Rəsmi oyunlarda ardıcıl 3 qələbə, qrup liderinin darmadağını, Slovakiyada qazanılan 3 xal… Hə, nə olsun? Bəlkə Gürcüstan kimi bir üst liqaya vəsiqə qazanmışıq, ermənilərin ötən tsikldə bacardığını təkrarlamışıq?

Formal oyunlarda əldə edilən qələbələr aldadıcı olmamalıdı. Təbii ki, yığmanın hətta yoxlama matçında qələbə qazanması sevindiricidi. Amma söhbət qarşıya qoyulan vəzifələrdən, konkret hədəflərdən gedirsə, heç nəyə nail olmamışıq. Bu oyunlar millinin hər bir futbolçusuna layiq olmadığı onminlər qazandırdı, Canni de Byazinin əzilmiş imicinə yüngül ütü çəkdi, vəssalam.

Turnirin həlledici anında itirilən xallar, sıralanan uğursuz nəticələr də de Byazinin boynundadı. Son qələbələr italiyalının yox, əla formada olan futbolçuların əzmkarlığının və rəqiblərin motivasiyasızlığının nəticəsidi. 1-2 oyunu yox, Canninin Azərbaycanda olduğu dönəmi, bütöv bir tsikli təhlil etməliyik. Milli komandamız böyük vəzifələrin həlli üçün hazır deyil, de Byazi ilə isə ümumiyyətlə, perspektiv yoxdur.

İtaliyalı mütəxəssislə tsiklin sonunadək müqavilə bağlanmışdı. Tələb qrup qalibi olmaq idi, yalnız bu halda əməkdaşlıq davam etdiriləcəkdi. İndi formal oyunlarda qazanılan qələbələrlə iz azdırmaq lazım deyil.

Həm də bu gün sual baş məşqçinin qalıb-qalmamasıyla bağlı olmamalıdı. Futbol təsərrüfatında kompleks islahatlar lazımdı. Milli komandanın başında kimin durması böyük əhəmiyyət kəsb etmir. Belə davam edilsə, növbəti seçmə mərhələnin startındaca yenidən təəssüflənəcəyik. Bünövrə çürükdüsə, sağlam gövdə, keyfiyyətli meyvə ola bilməz.

Rəqiblərin durumuna görə birinci yeri tutmağa borclu olduğumuz qrupda sona 2 tur qalarkən bütün şanslarımızı itirmişdik. Bunu xatırlamalı, yalançı parıltıya inanmamalıyıq. Baş məşqçi məsələsini müzakirəyə çıxarmaq, əcəbi-yerli dilemması üzərində baş sındırmaq mənasızdı. Yadınızdadısa, Robert Prosineçkinin vaxtında 1-2 uğurlu oyundan sonra da havaya girmişdik.

Vəzifə yerinə yetirilməyib, millimiz növbəti dəfə qrupda qalıb. Deməli, islahat dalğasını səngitməyin yeri yoxdu. Qurban Qurbanov da millini qrup ikincisi etmiş, hətta ümidi son matça kimi saxlamışdı. Onu uğursuz sayıb postundan uzaqlaşdırdılar. O zaman de Byaziyə mədhiyyə deməyin mənası nədir? Əcnəbi olmaq ayrıcalıqdırmı?

Bu qələbələr böyük hədəflər haqda düşünməyi belə bacarmayanlar üçün uğur sayıla bilər. Halbuki “Qarabağ” ölkə futbolunun potensialını illərdi nümayiş etdirir və uğur etalonunu çox yüksəldib, həmin izlə gedə bilməyənlər təsadüfi qələbələrin kölgəsində yata bilər.

Bu gün yığma milliləşənlərin və “Qarabağ”la Avropada uğurlu çıxış edən futbolçuların əla formada olması üzündən ardıcıl 2 qələbə qazanıb. Normal heyət var, bəlkə də növbəti seçmə mərhələdə daha güclü rəqiblərlə oyunlarda da 5-6 xal qazanmaq olar. Bəs, sonrası? Miloş Velebitin illərdi başında olduğu U-19-un biabırçı nəticələri, digər millilərimizin uğursuz çıxışını izləmirsizmi? Yeni nəsil yetişmir, xorvat, fars, braziliyalı, dağıstanlı, anqolalı və başqalarını calaq etməklə yalançı görüntü yaradıblar. Formal matçlarda aldadıcı nəticələrin arxasında gizlənmək bu sistemi quranlara, futbolumuzun kökünə balta çalanlara lazımdı. Eyforiyadan ayılaq, yoxsa sabah mənəvi zərbələrdən birdəfəlik yuxuya gedəcəyik.

Söz İcraiyyə Komitəsindədi. Onlar məşqçi məsələsini müzakirə etməzdən öncə qarşıya qoyulan vəzifənin yerinə yetirilməməsi faktına diqqət etməlidilər. Heç olmasa, sosial şəbəkələrə diqqət edin və mütləq əksəriyyətin təsadüfi qələbələrdən məmnun olmadığını görün. De Byazi mətbuat konfransında gələcəklə bağlı danışarkən “bəxtimiz gətirsə” deyir. Bəxt sınamaq üçün lotereya alarlar…

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp