İdmanın şahı sayılan futbolun ölkəmizdə də inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Bu baxımdan əsas prioritet uşaq futboludu. Azərbaycanda bölgələrdə son illər uşaq futboluna qayğı istənilən səviyyədə olmasa da, artıq buzlar əriyir, müəyyən canlanma müşahidə edirik.

Əksər bölgələrimizdə olduğu kimi, Mingəçevir şəhərində də uşaq və yeniyetmələr futbola böyük maraq göstərirlər. Müxtəlif qruplara, məktəblərə yazılan yeniyetmələr arzularının arxasınca top qovurlar.

Şəhruz Mustafayevin rəhbərliyi altında Nur şəhərində daim seleksiya xarakterli toplanışlar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Əlbəttə, onların hamısı fitri istedad sahibi olmur, br çox aramsız məşqlərlə, çalışmalarla inkişafa çalışır. Amma anadangəlmə istedadlar da var ki, onları sadəcə, düzgün yönəltməklə bacarıqlarını üzə çıxarmaq lazımdı.

Komandalara cəlb olunan uşaqlar sırasında istedadlı olanlar ilk baxışdan diqqət çəkir. 14 yaşlı Ömər Novruzlu da belə bacarıqlı və gələcək vəd edən yeniyetmələrdən biridi. 5 yaşından futbola maraq göstərən Ömər, mütamadi təşkil olunan məşq proseslərinə qatılır və oynadığı gözəl futbolla məşqçi Şəhruz Mustafayevin rəğbətini qazanmağı bacarıb.

Saytımıza videomüsahibəsi zamanı Ömər Azərbaycan və dünya futbolunda sevdiyi futbolçulardan danışdı. O, gələcəkdə legioner həyatı yaşayıb ölkəmizi dünya arenalarında təmsil etməyi arzuladığını bildirdi.

Yaxşı ki, Ömərin atası Rəşad Novruzlu da oğluna dəstək oldur, onun gələcəkdə adlı-sanlı futbolçu olacağına inanır. Valideynin əsas arzusu Öməri Azərbaycan millisinin formasında görməkdi.

Şəhruz Mustafayevin rəhbərliyi altında məşq prosesində iştirak edən Mingəçevirin 14 yaşlılardan ibarət futbol komandası AFFA bayrağı altında keçirilən yarışlarda uğurla çıxış edirlər. Məşqçi bu oyunlarda özünü yaxşı tərəfdən görsədən Ömərin çıxışdan razıdı və gələcəkdə yarımmüdafiəçinin ölkə futboluna böyük xeyir verəcəyinə inanır.

BƏHRUZ MUSAYEV, Mingəçevir

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

med 2 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp