Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunun mərkəzi oyununda “Qəbələ” doğma meydanda “Qarabağ”la qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, bu, iki komanda arasında 68-ci duel olacaq. İndiyədək 67 dəfə qarşılaşan rəqiblərin oyunlarında 12 dəfə qalib gələn “qırmızı-qaralar” 20 qarşılaşmada heç-heçə edib. Digər 35 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 52 qol vuran “Qəbələ” öz qapısından 107 top buraxıb.

Ölkə kubokunda 13 matça çıxan rəqiblər Premyer Liqada 55-ci dəfə üz-üzə gələcək. Çempionatda 10 qələbəsi olan “Qəbələ” 15 dəfə meydanı sülhlə tərk edibsə, 29 dəfə uduzub. Rəqib qapısına 43 dəfə yol tapan “qırmızı-qaralar” 85 top buraxıb.

“Qəbələ” 34-cü dəfə “Qarabağ”ı qəbul edəcək. Qəbələ təmsilçisi əvvəlki ev oyunlarında 8 qələbə qazanıb, 11 heç-heçə edib və 14 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 30 top keçirən “Qəbələ” futbolçuları 44 qola üzülüb.

Xatırladaq ki, oktyabrın 9-da baş tutacaq “Qəbələ” – “Qarabağ” oyunu saat 17:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp