Azərbaycan futbolunu idarə etməli olan AFFA İcraiyyə Komitəsi özü idarə olunur. İllərdi bir qrup marketoloqun tapşırıqlarına “baş üstə” deməklə vaxt keçirən qurum üzləri yenə eyni cür davranacaq.

Bu həftə İcraiyyə Komitəsi yığışmalı və milli komandanın baş məqşçisi Canni de Byazinin taleyinə aydınlıq gətirməlidi. Müqaviləsinin müddəti bitən italiyalı mütəxəssislə anlaşmanın uzadılacağı, yoxsa qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmədiyi üçün onun yola salınması tezliklə bəlli olacaq.

Amma gözləməyə dəyməz. Vəzifə alaraq indiyə qədərki fəaliyyətinə görə canını Azərbaycandan qaçmaqla qurtaran Elxan Məmmədov yenə səlahiyyət sahibidi. Vitse-prezident Parisdə əyləşərək ölkə futbolunu oradan idarə edir, ən mühüm məsələlər barədə qərarları məhz Fransa paytaxtından verir. Himayədarlarının qanadları altında kölgələnən bu şəxsin əli hələ də çox yerə çatır.

Məmmədov dünən İcraiyyə Komitəsinin üzvlərinin hamısı ilə bir-bir əlaqə saxlayaraq, onlara yeni tapşırığını – həm də əmr formasında – çatdırıb. Belə ki, qurumun iclası formal xarakter daşıyacaq: de Byazi ilə müqavilənin növbəti tsiklin sonunadək uzadılmasına qərar verilib. Qarşıdakı iclasa kimi heç kim əks açıqlama verməməli və yığıncaq günü də bu qərarı dəstəkləməlidi.

Məmmədov üzvlərə bu qərarın “yuxarılar” tərəfindən verildiyini bildirib. İK-dakılar isə tapşırığa əməl edəcəklərinə söz veriblər.

De Byazi haqda hesabatı kimlərin verdiyi bəllidi. Məmmədov və dəstəsi özlərini qorumaq üçün italiyalının postunda qalmasını istəyirlər. Çünki məşqçilər tez-tez dəyişsə, onların da eyibləri üzə çıxar, hər növbəti dəfədə AFFA rəhbərliyi hədəfə gələr. Hələliksə növbəti uğursuzluq üçün qurban verilməli olan məşqçi var, zaman qazanıldı.

Qərar nə olur-olsun futbolumuzda heç nə dəyişməyəcək. Azərbaycan futbolunun problemi millinin baş məşqçi məsələsi deyil. Ümumi, ciddi islahatlar aparılmasa, dəyişikliklər olmasa, illəri itirəcəyik, nəticələr isə daha da pisləşəcək. “Yuxarılar”a hesabat verənlər özü dəyişməli, bütün bunlar bəyan edilməli və ən əsası, daha yaxşı strategiya təqdim edilməlidi.

Shares: