında əsas komandanın oyunlarını Gəncədə keçirə bilməməsi yenidən müzakirə mövzusu olub.
Futbolinfo.az xəbər verir ki, İdarə Heyətinin üzvləri tərəfindən bu problemin həlli istiqamətində dəstəyin göstərilməsi üçün Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə müzakirələr aparılıb.
Nəticədə şəhər stadionunun birinci yarusunda tribunalara təkrar texniki baxışın keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Müvafiq orqanların əməkdaşları tərəfindən arenaya vizual baxış keçirilib. Birinci yarusda tribunaların mövcud vəziyyəti nəzərə alınaraq təhlükəsizlik qaydalarına riayət olunmaqla stadiona məhdud sayda azarkeşin buraxılması mümkün hesab edilib.
Yeni rəyə uyğun olaraq klub tərəfindən komandanın ev oyunlarını Gəncədə keçirə bilməsi üçün qərara yenidən baxılması ilə bağlı Peşəkar Futbol Liqasına müraciət olunacaq.