Samir Abasov deyib ki, “Mən 8 nəfərlə “Qarabağ”ı udmuşam, ondan danışın”. Kreativ açıqlamadı, həqiqi əsası olmasa da, məna yükü var. Hazırda “Sumqayıt”a rəhbərlik edən çalışdırıcı “Neftçi”də olarkən çox az sayda səviyyəli oyunçu ilə çempion olmasına işarə vurub.

Abasovun qazandığı çempionluğa kölgə salmaq fikrimiz yoxdu. Samir bəy həqiqətən “Neftçi” ilə gözlənilmədən çempion olmağı bacarmışdı. Açıqlamasının məsuliyyəti də öz boynunda qalsın, yəqin Qurban Qurbanov növbəti matçlarda “nəzərə alacaq”, necə ki, çempionluğa səbəb olan həmin oyundan bəri ardıcıl 5 matçdır ağdamlılar bakılıları məğlub edir və bunlardan 4-ü Abasovun vaxtına düşüb – 2:1, 4:0, 2:1, 4:1.

Samir bəyin indiki komandasının durumu bəllidi, amma o, sabah 9 turdu oyun vəziyyətindən qol vurmayan komandasının “Qarabağ” qarşısında önə keçdiyini desə, yalan danışmayacaq. Abasov nitqini elə bəlağətli edəcək ki, ağdamlıların 21 dəqiqəyə 3 qol vurub oyunu çevirməsi yox,məhz “Sumqayıt”ın hesabı açması yadda qalacaq.

Qurban Qurbanov demir, amma onun reallaşdırdığı statistika daha utandırıcıdı. “Qarabağ” faktiki olaraq rəqiblərini 2-3 nəfərin sayəsində yenir. Komanda hesabda geri düşür və ya oyun heç-heçə gedir, Qurban bəy avrokuboklar üçün qoruduğu 2-3 futbolçunu meydana buraxır və qələbəni təmin edir. Sanki həm Premyer Liqa klublarının, həm də ümumən çempionatın səviyyəsini ifşa edir.

Keçirdiyi 9 matçın 4-də ağdamlıların hesabda geri olduğu matçı qələbə ilə başa vurmasının başqa adı yoxdur. Komandanın xal itirmədən irəliləməsi, az oyun keçirməsinə rəğmən zirvədə olması, iki futbolçusunun bombardirlər yarışına başçılıq etməsi “Qarabağ”ın Misli Premyer Liqasından bir üst səviyyədə olduğunu göstrərir.

Qurbanov bəlkə də hansısa oyunda Qara Qarayevi və ya Filip Ozobiçi qapıya qoyub növbəti eksperimentini edəcək. Paralel olaraq Avropa Liqasına diqqət göstərildiyindən, Qurban bəy çempionat matçlarında hər cür dəyişikliyə, rotasiyaya imza atır. Kevin Medinanın dünən cinah mudafiəçisi, Toral Bayramovun fərqli qanadda hücumçu oynaması kimi. Uğurlu olanda davam edir, alınmayanda əsas futbolçuları döyüşə atır və qələbəni qazanır.

Zədəlilər və yorğun oyunçuların çox olması üzündən dünən “Qarabağ” “Sumqayıt”a qarşı tamamilə ikinci heyətə güvənmişdi. Qonaqların təsadüfi hücumlarından biri oyun praktikasının azlığından əziyyət çəkən Rahil Məmmədovun səhvi üzündən qol oldu və Şeydayevlə Zubir döyüşə atıldı. Bu iki oyunçu meydanda olduğu 29 dəqiqəyə 3 qol təşkil etdi – faktiki ikisi bunu reallaşdırdı. Abasov bu faktın utancına qısılmaqdansa, nağıl danışır.

Samir bəyin bacarığına bələdik, karyerası da “Neftçiy”lə çempionluq qazanmaq, “Qarabağ”ın hegemonluğuna son qoymağı bacarmaq qədər yaxşı məqamlarla zəngindir. Daha məsuliyyətli açıqlama vermək əvəzinə publikaya oynamaq, mənasız cümlələrdən istifadə etmək nəyə lazımdı? Qurbanova yenilməyi həzm etmək buqədərmi çətindi? Futbol dəyişir, hər gün inkişaf edir, zamanla ayaqlaşmaq, özünü təkmilləşdirmək əvəzinə keçmişin nostalgiyasıyla yaşamaq zəiflərə xas xüsusiyyətdi. Günün reallığı iki nəfərin böyük bir şəhərin komandasını yenməsidi.

“Sumqayıt”ın durumu bəllidi, klubun menecer-prezidenti Riad Rəfiyev burada özü üçün biznes obyekti açıb. Kimsə də Abbasovdan möcüzə gözləmir, sadəcə, mövcud heyətlə daha yaxşı oynamaq tələb olunur, o isə Aleksey Baqaya rəhmət oxutdurmaqdadı. Komanda yeni baş məşqşiylə 3 oyuna 1 xal toplayıb, bu matçlardan ikisi autsayderlərə qarşı olub.

İndi Samir bəy qış transferlərini gözlədiyini deyir. Rəfiyev bütün büdcəni səviyyəsiz legionerlərə xərcləyib, məşqçi fasilə dönəmində hansı pulla və kimləri gətirmək istəyir? İş ondadı ki, Abasovun transfer seçimləri də həmişə bərbad olub. “Zirə”də işlətdiyi vaxt aldırdığı əcnəbilər klubu elə çökdürdü ki, qəsəbə təmsilçisi bir il özünə gələ bilmədi, sonra da hamısı yola salındı. “Neftçi”də isə Ceyhun Sultanovun seçmədiyi, sırf məşqçinin istəyi ilə gətirilən futbolçuların hamısı səviyyəsizliyi üzündən az sonra qovuldu, Sezar Meza Kollini hələ də Bakıya gətirə bilmirlər, ayağını qucaqlayaraq evində oturub. Bu, həmin futbolçudur ki, Samir bəy onun transferi üçün rəhbərliklə kəllə-kəlləyə gəlmişdi, onu vazkeçilməz biri hesab edirdi.

“Qarabağ”a, özü də səfərdə uduzmaq ayıb deyil. Əksinə, “Sumqayıt” qol tilsimini bu komandayla matçda qırdığı üçün sevinməlidi. Yenilgiyə ağıllı izah vermək əvəzinə, Abasovun atmacalı sözləri ikrah hissi oyadır. Bu heyətlə, bu rəhbərliklə, bu düşüncə tərzi ilə Samir bəyi qarşıda daha böyük sıxıntılar, daha biabırçı nəticələr gözləyir. Zaman göstərəcək ki, “Neftçi”ni Abasov yox, Abasovu “Neftçi” çempion etmişdi.

ABBAS

312056050 660976915397346 1731120074665555764 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp