Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bütün sahələr üzrə inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz geridə qalan illər ərzində bir çox sahələrdə böyük irəliləyişlərə nail olub və yeni perspektivlər açılıb.

Dünyada idman ölkəsi – Azərbaycan

İqtisadi qüdrətin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərir. Təkcə paytaxtımızda deyil, regionlarda da olimpiya komplekslərinin, müasir idman qurğularının fəaliyyəti, maddi-texniki bazanın möhkəmləndirilməsi təməlin düzgün atılmasının bariz nümunəsidir. Bütün bunlar idmançılarımızın istər yerli, istərsə də beynəlxalq turnirlərə yüksək səviyyədə hazırlaşmasına zəmin formalaşdırır.

Ölkəmizdə idmanın inkişafı dövlət başçısı tərəfindən mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan hazırda Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Mötəbər beynəlxalq idman tədbirlərinin təşkili də ölkəmizə böyük nüfuz qazandırmaqdadır. Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, “Formula-1” üzrə Bakı Qran-Prisinin, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının Azərbaycana həvalə edilməsi bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir.

Avropa Liqası, AVRO-2020…

Təkcə fərdi idman növlərində deyil, kollektiv yarışların təşkilində də Azərbaycan öncüllərdəndir. Voleybol, həndbol, futbol üzrə beynəlxalq turnirlər, dünya və Avropa çempionatları rahatlıqla ölkəmizə tapşırılır. Bunlar arasında 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçirilən futbol üzrə Avropa Liqasının final qarşılaşması böyük ajiotaja səbəb oldu. Çünki yerli tamaşaçılar Avropa nəhəngləri “Arsenal” – “Çelsi” duelinə şahidlik etdilər.

Həmçinin futbolsevərlərimiz AVRO-2020 həyəcanını da yerində yaşaya bildilər. Milli komanda səviyyəsində böyük həcmli uğurumuz olmasa da, dövlət başçısının uğurlu siyasəti azarkeşlərə Avropa çempionatının 4 oyununa Bakıda canlı izləmək imkanı yaratdı.

Yay Olimpiya Oyunları tarixinin 63-cüsü

O ki qaldı idman nailiyyətlərinə, planetin bütün növlərini əhatə edən bir nömrəli yarış, şübhəsiz ki, Yay Olimpiya Oyunlarıdır. 1996-cı ildə bu böyük tədbirdə debüt edən Azərbaycan iştirak etdiyi 7 Olimpiadada ümumilikdə 49 medal qazanıb. Bunun 7-si qızıl, 14-ü gümüş, 28-i isə bürüncdür. Ölkəmiz bununla 1896-cı ildən keçirilən Olimpiadalar tarixinin ümumi medal sıralamasında 63-cü sıradadır. İndiyə qədər 154 komanda aktivinə medal yazdırmağa müvəffəq olub.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatında özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməyib. 1994-cü ildə məhz onun fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada həmin ili ölkənin idman həyatında dönüş ili adlandırmaq olar. Heydər Əliyev idmanın kütləviliyinə nail olmaq, geniş coğrafi məkanda təbliğ etdirmək və dünya şöhrətli idmançılar yetişdirmək üçün aidiyyəti qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. Çox qısa zamanda həyata keçirilən tədbirlərin nəticəsi olaraq idmançılarımız möhtəşəm qələbələrə imza atmağa, üçrəngli bayrağımızı beynəlxalq arenalarda dalğalandırmağa başladılar.

Ulu öndər ölkəmizin dünyada tanınmasında idmanın rolunu önə çəkərək deyirdi: “İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır”.

1997-ci ildə qoyulan təməl

Ulu öndərin idman sahəsində təməlini qoyduğu siyasət 1997-ci ildən daha da çiçəkləndi. Həmin il İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Bu seçim respublikamızda idmanın daha sürətlə tərəqqisinə yol açdı. 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Yay Olimpiya Oyunlarında 2 qızıl, 1 bürünc medalın qazanılması və dünyanın 199 ölkəsi arasında 34-cü yeri tutması MOK rəhbərliyinin qısa müddətdə gördüyü işlərin nəticəsi idi.

Əlbəttə ki, idmanda uğur əldə etmək yeniyetmələrə göstərilən qayğıdan başlayır. İstər ümummilli lider Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev məhz bunu qurumlar qarşısında prioritet hədəf qoyub. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra yetişən yeniyetmələr indi də Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər.

Prezident idman yekunlarına həsr olunan mərasimdəki çıxışında da idmançılarımızın qələbələrinin təsadüfi xarakter daşımadığını diqqətə çatdırıb: “Bizim idman sahəsində ən böyük nailiyyətimiz 2016 Yay Olimpiya Oyunlarında qazanılmış qələbədir. Medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerə layiq görüldü. Bu, tarixi qələbədir və təsadüfi uğur deyil. Çünki ondan bir il əvvəl – 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarında Azərbaycan komanda hesabında ikinci yerə qalxıb. Ona görə idman sahəsində qazandığımız uğurlar təsadüfi xarakter daşımır”.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

med 2 2 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp