“Kəpəz”in ev oyunlarında protokoldakı “tamaşaçı” qrafasını hətta matçdan bir gün öncə də doldurmaq olar. Maksumim hədd bəllidi, ondan azı isə gözlənilmir – deməli, hər görüşdə 3000 azarkeş gəncəliləri tribunadan dəstəkləyəcək.

Premyer Liqanın uzun fasilədən sonra Gəncəyə qayıtmasına klub PFL-lə birlikdə yaxşı hazırlaşmışdı. Oyunöncəsi tədbirlər, şəhidlərin yad edilməsi, şəhid övladlarına diqqət – ümid edirik, bu, yalnız açılış oyunu üçün edilməyib, davamlı olacaq, hər dəfə bizi nə iləsə təəccübləndirəcəklər. Əvəzetmələrin və oyuna əlavə edilən dəqiqələrin göstərilməsi lazım gələn elektron tablonun yoxa çıxmasıyla deyil, kreativ addımlarla…

Futbol Gəncəyə yenə yaraşdı. Hətta stadiona buraxılan azsaylı fanatlar belə qonaqlara ciddi başağrı, meydan sahiblərinə 12-ci oyunçu oldu. “Neftçi” yaxşı qurtardı, əksər klublarımız bu səfərdə matça 0:1 geridə başlayacaq.

Elə “Neftçi” də dünən eyni durumda idi. Larentsiu Regekampf bəlkə də qorxusundan aşkar autsayderlə matça 5 müdafiəçi ilə çıxmışdı. Emin Mahmudov sırf fərdi bacarığı sayəsində cərimə zərbəsindən hesabı açmasaydı, bu qorxaq taktikanın rumın məşqçiyə necə başa gələcəyini hələ bilmək olmazdı. Ola bilsin, o, Eddi İsrafilovun yoxluğunda seçdiyi taktiki düzülüşə uyğun səviyyəli futbolçu tapmadığından belə etmiş, sırf əlindəki materiala görə taktika müəyyənləşdirmişdi. Amma gedişat göstərdi ki, doğru seçim deyil.

“Neftçi” favoritə, çempionluğa namizədə yaraşan futbol sərgiləmədi. Dünən meydanda daha dişli rəqib olsaydı, bakılılar bir xala şükür edərdi. Amma sırf tamaşaçı dəstəyindən cuşa gəlib irəli atılan gəncəlilər qonaqlara problem yarada bilmədi – problem yaratdı, qol vura bilmədi. “Kəpəz”in futbolçularında qələbə istəyi, inanılmaz təzyiq var idi, lakin ustalıq yetməyəndə istənən nəticəni qazana bilmirsən.

Gəncəlilər hətta bu vəziyyətdə də xal qazana bilərdi. Amma gənc Zamiq Əliyevin 62-ci dəqiqədə təcrübəsizlikdən etdiyi səhv – komandasını azlıqda qoyması xal ümidlərinin üstündən xətt çəkdi. Bundan sonra Regekampf 4-lü müdafiəyə keçməyə cəsarət etdi və az sonra “Neftçi”yə yaraşan futbolu izləməyə başladıq. Çox keçmədən ikinci qol da vuruldu.

“Neftçi”nin heyəti çempionluq mübarizəsi üçün yetərsizdi, lakin “Kəpəz” kimi komandalarla müqayisədə çox yaxşıdı. Hücumçusu olmayan Gəncə təmsilçisinə qarşı 3 mərkəz müdafiəçisiylə oynamağın adı yoxdur. Belədə rəqibi üstünə gəlməyə təşviq edirsən. Eminin həmin qolu olmasaydı, bəlkə də indi fərqli nəticədən danışırdıq. Düzdü, fasilə ərəfəsində “Neftçi” azı 2 real qol şansını əldən verdi, lakin həmin epizodlar da oyunun real mənzərəsinə uyğun deyildi, standart vəziyyətlərdən sonra və rəqib futbolçuların ustalıq səviyyəsinin yetərsizliyi səbəbindən ələ düşmüşdü.

Tarixi rəqiblərdən biri ilə matç uğursuz bitsə də, Gəncədə oynaması “Kəpəz”ə çox fayda verəcək. İnsaf naminə, Tərlan Əhmədov da sələfindən daha yaxşı işləyir, komandanın oynadığı futbol daha gözəgəlimlidi. Baş məşqçinin yeganə çatışmazlığı həmişə ona mane olan xarakterini dəyişə bilməməsidi. Öncə Rauf Əliyev, ardınca vitse-kapitan əvəzedici komandaya göndərildi, indi isə dünən meydandan qovulan gənci cəzalandıracağı ilə hədələyir. Əhmədovun indi dutbolçularla gərginlik yaşaması yox, onları bir yumruq kimi birləşdirməsi məsləhətdi. Heyət zatən zəifdi, olanları da incik salmaq müsbət mənada nəyisə dəyişməyəcək.

O da var ki, dünən komandanı qələbəyə səsləyən azarkeşlər rəqib “Neftçi” olduğu üçün dəstəyi əsirgəmədi. Məğlubiyyətlər sıralansa, zəif rəqiblərlə matçlarda da xallar qazanılmasa, aqressiya qonaq komandalara yox, Əhmədova qarşı yönələcək. “Kəpəz”in evdə oynamasına arxayın olub futbolu unutmaq olmaz. Gəncə stadionunun tribunalarını sıradan 3000 nəfər yox, futbolu gözəl anlayan fanat ordusu doldurur.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp