“Qarabağ” hədəf böyütməyə davam edir. Ötən il bu vaxt Konfrans Liqasında qrupdan çıxmağı diləyirdiksə, indi ağdamlılar bunu sona 2 tur qalmış təmin edib. Ötən mövsüm komanda 1/16 finala yüksəlmişdisə, indi 1/8-dədi, amma biz daha artığını tələb edir, Avropa Liqasında yola davam etməsini istəyirik.

Təbii ki, şans hələ də var və “Qarabağ” bunu bacaracaq gücdədi. Qrup ikinciliyi real hədəfdi, növbəti turda “Nant”a uduzmamaq və ya daha sonra “Frayburq”a qalib gəlmək yetərlidi. Hətta qalan 2 matçda qalib gəlməməklə də problemi həll etmək olar. İstənilən halda, ardıcıl 2-ci mövsümdə “Qarabağ”ın avrokubok mövsümünü yazadək uzatması rəsmiləşdi.

“Olimpiakos”la dünənki matçda qələbə qazanmaq qrup liderliyinə real şans saxlayacaqdı. Lakin adlı-sanlı yunan klubuyla heç-heçə də kifayət qədər yaxşı nəticədi, bu rəqibdən 4 xal almaq “Qarabağ”ın yalnız aktivinə yazılacaq faktdır. Bakıya bir xal üçün gəldiyi aşkar hiss olunan pireylilərin heç-heçəyə sevinməsini görmək zövqü əvəzolunmazdır.

“Qarabağ” qalib gəlmək üçün hər şey etdi. Xüsusilə ilk yarıda top-komandalara layiq futbol sərgiləyən Qurban Qurbanovun yetirmələrinə yalnız qol çatmırdı. İkiqat müdafiə xətti quran qonaqlar qapısının toxunulmazlığını düşünür, hücum barədə fikirləşməyə imkan tapmırdı.

Öndə inanılmaz pressinq tətbiq edən “Qarabağ”ın yorulması normal idi və zaman keçdikcə oyunda sürət aşağı düşdü. Kadi Borgesin zədə üzündən əvəzlənməsindən sonra komandanın hücum planında aktivliyi də, sıx müdafiəni yarmaq üçün imkanlar da azaldı. Yekunda hər iki tərəfi qane edən heç-heçə reallaşdı.

Düzdü, paralel matçda “Nant”ı yenən “Frayburq”la liderlik mübarizəsinə davam etmək üçün ağdamlılar son dəqiqəyədək qələbəyə cəhd etdi, lakin bu nəticə pley-offa vəsiqəni təmin etdiyindən, Qurbanovun yetirmələri bərabərlikdən də məmnun qalmalıdı. Yunanlar isə şansını davam etdirmək üçün heç-heçəyə sevindiyini gizlətmirdi.

“Qarabağ” böyük işlər görür, ölkə reytinqini yüksəldir, adlı-sanlı komandalar qarşısında məğlub psixologiyasını beyinlərdən təmizləyir. Rəqibdən asılı olmayaraq, bütün oyunlara qələbə üçün çıxan, azarkeşləri daha çox şey tələb etməyə öyrəşdirən komanda artıq digər klublarımız üçün də minimum hədəfləri böyüdür. Daha qrupa vəsiqə qazanmaq qəhrəmanlıq deyil.

Çox təəssüf ki, digər klublarımız nəinki bunu bacarmır, hətta ilk mərhələlərdə ələnir. Bu səbəbdən “Qarabağ” ölkənin futbol imicini təkbaşına yüksəltməkdə davam edir. Həm tələb, həm tənqid edilən “Qarabağ” və öz oxu ətrafında fırlanan digərləri… Halbuki ən azı daha bir klubumuz qruplara vəsiqə qazansaydı, indi ölkə reytinqində çox irəli gedər, futbolumuz üçün daha geniş imkanlar açardıq. Bəlkə “Qarabağ”ın müəyyənləşdirdiyi etalonu başqalarından da tələb edək? Axı, Qurbanov və komandası illərdi bunun çətin olmadığını sübut edir. Sadəcə, doğru işləmək, səriştəli davranmaq kifayətdi.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp