Millimiz tarixdə ilk dəfə rəsmi oyunlarda ardıcıl 3 qələbə qazanmağı bacardı. Bunu gözləmək üçün 20 il vaxt itirdik.

Hər tsikldə demək olar ki, nə iləsə fəxr edirik. Millinin ayaq açıb iməklədiyi ilk illərdə bəzən güclü rəqiblərə badalaq vurmağımızla öyünürdük. Sonra seçmə mərhələlərdə sonuncu yeri tutmamağı qarşımıza məqsəd qoyduq. İllər ötdü, xal rekordu ilə başımızı qatdıq. “Xal rekordu” deyəndə ki, özümüzə məxsus rekorddan söhbət gedir. Yəni bir dəfə 9 xalla öyünmüşük, bir dəfə 10 xal toplamağımızla fəxr etmişik. Bir sözlə, hər cür kiçik göstəriciləri gözə soxmuşuq, amma əsas hədəfdən yayınmışıq. Söhbət AÇ və DÇ-nin final mərhələlərinə vəsiqə qazanmaq və ya Millətlər Liqasında qrup qalibi olmaqdan gedir.

Ardıcıl məşqçi dəyişikliyi də bir effekt vermədi. Əvvəl elə bilirdik, yerlilərin səviyyəsi aşağıdır. Sonra əcnəbiləri gətirdik, onlar da bizə heç nə verə bilmədi. Berti Foqtsun təyinantından bəri yerli məşqçilərdən araya bircə Qurban Qurbanovu “qurbanlıq kimi” ortaya atıblar, sonra AFFA yenidən əcnəbi axtarışı ilə yola davam edib. Hələ ki, bu siyasətə sadiq qalırlar.

Millətlər Liqasında Canni de Byazinin qarşına qrup qalibi olmaq vəzifəsi qoyulsa da, italiyalı mütəxəssis yenə bizi hədəfə çatdıra bilmədi. Budur, milli tsikli 2-ci pillədə başa vurdu. Qurban Qurbanov da Kosovo, Malta və Farer adaları yığmaları olan qrupda milliyə 2-ci yeri qazandırmışdı. Onda AFFA rəhbərliyi hədəfə çata bilmədiyinə görə “Qarabağ”ın baş məşqçisinə “iki yerdə işləmək çətindir” bəhanəsi ilə qapını göstərdi. De Byazi ki, bir yerdə işləyir, amma o da 2-ci yeri tutdu. Bəlkə də onunla müqavilə müddəti yenilənməyəcək. Amma sinyor mətbuat konfransında “bəlkə nəvaxtsa ardıcıl 3 qələbə qazanmışdınız” qaxıncını başımıza çırpır. Sanki AFFA bu adamın qarşısına qrup lideri olmağı yox, ardıcıl 3 qələbə qazanmağı məqsəd qoymuşdu, xəbərimiz yoxdur?

De Byazinin qarasınca çox danışmaq olar, amma indiki vəziyyətdə bir az ağ vəziyyətdən danışsaq, günaha batmarıq. Gəlin, etiraf edək ki, həqiqətən də Belarus yığması ilə oyundan başlayaraq milli son 3 görüşdə özünü yaxşı tərəfdən göstərə bildi. Xüsusən də, Slovakiya və Qazaxıstanla oyunda Canni doğru heyətlə meydana çıxdı və doğru əvəzetmələrlə yadda qaldı. Hərçənd şəxsi ədavət məsələsində baş məşqçini hazırda formada olan Qara Qarayevi düşərgəyə dəvət etmədiyinə görə qınadıq. Amma əlahəzrət nəticə imkan vermədi ki, oyunların sonunda “Qaranı niyə çağırmadın” sualını təkrarlayaq. Lap yaxşı, kimi çağırır çağırsın, amma nəticə versin. Hələ çömçəni daha dərinə salanda görərik ki, qazanın dibində Azərbaycan futbolunun cəmi iki yetirməsi var. Bunu görə-görə, “kimi çağırırsan çağır, amma nəticə ver” demək də vicdansızlıq olar.

Əslində, Slovakiya seçməsi ilə oyunu təhlil etdiyimizdən yenidən həmin oyuna qayıtmaq istəməzdik. Sadəcə, demək olar ki, qazaxlarla görüş bu oyunun məntiqi davamı oldu.  De Byazi demək olar ki, qalib heyəti dəyişmədi. Yalnız Trnavada cəzalı duruma düşən Riçard Almeydanı “Qarabağ”dakı komanda yoldaşı Filip Ozobiç əvəzlədi.

Almeyda cəzalı duruma düşməsəydi belə, qazaxların oyun üslubunu nəzərə alsaq, bu görüşdə məhz xorvatiyalıya şans yaratmaq lazım idi. Məsələ ondadır ki, qapanan rəqibin müdafiəsini məhz Filip kimi uzaqdan zərbələr vurmağı bacaran, irəli doğru ötürmə etmək qabiliyyəti olan oyunçu ilə yarmaq lazımdır. İlk hissədə bunu etmək bir qədər mümkün olmadı. Əslində, rəqib azlıqda qalmasaydı, bizi nə gözləyəcəyini bilmək olmazdı. Çünki qazaxlar çox sıx şəkildə müdafiə olunur, mərkəzdən qapılarına açar tapmağa imkan vermirdi. Ona görə də Şeydayev soldan, Kökçü də sağdan reydlər edərək cərimə meydançasında gərginlik yaratmağa çalışırdı.

Amma fasilədən dərhal sonra de Byazi Eddi İsrafilovu Aleksey İsayevlə, Ozan Can Kökcünü Mahir Emreli ilə, Renat Dadaşovu isə Musa Qurbanlı ilə əvəzlədi. Nə də olmasa, italiyalılar oyunu doğru analiz etməyi bacarırlar. Rəqib azlıqda qalmışdı, belə məqamda Eddinin üstünə yük düşməyəcəkdi. Çünki İsrafilov daha çox dağıdıcı keyfiyyətləri ilə yadda qalır. Onu yaradıcı İsayevlə əvəzləmək doğru addım idi. Aleksey de Byazinin tapşırığı ilə rəqibə müdafiədən hücuma keçməyə imkan vermədi. Üstəlik, sürəti və dinamikliyi ilə oyuna rəng qatdı. Mahir Ozan Candan fərqli cərimə meydançasına şığıya bilirdi. Kökcü isə ancaq cinahdakı fəallığı ilə yadda qalırdı ki, bununla kifayətlənmək işə yaramırdı. Doğrudur, “Dinamo”da ehtiyatda oturmaqla Emreli bir qədər “paslanıb”, amma yenə sağ cinahda fəallığı artırdı. Musanın meydana daxil olması isə sırf Dadaşovun mümkün qırmızı vərəqə almaq təhlükəsinə görə idi.  Etiraf edək ki, Qurbanlı da Renatdan heç nə ilə fərqlənmədi.

Hə, De Byazinin ən doğru əvəzetməsi Elvin Cəfərquliyevi Toral Bayramlı ilə əvəzləməsi oldu. Slovaklarla oyunda komandanın ən zəif bəndi olan Cəfərquliyev bu görüşdə də bərbad oynadı. Rəqibin cinah hücumları qarşısında Elvin demək olar ki, heç nə edə bilmirdi. Toral qismən həmin cinahdakı anarxiyanı qaydasına saldı, üstəlik, 2-ci qolda vacib müdaxiləni etdi. Hə, Daha bir effektli əvəzetmə: Ozobiçin yerinə son dəqiqələrdə meydana çıxan Anatoli Nuriyev milli komandanın heyətində ilk qolunu vurdu. Elə Ozobiç də bu oyunda millidə ilk dəfə adını tabloya yazdırdı.

İlklərdən söz düşmüşkən, Renatla Höccət də slovaklarla oyunda millidə ilk qolunu vurdu. Təsəvvür edin, bu iki oyunda 5 qol vurmuşuq və bunun 1-i avtoqol olubsa, digər 4 oyunçu millidə qol hesabını açıb. Nə əcəb, de Byazi mətbuat konfransında bununla öyünmədi? Bu iki oyuna qədər milliyə qorxaq futbol oynadan italiyalı mütəxəssis sentyabrda komandaya cəsarətli futbol aşılaması ilə başımızı qatdı. Onunla müqavilə müddətinin yenilənib-yenilənməyəcəyini deyə bilmərik. Bircə o dəqiqdir ki, yerli mütəxəssis də gəlsə, ən güclü əcnəbi məşqçiləri də gətirsələr, milli bundan artıq nəticə əldə etməyəcək. Sadəcə, adam ona görə əcnəbini istəmir ki, onlara artıq məvacib yazılıb pulu çölə tökürlər. Bu futbolu yerli mütəxəssislər də oynada bilər.

Biz burada de Byazinin taktiki sxemlərini müzakirə edib başımızı aldada bilərik. Amma xalqı aldatmaq olmaz. Sistemli şəkildə iş görülüb futbolu regionlara yayıb, oradan xaricə oyunçu göndərmək lazımdır. Yığmanın gələcəyi bundadır. Bizə Gürcüstan modeli lazımdır. Yoxsa, “Elvin zəif oynadı, yerinə Toral girdi və nəticədə oyun dəyişdi” və yaxud “rəqibin qapalı müdafiə xəttini görüb cinahlarla hücum etmək lazımdır” kimi xırda məqamlarla gözə kül üfürmək lazım deyil. Ölkənin hazırda meydandakı taktikadan çox meydandan kənardakı strategiyaya ehtiyacı var. Allah axırmızı xeyir etsin!

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp