“Səbail” mövsümü xilas etmək istəyirsə, baş məşqçi problemini tezliklə həll etməlidi. Mahmud Qurbanovun məhz indi postundan ayrılması ziyanın yarısından qayıtmaq olar. Zatən mövsümün əvvəlindən proqnozlaşdırılan və Bayıl klubu rəhbərliyindən başqa hamının ehtimal etdiyi bu variant reallaşmayınca milyonların havaya sovurulması prosesi davam edəcək.

Qurbanovun elə dünən uduzduğu Elmar Baxşıyevdən zəif məşqçi olduğunu düşünmürəm. Futbol biliyi, oyunu hiss etməsi baxımından Mahmud bəy bəlkə də həmkarından daha üstündü. Dünən komandası 10 nəfərlə qalarkən bərabərlik qolunun vurulması, hətta üstün oyun sərgilənməsi məhz məşqçi rəqabətindəki müqayisənin nəticəsiydi.

Lakin Mahmud bəyin istefasını zəruri edən bir səbəb var – xarakteri. Qurbanov həftələrdi özünü qovdurmaq üçün hər şey edir. Məşqçi heyətini düzgün yığmaması bir yana, transferlərdə də ciddi yanlışlıqlar edib. Və ən pisi özünün topladığı oyunçularla yola getməməsidi. Gürcüstan toplanışında, mövsümün ilk turlarında Emil Balayev, Rahid Əmirquliyev, Ağabala Ramazanov və başqaları ilə zaman-zaman problem yaşayan, ardınca rəhbərliyin istəyi ilə onlarla barışıb özünü gözdən salan, prinsipiallıq göstərə bilməyən çalışdırıcı, indi daha çətin vəziyyətdədi. Kluba yüzminlər xərclədib gətirdiyi futbolçularlın adını iştirak ərizəsinə salmayan, bəzilərini əvəzedici heyətə göndərən biri uğur qazana bilməz.

Futbolun qanunları var: məşqçi futbolçuyla yola getmədisə, ikincilər əvvəl-axır onu yola salacaqlar. Ya daha doğru olduğunu sübut edib sən onları yola salmalısan, ya da ərizəni yazmalısan. Və özünün yığdığı heyətin az qala yarısıyla problem yaşaması Mahmud bəyin günahıdı. Getməlidi, özü getmirsə, rəhbərlik göndərməlidi. Çünki hələ gec deyil, mövsümü xilas etmək üçün zaman var. Sadəcə, problemi yaradan adamı yola salmaq lazımdı.

Dünən “Səbail”in məğlubiyyəti 3 fərdi səhvin nəticəsində reallaşdı. Qustavo de Fransa bir sarı vərəqəni oyundaşının qüsurunu sığortalayarkən, digərini öz məsuliyyətsizliyindən aldı. 3-cü səhv isə Mirabdulla Abbasovun üçün birə çıxdıqları əla əks-hücumu korlayıb rəqibin qələbə qolunu vurmasına yaratması idi. Bu oyunçular Qurbanovun heyətdən ənarlaşdırdıqlarının əvəzinə oynatdığı futbolçular idisə, deməli, məşqçi səhv edib. Ya daha səviyyəli oyunçuları kənarda saxlayıb, ya da hamısı birlikdə ümumi seleksiya işinin çürük meyvələridi. Bu qədər fərdi səhv sıralanırsa, deməli, həm də komanda oyununda problem var və günahkar baş məşqçidir.

8 oyuna 5 xal – büdcəsinə görə ölkənin 4 ən yaxşı klubundan biri olan “Səbail”in nəticəsi belə olmamalıdı. İzləyicilərlə ciddi xal fərqi yaranıb, kommandanın sabit oyunu yoxdu. 15 min dollar maaş alıb əvəzedici heyətə göndərilən legionerlərlə məşqçinin münasibətləri də başqa bir dərd. Bu ortamda müsbət dəyişiklik gözləmək mümkünsüzdü. Nəticələr dəyişmirsə, məşqçi dəyişməlidi. Qarşıda 28 tur qalsa da, “Səbail”in yüksəlişi yalnız klub daxilində müsbət ab-hava yarandığı halda mümkündü.

FƏRİD

Shares: