2015-16 mövsümündə “Neftçi”, 2019-20 mövsümündə isə “Qarabağ”ın formasını geyinmiş, bu ay Rusiya klubu “Rodina”ya keçən braziliyalı müdafiəçi Ailton Silvanın futbolinfo.az saytına müsahibəsi

– Azərbaycanda keçirdiyiniz vaxtları necə xatırlayırsınız?

– “Neftçi”yə keçəndə çox xoşbəxt idim. İlk dəfə Braziliyadan kənara çıxırdım. Azərbaycanda yaxşı braziliyalı dostlarım oldu. Həmçinin məşqçim Valledən çox şey öyrəndim. “Qarabağ”a transfer olanda da çox sevinmişdim. İlk dəfə avrokuboklarda iştirak etdim, eyni zamanda ölkə çempionu oldum. Çox ciddi klubdur. Məşqçisi, masajçısı, tərcüməçisi, aşpazı – bir sözlə, hamısı işinin peşəkarıdır. Onların hər biri meydanda yaxşı oynamağımız üçün bizə kömək etmək istəyən insanlar idi.

– Həm “Neftçi”, həm də “Qarabağ”da bir mövsüm keçirdiniz. Bu klublar xatirinizdə necə qalıb?

– Fikrimcə, “Qarabağ” daha çox təşkilatlanmış komandadır. Böyük investisiya var, əla məşqçi və yaxşı oyunçulara malikdir. Buna görədir ki, hər il Avropa yarışlarında iştirak edirlər. “Neftçi” isə fanatik azarkeşləri olan böyük, tarixi klubdur. Yaxşı oyunçularla həmişə titullar üçün mübarizə aparıb.

– Azərbaycan futbolunu hələ də izləyirsiniz?

– Düzü, çempionat oyunlarına baxa bilmirəm, çünki heç bir kanal göstərmir. Amma Azərbaycan klubları avrokuboklarda çıxış edəndə matçlarını izləyirəm.

– “Fluminense”, “Eştoril”, “Ştutqart” kimi klublarda oynayan futbolçunun hədəfi adətən daha böyük olur. 2015-ci ildə sizi Azərbaycana gəlməyə nə vadar etmişdi?

– Həmin il “Neftçi”yə Braziliyadan gəlmişdim, Avropada ilk təcrübəm idi. Belə demək mümkünsə, karyerama “Neftçi”də başladım. Bakının gözəl şəhər olduğunu eşitmişdim, oranı tanımaq istəyirdim. 2019-cu ildə “Qarabağ” üçün Azərbaycana qayıtmaqda məqsədim isə avrokuboklarda oynamaq idi.

– Azərbaycanda hələ də əlaqə saxladığınız insanlar var?

– “Qarabağ”ın tərcüməçisi Elvar Quliyevlə danışıram. Orada baş məşqçi həmişə ondan mənim və ailəm haqda soruşur. Bundan başqa, Qara Qarayevlə söhbətləşirik. Həyat yoldaşımın da Bakıda bir dostu var, onunla tez-tez danışırıq.

– Azərbaycan Premyer Liqasını Braziliya, Portuqaliya, Almaniya, Danimarka və Kipr çempionatları ilə müqayisə edə bilərsiniz?

– Azərbaycan çempionatını yalnız Kiprlə müqayisə edə bilərəm. Digər ölkələrdə dünyanın hər yerindən yüksək səviyyəli futbolçuların çıxış etdiyi böyük komandalar var.

– Hələ cəmi 27 yaşınız var. Yenidən Azərbaycanda oynamaq istərdiniz?

– Bəlkə ola bilər. Tanrının həyatımla bağlı planlarını bilmirəm. Ancaq şəxsən mən Bakıda yaşamaq və Çempionlar Liqasında oynamaq istərdim.

– Azərbaycan çempionatının 8-ci turu çərçivəsində “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək. Proqnozunuz nədir?

326173 y0qb6mb1k3 - Futbolinfo.az

– Əla oyun olacağını bilirəm. Məncə, heç-heçə yekunlaşacaq.

– “Qarabağ”ın Avropa Liqasındakı çıxışını izləyirsiniz?

– Açığı, oyunlara baxmaq imkanım olmur. Lakin qolları görmüşəm. Düşünürəm ki, “Qarabağ”ın qrupdan çıxmaq üçün böyük şansları var.

– “Qarabağ” oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. Həmin matçla bağlı düşüncələriniz nələrdir?

– “Olimpiakos”un qrupda hələ xalı yoxdur. Buna görə də bütün gücləri ilə ilk qələbələrini qazanmağa çalışacaqlar. Amma mən “Qarabağ”ın qalib gələcəyinə inanıram.

– Azərbaycan çempionu “Olimpiakos”, “Frayburq” və “Nant”la mübarizə aparır. Bu qrupda şansları necə görürsünüz?

– Bu cür komandalara rəqib olmaq “Qarabağ”ın gücünü göstərir. Dünyanın ən yaxşı iki liqasının klubları və Yunanıstanın ən böyük komandası ilə mübarizə aparırlar. Bir daha təkrar edirəm: “Qarabağ”ın qrupdan çıxmaq şansı digərlərindən az deyil.

CAVAD

Shares: