“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda evdə “Olimpiakos”un müqavimətini qıra bilmədi. Hələ oyundan əvvəl təhlil yazımızda Ağdam klubunun pireylilərlə Bakıda işinin çətin olacağını qeyd etmişdik. Evdə azarkeşləri qarşısında sarsıdıcı məğlubiyyətlə üzləşən Yunanıstan çempionu Bakıda səhvlərini düzəltməyə çalışacaqdı. Necə də olmasa, yenə biabır olmağa haqqları yox idi. Həm də ki, buradan xalla qayıtmaq heç olmasa, Konfrans Liqasının pley-offuna vəsiqə uğrunda mübarizə aparmağa şərait yaradacaqdı. “Nant” evdə “Frayburq”la xal itirsə, “Olimpiakos”un işi yüngülləşəcəkdi. Elə bu “Qarabağ”ın da işinə yarayacaqdı.

Doğrudur, “Frayburq” Fransada qalib gəlməsi qrup birincisi olmaq xəyallarımızın üstündən xətt çəkəcəkdi. Amma ən yaxın rəqibimiz olan “Nant”dan xeyli aralanacaqdıq. Ona görə də Bakıda mümkün heç-heçə hər iki komandaya sərf edəcəkdi.

Hərçənd oyun göstərdi ki, qələbə üçün məhz “Qarabağ” daha çox alışıb-yandı. Oyunun təhlilinə keçməzdən öncə ilk oyunla müqayisədə heyətlərə nəzər salmaq yerinə düşərdi.

“Georgios Karaiskakis” stadionunda müdafiəçilərinin bərbad oyununa görə böyük hesabla uduzduqlarını anlayan Miçel, bu dəfə müəyyən dəyişikliklərə əl altmalı idi.  Bəli, ispaniyalı mütəxəssis ilk olaraq qapıdan başladı və Tsolakisin yerinə Pasxalakisi döyüşə atdı. Hərçənd, Yunanıstandakı oyunda Tsolakisin ciddi səhvləri olmamışdı. Müdafiənin mərkəzində isə dəyişikliklər zəruri idi – 3 mərkəz müdafiəçisinə güvənən Miçel bunun bəhrəsini görməmişdi. Özü də həmin oyunda ispaniyalı mütəxəssis sağ cinah müdafiəçisi Şime Vrsalko ilə dayaq yarımmüdafiəçisi Yan M`Vilanı qapıçının önünə çəkmişdi. Onların yanında da Pape Abu Sisseni qərarlaşdırmışdı. Müdafiənin cinahlarına Pipa ilə Oleq Ryabçuk cavabdeh olmalı idi.

Göründüyü kimi, bu da heç bir efekt verməmişdi. Bu dəfə Miçel tam fərqli mərkəz müdafiəçilərini meydana saldı. Uzun illər “Arsenal”da oynayan Sokratis Papastatopulosun meydana çıxması arxa xəttə güc gətirdi. Elə onun yanında Andras Ntoi də özünü suda balıq kimi hiss etdi. Özünə doğma olmayan mövqedən canını qurtaran Vrsalko sağa meyllənincə, Ryabçuk ənənəvi olaraq öz cinahında qərarlaşmışdı.

Bəli, “Olimpiakos” bunun bəhrəsini gördü. Etiraf edək ki, beton müdafiə sayəsində Pasxalakisin qoruduğu “çərçivə”yə ciddi zərbə gəlmədi. Ötən günlərdə “Olimpiakos”a transfer olunan PAOK-un sabiq qapıçısı yalnız çıxışlarda topu ələ keçirə bilirdi.

“Olimpiakos”un yarımmüdafiə və hücum xəttinə gəlincə, Miçel burada cüzi dəyişikliklər etmişdi. Yenə də mərkəzdə Andreas Buxulakislə Pyer Kunde “Qarabağ”ın sürətli hücumlarının qarşısını almalı, Pep Biel isə hücumun kəsərini artırmalı idi. Amma o da əsas diqqətini arxa xəttə yönəltmişdi. Çünki topu “Qarabağ”ın oyun qurucularının əlindən almaq olmurdu. Hücumda qərarlaşan Ui Jo Hvanq geriyə çəkilib onu oğurlaya bilmirdisə, Abubakar Kamarada bu, heç də pis alınmırdı. Ümumiyyətlə, oyun boyunca “Qarabağ”ı ən çox bu oyunçu narahat etdi. İlk oyunda Qari Rodrigesdən fayda götürməyən Miçel Kamara seçimi ilə bu dəfə doğru addım atdı. Elə ilk oyunda meydana çıxmayan Marius Vrussay da arxa xətt oyunçularına qoşularaq hücumdakı işini unutdu.

Miçelin oyunun gedişindəki müdaxilələrinə gəlincə, yenə də Marselo ilə Matyö Valbuena ikinci hissənin gedişində meydana çıxdı. İlk oyunda Valbuena topu arxadan götürüb irəli şığıması ilə yadda qalırdısa, bu dəfə də eyni məharətini göstərdi. Amma onun reydlərinin qarşısı cərimə meydançasına çatmadan alınırdı. “Olimpiakos”un topla oynamağı bacaran ən yaxşı oyunçusunu zərərsizləşdirdiklərinə görə “Qarabağ”ın oyunçularına təşəkkür düşür. Xüsusən də Bakıda Almeyda sarı vərəqə bahasına onun qarşısını almaqla bəlkə bizi qoldan xilas etdi. Marselodan isə heç danışmağa dəyməz. Dünənki oyunda “Real”ın əfsanəsi yalnız bir cinah keçidi ilə yadda qaldı ki, onun ötürməsi də müdafiənin mərkəzində zərərsizləşdirildi.

“Qarabağ”ın heyətinə gəlincə, məlum məsələ idi ki, Qurban Qurbanov Kevin Medina ilə Maksim Medvedevin sıraya dönməsinə baxmayaraq, Bəhlul Mustafazadə ilə Bədavi Hüseynova toxunan deyil. Elvin Cəfərquliyev də son oyunlarda səhv etmədiyinə görə yerini qorumalı idi. Yəni, Toral Bayramov ən yaxşı halda oyunun ikinci hissəsində meydana çıxa bilərdi. Belə də oldu. Yeganə dəyişiklik yarımmüdafiə xəttində olmalı idi. Çünki ilk oyunda Leandro Andrade ümidləri tam doğrulda bilməmişdi, üstəlik, zədəli idi. Onun yerinə Marko Yankoviç meydanda görünə bilərdi. O da millisinin düşərgəsindən zədəli halda qayıtdığına görə tam da formada deyil. Qurbanov ona yenə də şans verməyərək fəqlli gedişə əl atdı: Qara ilə Almeydanın önünə Kadini atdı.

Halbuki, ilk oyunda Borges öz doğma mövqeyi olan sağ cinahda qərarlaşmışdı. Bunun da effektini görmüşdü. Braziliyalı Pireydə rəqiblərini yorduqdan sonra meydandakı mövqeyini dəyişib yerini Ramil Şeydayevə vermişdi. Bu dəfə Şeydayev start heyətində meydana çıxdı. Qarşısındakılar yorğun olmayınca, millimizin forvardı onları heç nə ilə təəccübləndirə bilmədi. Əvəzində Kadi mərkəzə çəkilməyin acısını yaşadı. Çox sərt oynayan yunanlar onu matçın əvvəlində zədələmək bahasına sıradan çıxara bildi. İkinci hissənin ortalarına qədər axsayaraq oynayan Borges sona qədər tab gətirmədi. Rəqibin beton müdafiə xəttini yarmaq mümkün olmadığına görə Qara Qarayev 3 fərqli epizodda qapını nişan alsa da, hədəfə düşmədi.

Rəqib qapanarkən itib-batan Ovusu Kvabena yenə də ortalıqda görünmədi. Çünki “Qarabağ”ın forvardı boş mövqe əldə edə bilmirdi. İlk oyunda “Olimpiakos” heç olmasa, irəli atılırdı. Bu dəfə isə onlara 1 xal lazım olduğundan Ovusu “mühasirəyə düşmüşdü”.

Zubir yenə öz işində idi. Belə oyunda “Qarabağ” iki halda uğur qazana bilərdi: uzaqdan dəqiq zərbələr və driblinqi olan mərkəz hücumçusunun bacarığı. Bəlkə də Ozobiç ilk dəqiqələrdən meydana çıxıb Qaranın yerinə bir neçə dəfə topa zərbə endirsəydi, istəyimizə nail olardıq. Filip yalnız bir dəfə buna cəhd etdi, o da alınmadı. Driblinqi bacaran hücumçumuzun olmaması da öz sözünü dedi. Amma istənilən halda, məyus olmağa dəyməz. Biz bu heç-heçə ilə “Nant”dan daha bir xal aralandıq. Növbəti oyunda Fransada məğlub olmasaq, qrupda ikinciliyi təmin edəcəyik. “Qarabağ” bunu bacaracaq!

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp