Özünü hörmətli zat hesab edən Orxan Fikrətoğlu bir neçə həftə əvvəl idman jurnalistlərinə dil uzatmışdı. Xörəyin dadını, bişib-bişmədiyini yoxlamaq üçün istifadə etmək lazım olan dilini dinc qoymayan baş kulinar arxamızca danışmış, böhtan atmağı lazım bilmişdi.

O zaman cavabını vermişik, lakin toplu tənqidlərimizi növbəti dəfə təsdiqlənəcəyi günə saxlamışdıq. Ki, “Şamaxı”nın idarə heyətinin üzvü olan Orxan bəy efirdə bir-iki kəlmə danışıb idman jurnalistlərini qorxutdunu düşünməsin. Sadəcə, səbəb olmadan tənqid etmək, Fikrətoğluna görə bir klubun haqqına girmək istəmirdik. 4 dəfə adını, 8 dəfə rəngini, 12 dəfə rəhbərliyini, 16 dəfə strategiyasını dəyişən “Şamaxı” əvvəl-axır tənqid üçün səbəb verəcəkdi.

Dünən “Şamaxı” idman jurnalistlərinin haqlı tənqidlərinə növbəti dəfə razılıq möhürü vurdu. Oyunuyla, nəticələriylə, hazırkı durumuyla zatən bərbadlığını isbatlamış qondarma bölgə klubu bu dəfə idarəçilərinin bacarıqsızlığıyla gündəm oldu. Futboldan bixəbərlərin idarə etdiyi “Şamaxı”ya klubu səriştəsizlərin idarə etdiyini isbatlamaq üçün cəmi yarım saat kifayət etdi. Və özləri özlərini ifşa etdilər.

Dünən “Şamaxı” – “Qəbələ” matçı başlayarkən aydın oldu ki, meydan sahibləri 3000 manat cərimələnib. Belə ki, ötən turun “Zirə” – “Şamaxı” görüşündə qonaqların futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması kluba baha başa gəlib. Əsasnaməyə baxmağa ağıllı-başlı, futbolu bilən bir kadrı olmayan “Şamaxı”da adi gözlə görünən çatışmazlığı da sezən olmayıb – hamı eyni formada meydana çıxarkən bir nəfərin geyimində fərq olub.

Biz tərəfdə “batdığı yerdən bir daha keçməmək” barədə məşhur məsəl var. Lətifəsi “Şamaxı”dan uzaq, dünən onlar məhz bunu etməklə özlərini gülünc vəziyyətdə qoydular. “Qəbələ” ilə oyunun 33-cü dəqiqəsində meydana həmin Şahmuradov, həmin ad-soyadsız geyimlə çıxdı. AFFA İntizam Komitəsinin cərimə haqda qərar çıxarmasından heç bir saat ötməmiş…

Düşünməyin ki, “Şamaxı”nın pulu çoxdur, ona görə hər matça 3000 manat ödəməkdən qorxmayaraq eyni səhvi edirlər. Əsla! Sadəcə, klubun idarəçiləri səriştəsizdi, Orxan Fiktrətoğlu kimi futboldan bixəbər hərşeyşünasdılar. Ona görə də belə problemlər tez-tez ortaya çıxacaq – nə birincidi, nə sonuncu.

Əziz Orxan bəy, şəninizə, önəmli postunu “zanit” etdiyiniz klubunuza dastan həsr etmişkən, 1-2 faktı da sadalayım, xəbəriniz olsun. Zatən plovu dəmə qoymusuz, hazır olana kimi vaxtınız var, oxuyun, məlumatınız olsun.

“Şamaxı” 10 oyuna cəmi 5 qol vurub, 3 heç-heçəylə 3 xal toplayıb. Sonuncu yerdə olan komandanız mümkün 30 xalın cəmi 10 faizini əldə edə bilib.

Tez-tez gənc yerli futbolçulara güvəndiyinizi deyirsiz, sözlərinizdə həqiqət var, məsələn, dünən meydana çıxan start heyətdə 2 nəfər 20 yaşı tamamlamayanlar idi. Amma “Qəbələ”yə qarşı oynayan heyətin orta yaş həddi 24 idi və bu, heç də fantastik göstərici deyil, əksinə, 6 nəfərin 26+ yaşında olması strategiyanızın saxtalığına dəlalət edir.

Deyək ki, yaxşı strategiyanız var, bu da bir seçimdi, nəticələrinə də siz qatlaşacaqsız. Amma aydın görünür ki, bu heyətlə üzü Diviziona yol almısız, aşağı dəstəyə düşdükdən sonra böyük futbola qazandırmaq istədiyiniz o uşaqları da bədbəxt edəcəksiz.

Əvvəla, peşəkar futbol peşəkar yanaşma tələb edir, gəncləri yetişdirmək üçün onların başında yaxşı məşqçi dayanmalıdı, yalnız həvəskarla işləmiş Cavid Hüseynov və ya karyerasını qadın komandarına həsr edən Vüqar Əsgərli yox. Digər komandalarda da gənclər oynayır, amma onların yanında usta futbolçular oynayır, səhvlərini başa salır, öyrədir, gənclər baxıb nəsə götürürlər. Məsələn, “Qarabağ”da Toral Bayramovla Elvin Cəfərquliyev kimi. Amma “Şamaxı”da təcrübəsiz gənclər özü kimilərlə oynamaqla yalnız vaxt itirir. Siz onları məğlubiyyətlərə, topla döyülməyə alışdırırsız, sabahlarını məhv edirsiz, başıqapazlı nəsil yetişdirirsiz.

Orxan bəy, bəlkə də sizi aldadıblar, inanmayın, heç-heçəyə 3 xal vermirlər, ona görə dünənki nəticəyə sevinməyin. Düzünə qalsa, “Qəbələ”yə də uduzmalydız, sadəcə, hakimlər öz səhvlərini başqa bir səhvlə sığortalayıb qapınıza penalti təyin etmədilər. Rəqib oyunçu əllə oynadıqdan sonra səhvən künc zərbəsi təyin edildiyindən, hakim “Şamaxı”nın futbolçusunun qayda pozuntusuna göz yumdu. Əslində, “Qarabağ” – “Sabah” oyununda olduğu kimi, epizod bitdiyindən əvvəlki səhv nəzərə alınmamalı, penalti təyin edilməliydi. Bunun böyük söz-söhbətə səbəb olacağını bildiklərindən, səhvi səhvlə yudular, “Şamaxı” qazanclı çıxdı.

Əziz Fikrətoğlu, yeməyin suyu quruyar, xəbərin olmaz, aradabir ocağa baxın. Qazanın dibi yanar, elə bilərsiz, qoxu rəqib zərbələrini qaytarmaqdan əlcəyi tüstülənən Rəşad Əzizlinin əllərindən gəlir. Yemək mövzusuna qayıtmışkən, bunu da yazım, yadınızda saxlayın, sonra “Şamaxı”nın tənqid edilməsinin səbəbləri barədə başqa böhtan düşünməyin. Sizdə bir nəfərin əsl, digərinin sənəd üzərində baş məşqçi olması bilirsiz nəyə bənzəyir? Elə bil dönərin təmiz mal ətindən hazırlandığını deyirsiz, əslində isə çörəyin arasına nə əti doldurduğunu bir siz bilirsiz, bir də at alverçiləri.

Orxan bəy, sizin əyalətə sürgün edilmiş klubda işlədiyinizi Şamaxı əhli də yavaş-yavaş başa düşür, reklam etdiyiniz “menyu” ilə təqdim etdiyiniz yemək arasında aşkar fərq olduğunu aydın görürlər. Ev oyunlarınıza gələn tamaşı sayına diqqət edəndə bunu hiss etməlisiz.

1-ci tur: 2100 nəfər

3-cü tur: 1800 nəfər

5-ci tur: 1200 nəfər

8-ci tur: 1500 nəfər

10-cu tur: 1200 nəfər

Azalmanı özünüz də görürsüz. Hələ belə yuvarlaq rəqəmləri yazanların səmimiyyətinə də şübhəmiz var. 2200 tamaşaçı tutumu olan arenada dünən boş yerlər göz oxşayırdı, amma rəsmi protokolda… Nə isə…

Əziz “Şamaxı” rəsmisi, idman jurnalistlərini günahlandırmağı, ümumiyyətlə, keçmiş həmkarlarınızın arxasınca danışmağı yaxşı bacardığınızı unutmamışıq. Ona görə dünənki biabırçı olayla bağlı klubunuzun da mövqeyini öyrənmişik.

Klubun mətbuat xidmətinin rəsmisinin Rövşən Şahmuradovla bağlı cəza gətirən səhvin təkrarlanmasına münasibəti belədi: “Cəza oyun başlayan ərəfədə verilib, problemi aradan qaldırmağa vaxtımız olmayıb. Oyunun gedişində başqa futbolçumuz zədələndiyi üçün Rövşəni oyuna erkən buraxdıq, bilmədən eyni səhvi etdik. Təbii ki, bu, klubun səhvidi, növbəti turacan aradan qaldıracağıq. Şahmuradov əvəzedici komandamızın üzvüdü, Divizionda geyimlə bağlı belə tələb olmadığından fərqinə varmamışıq və belə vəziyyət alınıb”.

Orxan bəy… Heç nə… Gedin, dolmanızı bükün!

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp