“Sumqayıt”ın yeni baş məşqçisi Samir Abasovun müqaviləsinə xüsusi bənd salınıb. O, açıqlamalarında klub rəhbərliyini, klubun strategiyasını tənqid etməməli, onları hədəfə gətirməməlidi. Bunu etsə, böyük məbləğdə cərimələnəcək.

“Kimyaçılar”ın rəhbərliyi bu addıma ağıllı addım atdıqlarını, ifşa olunmayacaqlarını düşünüb. Çünki Abasovun xasiyyəti hamıya bəllidi – bəzən köntöy danışsa da, doğruları deyir. Onun yamaq vurmaq kimi xasiyyəti yoxdu, özünü təmizə çıxarmaq üçün hər həqiqəti danışmağa hazırdı. “Su boğaza çatanda” məsəli…

“Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyev yanlışlarının fərqindədi. Biznes obyektinə çevirdiyi klubda satıb pul qazanmaq üçün heyətə doldurduğu əcnəbilərin bir iş yaramadığını bilir, ona görə də özünü sığortalamaq üçün müqaviləyə belə bir bənd salıb.

Lakin Samir bəy ondan da hiyləgərdi. Klubu, rəhbərliyi açıq tənqid edib maliyyə itirmək onun nəyinə lazımdı? Mətbuat konfransında diplomatik danışır, reallığı fərqli dillə deyib zatən tənqidini edir. “Yarıyacan dolu stəkan” məsəli…

Abasov dünən “Səbail”ə növbəti məğlubiyyətdən sonra bu sözləri deyib: “Ustalıq çatışmır. Futbolçular indiyə qədər fərqli tələblər altında oynayıblar, indi başqa. Bunlar uyğunlaşmaq lazımdı. Xüsusən də keyfiyyət yüksək olmayanda çətin olur”.

Son cümləyə diqqət edin! Keyfiyyət yüksək deyilsə, deməli, heyət düzgün komplektləşməyib, keyfiyyətli futbolçular alınmayıb və bu da oyun keyfiyyətinə təsir edir. Bu, rəhbərliyi düzgün işləməməyə görə tənqid etmək deyilmi? “Qaradan artıq boyaq olmaz” məsəli…

Və ya Samir bəyin komandaya rəhbərlik etdiyi 2 oyunda güvəndiyi heyəti incələyək. İlk dəfə legioner oynatmaq icazəsi verilən “Sumqayıt”ın iştirak ərizəsində 9 legioner var. Abbasov “Kəpəz”ə qarşı debüt matçında onlardan cəmi 6-nın adını heyətə saldı və 2 nəfər start heyətdə göründü. Dünən isə “Səbail”ə qarşı 1 legioner start heyətdə yer aldı, ümumilikdə 5 nəfərin adı protokola düşdü.

Təsəvvür edin, klub yerlilərlə müqayisədə kifayət qədər yüksək maaş alan 9 əcnəbi transfer edib və onlardan yalniz 1-i start heyətə düşür. Abasov klubu, klub rəhbərliyini daha necə tənqid, necə ifşa etsin? 3-4 əcnəbi hətta ehtiyatda oturacaq səviyyədə belə deyilsə, Rəfiyevin “Sumqayıt”ı hansı hala gətirdiyini özünüz təsəvvür edin.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp