“Səbail”in bolqarıstanlı yarımmüdafiəçisi Emil Martinovun futbolinfo.az saytına müsahibəsi

– Yenidən “Səbail”ə qayıtmaq variantı necə yarandı və Azərbaycana dönməyə sizi vadar edən əsas səbəb nə oldu?

– Buradan bir menecer mənə zəng edərək, Azərbaycanda oynamaq istəyib-istəmədiyimi soruşdu. Bu ölkəni çox bəyənirəm. Bu fürsəti mənə verdiklərinə görə minnətdaram.

– 2018-19 mövsümündə oynadığınız “Səbail”lə indiki komanda arasında nə kimi fərqlər var?

– Futbolçular, məşqçilər – bir sözlə, hər şey fərqlidir. Amma bu komandanın uğurlu nəticələr qazanmaq potensialı var.

– Geridə qalan üç ildə Azərbaycan futbolunda hansı fərqliliklər diqqətinizi çəkdi?

– Açığı, burada keçirdiyim son dönəmimdən çox da böyük fərq yoxdur.

– 30 yaşınız var və karyeranız ərzində Azərbaycandan başqa heç bir ölkədə legioner həyatı yaşamamısınız. İndiyə qədər başqa hansısa ölkədən təklif olmayıb?

– Əlbəttə ki, olub. Rusiya və Macarıstandan təkliflər almışam. Lakin həmin vaxt formasını geyindiyim komandanın prezidenti məni istəyən klubların rəhbərləri ilə razılaşmayıb.

– Bolqarıstan və Azərbaycan çempionatını müqayisə etsəniz, hansının nə kimi üstünlüyünü vurğulaya bilərsiniz?

– Çox kiçik fərqlər olduğunu deməliyəm. Bu xırda fərqləri nəzərə almasaq, demək olar ki, eynidir.

– Yayda çox sayda transfer etdiyi üçün “Səbail” iddialılar sırasında göstərilsə də, ilk 7 turda cəmi 5 xal toplamısınız. Uğursuz starta səbəb nədir?

– Biz yeni komandayıq, bir-birimizə uyğunlaşmaq, aramızda əlaqə yaratmaq üçün vaxt lazımdır. Ancaq yaxşı nəticələr qazanacağımıza əminəm.

– Milli komandaların oyunları ilə əlaqədar yaranan qısa fasiləni komandanız üçün özünü toparlaması baxımından şans saymaq olar?

– Bəli. Hər şeydən əvvəl, dediyim kimi, vaxta ehtiyacımız var. Zamanla öz üzərimizdə çalışdıqca nəticə gələcək.

– 2018-19 mövsümündə “Səbail” bürünc medal qazanmışdı. Eyni uğuru təkrarlamağınız nə dərəcədə real görünür?

– Doğrudur, həmin mövsüm üçüncü yeri tutmuşduq. Bu mövsümə isə o qədər də yaxşı başlamadıq. Daha yaxşısını edə biləcəyimizi düşünürük.

– Fasilədən sonra 8-ci turun açılış oyununda “Qəbələ” ilə qarşılaşacaqsınız. Komanda uğursuzluğa son qoymağa hazırdır?

– Bu matça hazırlaşmaq üçün vaxtımız oldu. Komanda olaraq yaxşı hazırlaşmışıq. Bütün matçlarda olduğu kimi, bu görüşə də qələbə qazanmaq üçün çıxacağıq.

FƏRİD

Shares: