“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ən uzun “quru” seriyaya malik 3 komandadan biridir.

Futbolinfo.az xəbər verir ki, G qrupunda yer alan Ağdam klubu ardıcıl 3 oyunda qol buraxmayıb.

2-ci turda Bakıda Fransa “Nant”ını 3:0 hesabı ilə darmadağın edən Qurban Qurbanovun komandası ardınca Yunanıstanda “Olimpiakos”a eyni aqibəti yaşadıb. Azərbaycan çempionunun Pirey təmsilçisi ilə Bakıda keçirilmiş 4-cü tur matçında isə hesab açılmayıb.

“Qarabağ”la eyni qrupda mübarizə aparan Almaniya “Frayburq”u və İspaniya “Real Sosyedad”ı da eyni göstəriciyə malikdir.

Ağdam təmsilçisi Avroliqada ən az qol buraxan komandalar sırasında 4-5-ci yerləri bölüşdürür. Komanda 4 oyuna qapısında cəmi 2 top görüb. İlk üç pillədə “Real Sosyedad”, İngiltərə “Arsenal”ı və “Frayburq” (hərəyə 1 qol) qərarlaşıb. 4-cü pillədəki Niderland PSV-si və 6-cı yerdəki Almaniyanın “Union Berlin” komandası da 2 qol buraxıb.

“Qarabağ”ın hücumçusu Ovusu Kvabena isə çərçivəyə ən çox düşən futbolçuların siyahısında İngiltərə “Mançester Yunayted”indən Markus Reşford, “Union Berlin”dən Şeraldo Bekker, Avstriya “Şturm”undan Uilyam Vik və “Frayburq”dan Mixael Qreqoriçlə birgə 2-6-cı yerləri bölüşdürür.

Xatırladaq ki, “Qarabağ” qrup mərhələsində 4 turdan sonra 7 xalla ikinci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp