Həftəsonu diqqətlər “Azərsun Arena”da “Qarabağ”la “Neftçi” arasındakı oyuna yönələcək. Liderlə ikinci pillədə qərarlaşan komanda arasındakı oyunu həm də son çempionla gümüş medalın sahibi arasındakı görüş kimi qələmə vermək olar.

Əslində, bu da afişa üşün cılız təqdimat olardı. Hər halda, biz ölkənin ən titullu iki komandasından danışırıq.

Doğrudur, müstəqilliyin ilk illərində “Qarabağ” “Neftçi”nin prinsipial rəqibi sayılırdısa, hazırda bu iki komanda əzəli rəqib kimi üz-üzə gəlir. Son illərin rəqabətinə nəzər salanda isə artıq paytaxt klubu “Qarabağ”ın “qapazaltısı” rolunu oynayır. Yalnız 2020/21 mövsümündə “Neftçi” Ağdam klubunun ardıcıl 7 illik çempionluğuna son qoyaraq qızıl medallara sahib çıxıb. Ötən mövsüm isə “Qarabağ” yenidən diktaturanı bərpa etdi.

Bu mövsüm “Neftçi” yeni baş məşqçi ilə vəziyyəti xeyrinə dəyişib-dəyişməyəcəyini isə məhz Suraxanıdakı oyundan sonra biləcəyik. Əlbəttə, lap “ağ-qaralar” bu oyunda qalib gəlsə belə, “Qarabağ”ın çempionluq şansı daha yüksək olacaq. Ağdamlıların başı avrokuboka qarışdığından hələ pusquda “Sabah” da dayanıb. Amma gördüyümüz kimi, Ağdam klubunun ikinci heyəti belə “çempionatı dartır”. Zarafat deyil, ikinci heyətlə oynayan Qurban Qurbanovun komandası Premyer Liqada xal itirmədən irəliləyir.

“Neftçi” ilə oyunda mümkün məğlubiyyət “Qarabağ”ın çempionluq uğrunda mübarizəsinə mənfi təsir göstərməyəcək. Amma bu oyunda məğlubiyyət böyük ehtimalla “Neftçi”ni çox dala salacaq. Yəni, hamımız başa düşəcəyik ki, Laurentsiu Regekampfın komandası çempionluğa hazır deyil.

Əslində, son iki mövsümə nəzər salarkən, çempionluğun açarının şəxsi görüşlərdə əldə edilən nəticələr olduğunu görərik. Belə ki, “Neftçi” çempion olduğu 2020/21 mövsümündə “Qarabağ”a qarşı keçirdiyi 4 görüşün 3-də qalib gəlmişdi. Sonda əsas rəqibdən qoparılan 9 xal çempionatın müqəddəratına təsir göstərmişdi. Hətta “Dalğa Arena”da çempionatın son oyunundan sonra Qurban Qurbanov mətbuat konfransında məhz “Neftçi” ilə oyunlarda itirdikləri xallara görə çempionluğun əldən çıxdığını etiraf etmişdi. Ötən mövsüm isə “Qarabağ” “Neftçi”yə qarşı keçirdiyi 4 oyunun hamısında qalib gəlmişdi. Özü də “köhlən atlar” “ağ-qaraları” məğlub etdiyi sonuncu oyunda artıq çempionluğu təmin etmişdi.

İstənilən halda, Laurentsiu Regekampfın komandasını “Qarabağ”la oyuna necə hazırlayacağı maraq doğurur. Məsələ ondadır ki, oyunun məhz bu ərəfəyə düşməsi hazırda daha çox “Neftçi”yə sərf edir. Əvvəla, millidə daha çox oyunçuyla təmsil olunan “Qarabağ”ın üzvləri düşərgəyə daha yorğun gələcək. Millinin əsas heyətində oynayan “Neftçi” üzvləri Eddi İsrafilovla Emin Mahmudovdursa, “Qarabağ”dan Şahrudin Məhəmmədəliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev və Musa Qurbanlı döyüşə atıldı.

Qurban Qurbanovun komandasının fikri bu dəqiqə həm də “Olimpiakos”la oyuna yönəlib. Pirey təmsilçisinə qarşı həyati əhəmiyyətli ardıcıl 2 matç “Qarabağ”ın qrupdakı müqəddəratını həll edə bilər. Belə olan vəziyyətdə, “Neftçi” ilə oyuna görə əsas heyəti döyüşə atıb riskə yol verməz. Böyük ehtimalla, Qurbanov “ağ-qaralar”la oyunda yenə də əsas heyətin üzvlərinə şans verməyəcək.

Qurbanovun kimləri döyüşə atacağını yalnız oyun başlayarkən biləcəyik. Amma güman ki, “Qarabağ”ın baş məşqçisi millidən yorğun gələn oyunçuların əksəriyyətinə istirahət verəcək. Həftə boyunca istirahət edən və millilərin düşərgəsinə getməyən legionerlərin oynaması mümkündü. Bu, onların tonusa düşməsi üçün də vacibdi.

Reqekampfın heyətlə bağlı çox da baş sındırmağa ehtiyacı yoxdur. Əlbəttə, hər nə qədər oyunçuları daha “təravətli” olsa da, rumıniyalı mütəxəssis böyük məmnuniyyətlə Qurbanovla yerini dəyişərdi. Çünki “Qarabağ”ın eksperimental heyəti “Neftçi”nin bu heyətindən daha kompakt və hətta daha səviyyəlidir. Amma oyunçuların fiziki hazırlıq məsələsində Reqekampfın nədənsə şikayətlənməyə haqqı yoxdur. Üstəlik, xırda zədədən əziyyət çəkən Ataa Caberlə Qodsvey Donyo da sıraya dönüb.

Reqekampfı narahat edən müdafiəni necə qurmaq olacaq. Məsələ ondadır ki, mövsümə müdafiənin mərkəzində Kvirkveliya – Stankoviç dueli ilə başlayan Reqekampf son oyunlarda gürcünü Mbodjla əvəzləyib. “Qarabağ”la oyunda da bunu edəcəkmi? Hərçənd Msmsdunu sağa çəkib yenidən Solomonu döyüşə atmaq olar. 3 mərkəz müdafiəçisinin eyni vaxtda qapının önündə sipər effekti verməsi də mümkündür.

Belə baxanda, mərkəz müdafiəçiləri ilə bağlı Reqekampfın elə də ciddi problemi yoxdur. Rumıniyalının ən böyük dərdi cinahlar vasitəsilə aktivlik nümayiş etdirən “Qarabağ”ın meydanın kənarlarında qarşısını almaqdır. Hər halda, xeyli müddətdir ki, oyuna çıxmadıqlarına görə Qurbanov Zubirlə Kadini oyuna buraxacaq. “Neftçi”nin cinahları isə bu iki oyunçunun qarşısını almaqda problem yaşayacaq. Mbodjun sağa meyillənəcəyini nəzərə alsaq, solda Mert Çelikin oynaması real görünür. Əslində, həmin bölgədə Azər Əliyevə də şans vermək olar. Sadəcə, Azərin hələ də yerli pasport almaması limitə görə onun bəzən start heyətində meydana çıxmaq şansını azaldır. Reqekampf qapıda Aqil Məmmədova şans yaratsa, Əliyevi sol cinaha təhkim etmək olar. Qapıda Brkiç dayansa, yerli statusu daşıyan Mərt Çelikin qazona ayaq basacağı real görünür.

Əslində, “Neftçi”nin mərkəzdə də təzyiq altında qalacağını düşünmək olar. Eminlə Eddinin yığmanın düşərgəsindən qayıdandan sonra oyuna nə dərəcədə hazır olduğunu bilmirik. Əslində, bu problem “Qarabağ”da da var. Amma Qara Qarayevin millinin düşərgəsinə çağırılmanasını nəzərə alsaq, mərkəzin ən təravətli oyunçusunun Qara olacağını düşünmək olar. Nəzərə alaq ki, Qarayev hazırda çox formadadır.

“Qarabağ” ən sevimli silahı olan pressinqi işə salsa, “Neftçi” cinahlarda olduğu kimi mərkəzdə də dağılacaq. İndiki məqamda Reqekampf pressinqdən çıxmağın düzgün mexanizmini tapmalıdır. Rəqibdən topu alıb kəskin əks-hücum qurmaq mümkün olsa, paytaxt təmsilçisi nəyəsə ümid edə bilər. Hər halda, Ataa Caber, Kenni Sayef və Qodsvey Donyo kimi oyunçularla mərkəzdə topu qarşılayıb irəliyə doğru şığımaq üçün komandanın hər cür imkanı var.

Sabiq baş məşqçi Samir Abasovla müqayisədə Reqekampfın rəqibi analiz etmək qabiliyyəti daha güclüdür. Biz bunu “Aris”lə cavab və “Rapid”lə birinci oyunda gördük. Əslində, Reqe “Rapid”i cavab oyununda da yaxşı təhlil etmişdi. “Neftçi” rəqibin müəyyən hücumlarının qarşısını alıb əks tərəfdə təhlükəli qol vəziyyətləri də yaradırdı. Sadəcə, Laurentsiunu oyunçularının dişsizliyi pis vəziyyətə saldı.

Rumıniyalı çempionat oyunlarında da rəqibləri doğru təhlil etməsiylə diqqət çəkir. Hətta “Neftçi” “Sabah”a uduzduğu çempionat oyununda taktiki planda pis təsir bağışlamamışdı, “Sabah”ın kəskin pressinqi qarşısında komanda tab gətirə bilmişdi. Sadəcə, yersiz penaltilər hesabda öndə olan “ağ qaralar”ı geri atmışdı.

Yeri gəlmişkən, elə “Sabah” da “Qarabağ”a eyni ssenari ilə uduzdu. Hərçənd o oyunda da Murad Musayev “Qarabağ”ın pressinq maşınının öhdəsindən gəlmişdi. İndi bu “səndə-məndə” oyununu Reqekampf davam etdiməlidir.

Bir sözlə, şənbə günü bizi olduqca maraqlı oyun gözləyir. Meydanda ən az səhv edən komanda uğur qazanacaq. Hazırda “Neftçi”nin belə səhvsiz oynamağa daha çox ehtiyacı var. Hə, bir də “ağ-qaralar” ilk 15-20 dəqiqədə qol buraxmasa, oyun sona qədər maraqlı gedəcək. Ötən mövsüm son turda “Azərsun Arena”dakı ssenari təkrarlansa, oyunda intriqa öləcək. Əsas çempionatda intriqa ölməsin!

ABBAS

Shares: