“Shusha Chess 2022” turnirində kişilərin yarışında qalib olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bağlanış mərasimində çıxış edib.
Futbolinfo.az xəbər verir ki, təşkilatçılara təşəkkür edən üçqat Avropa çempionu, Azərbaycan milli komandasının üzvü qələbəni şəhidlərə həsr edib:
“Şuşada yarışda iştirak etmək xüsusi hisslərdi. Bu şəhərdə ilk şahmat yarışının qalibi olmaq qürurvericidir. Bu yarışda birinci olmağı arzuladığımı gizlətmirəm. Amma rapid yarışından sonra blitsdə mübarizə kifayət qədər çətin oldu. Birinci yeri tutduğuma görə sevinirəm. Şuşada ilk şahmat yarışının qalibi olduğumu heç vaxt unutmayacağam.
Təxminən 22 ildən artıq müddətdə Azərbaycan millisinin şərəfini qoruyuram. Yığmada oynadığıma görə fəxr edirəm. Son aylar çoxlu sayda yarışlarda iştirak edirəm. Lakin son aylar turnirlərdə tez-tez birinci olmaq alınmır. Düşünürəm ki, yaşlanırıq. Hər il yaşımızın üstünə yaş gəlir.
Şuşa turnirinin qalibi olduğuma görə xoşbəxtəm. İnanın, Shusha Chess dünyanın aparıcı turnirlərindən geri qalmadı. Şuşada indi quruculuq işləri aparılır. Bir müddət sonra şəhər daha da möhtəşəm olacaq. Amma ilk şahmat turnirində də təşkilatçılıq ən yüksək səviyyədə idi. Qonaq şahmatçıların hər biri mənim fikrimi təsdiqləyir. Təşkilatçılığa və ümumiyyətlə Azərbaycan şahmatçılarına daim dəstək olduğuna görə Mahir Məmmədova təşəkkürümü bildirmək istərdim.
Şuşanın qəlbimizdə yeri xüsusidir. Bu şəhər uğrunda gedən döyüşlərdə bizim ailənin də itkiləri oldu. Fərid və Qubad şəhidlik zirvəsinə yüksəldi. Biri yaxın dostum, digəri isə həyat yoldaşımın dayısı oğlu idi. Onların hər ikisi 2020-ci ilin noyabrın 7-də məhz burada, Şuşada şəhid olublar. Mən bu qələbəmi onlara həsr etmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.