“Qarabağ”ın sabiq yarımmüdafiəçisi, hazırda Serbiyanın “Partizan” klubunda çıxış edən Patrik Andradenin futbolinfo.az saytına müsahibəsi
– “Partizan”da işlərin necə gedir?
– Mən bura gəlməmişdən öncə zəng edirdilər ki, burada hər şeydən zövq alacaqsan, yaxşı futbol görəcəksən. Amma bura gəldim və hər şey başqadı. Komandanın cəmi 15 futbolçusu var. Yəni məşqdə 11 futbolçu 11 futbolçuya qarşı oyunlar keçirə bilmirik. Çoxlu mübarizə aparsam da, öz mövqeyimdə oynaya bilmirəm. Ona görə mənə dedikləri hər şey fərqlidir.
– Futbol Azərbaycandakından zəifdir?
– Əlbəttə. Azərbaycanda burdakından daha yaxşı futbol var. Əgər mən ağıllı olsaydım, “Partizan” barədə daha yaxşı məlumatlar alardım. Bura gəlməzdim və bu şeylərə şahid olmazdım. Düzdür, burada mənə daha yaxşı maaş verirlər, amma başqa hər şey çox pisdir.
– Görünən odur ki, yenidən “Qarabağ”a qayıtmaq istəyərsən…
– Əvvəllər də dediyim kimi, orada qalmaq istəyirdim. “Qarabağ”da xoşbəxt olduğum kimi heç vaxt xoşbəxt olmamışam. Mənim evim orada idi və ayrılmamalı idim. Səhv etdiyimə sevinmədim və bu səhvi düzəltmək üçün gecdir. Bir gün mütləq ora qayıdacam. Təklif olsa, ikinci dəfə düşünməyəcəm.
– Peşmansan və digər tərəfdən “Partizan” Konfrans Liqasının, “Qarabağ” isə Avropa Liqasının qrup mərhələsində çıxış edir…
– 3 illik müqaviləm var, amma bu qədər qalıb-qalmayacağımı bilmirəm. Bəli, “Qarabağ” böyük komandadır. Çox yaxşı futbol, əla baş məşqçi var. Ən yaxşı şəkildə işləyirdik. Amma mən axmaq qərar verdim.
– Sənə “Partizan”a getmə” deyə məsləhət verən olmadı?
– Dostlarım mənə deyirdi ki, “Qarabağ”dan getmə və bura daha yaxşıdır. İndi onların dediklərinin doğru olduğunu görürəm.
– Sabiq komandanın oyunlarını izləyirsən?
– Əlbəttə ki, baxıram. “Qarabağ”ın oyunlarını hər dəfə izlədikcə onlar üçün darıxıram.
FƏRİD