Misli Premyer Liqasının 9-cu turunda “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ” səfərə təyyarə ilə gedəcək. Klub rəhbərliyi komandanın yorğun ola biləcəyini nəzərə alaraq çarter reysi təşkil edib.

Futbolinfo.az xəbər verir ki, ağdamlılar Yunanıstan səfərindən dünən qayıdıb və artıq sabah Qəbələdə oyuna çıxmalıdı. Qarşıdakı həftədə yenidən “Olimpiakos”la matç var. Gərgin qrafikdə uzun səfərlərin komandaya mənfi təsir edəcəyini nəzərə alan çempion, müəyyən məbləğdən keçmək, avtobusla yorucu yolçuluğu təyyarə hesabına rahatlaşdırmaq qərarına gəlib.

“Qarabağ” Çempionlar Liqasında oynayarkən bu təcrübədən yararlanıb. O zaman da Qəbələ səfərlərinə komanda təyyarə ilə gedirdi. Bu şəhərdə beynəlxalq aeroportun olması işi asanlaşdırır.

Əldə etdiyimiz bilgiyə görə, “Qarabağ” daha öncə bu kimi problemləri nəzərə alaraq, “Qəbələ” ilə matçın Bakıda keçirilməsini, 2-ci dövrədəki cavab oyununun səfərdə təşkilini xahiş edib, qarşı tərəf də razılığını bildirib. Amma Peşəkar Futbol Liqası təqvimdə növbəti dəyişikliyə icazə verməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp