Bu gün Azərbaycan Premyer Liqasında turun mərkəzi görüşü baş tutacaq. Futbolinfo.az xəbər verir ki, bu, həm də mövsümün ilk Azərbaycan derbisi olacaq.

“Qarabağ” doğma meydanda “Neftçi”ni qəbul edəcək. UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”la həlledici görüşdən öncə Qurban Qurbanovun komandası çətin sınaqla üz-üzədir.

Böyük maraq yaradan bu görüşdən öncə həm “Qarabağ”da, həm də “Neftçi”də oynamış bəzi futbolçularla danışdıq.

Rauf Əliyev (hazırda “Kəpəz”in futbolçusudur): “Matçın favoriti sözsüz ki, “Qarabağ”dır. Amma az da olsa, “Neftçi”nin qalib gəlmək şansı var. “Neftçi” ilə oyunlar “Qarabağ” üçün həmişə vacib olub. Bu səbəbdən meydanda güc qoyacaqlar. Rotasiyalara gəlincə, Qurban Qurbanov milli komandalarda oynamış futbolçularla bağlı dəyişikliklər edə bilər”.

Elvin Yunuszadə (hazırda “Kəpəz”in futbolçusudur): “Açığı, bu cür oyunlarda kiminsə qalib gələcəyini demək çətindir. Çünki derbidir. Nəticələrinə, oyununa görə danışsaq, “Qarabağ” favoritdir. Lakin yenə deyirəm ki, hər cür nəticə görə bilərik”.

Tərlan Quliyev (hazırda “Turan Tovuz”un futbolçusudur): “Bu matç derbi sayılır. Vaxtilə “Neftçi” – “Xəzər Lənkəran” matçları necə idisə, 10 ilə yaxındır ki, “Qarabağ” – “Neftçi” oyunları o cürdür. Hər iki komandada oynadığıma görə ikisi də doğmadır. İndi də orada dostlarım çıxış edir. Dəqiq nəticə deyə bilməsəm də, “Qarabağ”ı favorit görürəm. Düzdü, belə oyunlarda motivasiya fərqli olduğu üçün kimin daha güclü olduğunu demək çətindi. Hər iki komanda meydanda tam gücünü qoyacaq. Uğurlar arzu edirəm”.

Elşən Abdullayev (hazırda “Sumqayıt”ın futbolçusudur): “Bu cür oyunlarda favorit  olmur. Hər iki komanda ölkənin ən güclülərindəndir.Olduqca maraqlı qarşılaşma olacaq. Onlara uğurlar arzulayıram”.

ABBAS

Shares: