Azərbaycan Premyer Liqasının 9-cu turu cansıxıcı keçir. Geridə qalan 3 oyunda qapılara cəmi 2 qol vurulub və onların heç birinə qonaqlar imza atmayıb. Mübarizə, rəqabət davam edir, amma azarkeşlərə xoş gələn oyun yoxdur.

İlk oyun günündə qələbəni tək qolla bayram edən “Zirə”yə yaxşı oyundan daha çox məhz qələbə lazım idi. Çıxışında sabitiyə nail olmağa, ardıcıl iki qələbə ilə liderlər qrupunda möhkəmlənməyə çalışan “qartallar”ın istəyi başadüşülən idi. Komanda çoxlu epizod yaratmasa da, daha üstün olduğu görüşdə qələbəni təmin etməyi bacardı.

“Zirə” oyunu ilə inam vermədi, lakin rəqibi də unutmamaq lazımdı. Belə ki, “Şamaxı” istənilən rəqiblə döyüşməyi bacaran kollektivlərdəndi. Bu səbəbdən meydan sahibləri acı sürprizdən sığortalanmaq üçün sırf nəticəyə hesablanmış futbol göstərdi. Bölgə təmsilçisinə gəlincə, nəticə qazanmaq üçün yalnız döyüşməyin kifayət etmədiyini başa çatan dövrə də göstərdi. Bəli, “Şamaxı” mübarizə aparır, hər oyunda xal üçün döyüşür, lakin buna nail olmur. Heyət yetərsizdi, klub rəhbərliyinin seçdiyi strategiya Premyer Liqa üçün uyğun deyil – ya qışda bu yoldan dönəcəklər, ya da diviziona yuvarlanacaqlar.

“Şamaxı”nın faciəvi nəticələrinin, 9 tura cəmi 2 xal qazanmamalarının çox diqqət çəkməməsi oxşar aqibəti yaşayan qonşularının varlığına görədi. “Kəpəz”lə “Sumqayıt” bir neçə uğurlu oyun keçirən kimi Cavid Hüseynovun işinin keyfiyyətsizliyi daha aydın görünəcək. Geridə olan gəncəlilər iki uğurlu oyunun ardınca inkişaf yoluna qədəm qoyub, ancaq “kimyaçılar” barədə eyni sözləri demək olmur.

“Sumqayıt” dünən daha bir məğlubiyyət almaqla vəziyyətini bir az da pisləşdirdi. Samir Abasovun gəlişi də komandanın qol dərdinə məlhəm olmayıb. Cəmi bir penalti qoluna sevinən “kimyaçılar” bundan artığını bacarmayıb. Komandanın normal oyunu da yoxdur – epizod yarada, şans qazana bilmirlər. Bəlkə də yeni baş məşqçinin hər şeyi yoluna qoyması üçün zamana ehtiyac var. Bununla belə, onun heyətlə “oynamasından” da görünür ki, hazırkı heyətlə möcüzə mümkün olmayacaq, qışa kimi gözləmək lazımdı.

Dünənki qələbə “Səbail” üçün də böyük anlamda heç nəyi dəyişmədi. Komanda yaxşı futbol oynamır, heyət çox pis komplektləşdirilib. Bu tur sadəcə, Mahmud Qurbanovun baş məşqçi postunda ömrünü bir qədər uzatdı. Uğurlar davamlı olmasa, “Səbail” yenə də baş məşqçi dəyişikliyinin reallaşacağı əsas komanda kimi gündəmdə olacaq.

Bayıl təmsilçisi üçün bu mənada əsas sınaq növbəti tur olacaq. “Turan Tovuz”la səfər matçında qələbə reallaşmasa, komanda autsayderlər qrupunda qalacaq. Rəhbərliyin böyük pulları etbar etdiyi Qurbanova bunu bağışlaması çətin məsələdi. Rəqib də hamının başıqapazlı etdiyi biri deyil, həmin “Səbail”i ilk dövrədə səfərdə məğlub etmiş kollektivdi.

“Turan Tovuz”un bu xalları təsadüfən qazanmadığı dünən bir daha sübut olundu. Ayxan Abbasovun yetirmələri səfərdə “Neftçi”ni ilk heç-heçəylə tanış etdi. Və tovuzlular bunu heyətdəki ciddi itkilərə rəğmən reallaşdırdı. Həm matçdan əvvəl, həm oyunun gedişində aparıcı futbolçularını itirən Abbasov sadiq qaldığı əks-hücum taktikasıyla daha bir sürprizə imza atdı.

“Turan Tovuz”un bəlli oyun tərzi və heyəti var. Bu komandaya qol vurmadınsa, dəqiqələr irəlilədikcə qalib gəlmək şansın azalır. Hətta “Neftçi” əks-hücumlardan sonra məğlub duruma da düşə bilərdi. Laurentsiu Regekampf necə oynacağı əvvəlcədən bəlli olan debütantı məğlub etməyin yolunu tapmağa borclu idi. Ötən tur “Qarabağ”a yenilgi başadüşülən idi, lakin ardıcıl ikinci matçda büdrəmək iddialara ciddi zərbə dəyməsi deməkdi. Çempion olmaq istəyən belə matçlarda büdrəməməlidi.

Düzdü, bakılıların da itkiləri var idi, xüsusilə Eddi İsrafilovun yoxluğu meydanın mərkəzində problemləri artırmışdı. Lakin hətta bu durumda da meydan sahibləri qalib gəlməyə borclu idi – əgər həqiqətən də çempionluq üçün yarışırlarsa…

Bu matç “Neftçi” rəhbərliyinə də düşünməyə material verdi. Heyətdə keyfiyyətli futbolçuların azlığı belə oyunlarda büdrəmələrə səbəb olur. 1-2 oyunçu zədələnincə önəmli xallar əldən çıxır. Paytaxt təmsilçisi mütləq oyunçu ehtiyatını artırmalıdı. Əks halda, “Qarabağ”la rəqabət bir yana ortabablarla mübarizədə itkilər çox olacaq.

“Turan Tovuz”un ehtiyatda bir oyununun qaldığını nəzərə almasaq, 6 komanda üçün ilk dövrə başa çatdı. Onlardan ikisi qələbəyə, biri oyun vəziyyətindən qola həsrətdi. Və “Neftçi” istisna olmaqla, hamısı mənfi top saldosuna malikdilər – vurduqlarından çox buraxıblar.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp